“Mən heç vaxt “düymə basan” deputat olmamışam”
Sabir Rüstəmxanlı: “Hər zaman sözümü açıq demişəm, xalqı narahat edən məsələləri parlamentə qaldırmışam”
Oktyabrın 20-də Milli Məclisin sonuncu iclası keçirilib. İclasda növbəti parlament seçkilərində deputatlığa namizəd olmaqdan imtina edən parlamentarilərdən bəziləri çıxış etsələr də, digər deputatlara Milli Məclisdə son sözlərini söyləmək qismət olmayıb. Parlamentdə danışa bilməyən deputatlardan biri də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı olub.
Əslində S.Rüstəmxanlıya söz verilib, lakin o, həmin anda telefonla danışdığı üçün iclasda çıxış edə bilməyib. Xatırladaq ki, indiyə qədər parlamentin bütün çağırışlarında millət vəkili seçilən VHP sədri budəfəki Milli Məclis üzvlüyünə namizədliyini irəli sürməyib. Bəs görəsən, S.Rüstəmxanlı sonuncu çıxışında hansı məsələlərə münasibət bildirmək istəyirmiş? Bu və digər məsələlərlə bağlı "Şərq”in suallarını cavablandıran Xalq şairi maraqlı açıqlamalar verib...
- Sabir bəy, parlamentin sonuncu iclasında çıxış etmək imkanınız olmadı. Hansı məsələlərlə bağlı danışmaq istəyirdiniz?
- Həmin gün cari məsələlərin müzakirəsi olmadı deyə mən də həmin problemlərlə bağlı demək istədiklərimi axıra saxladım. Çünki çıxışım o biri məsələlərin heç birinə uyğun gəlmirdi. Təbii ki, əsas fikrim Milli Məclisdə son sözümü demək idi. 25 illik Məclis həyatımdan sonra parlamentdə bəzi şeyləri demək istəyirdim. Amma çıxış üçün məndən başqa da yazılanlar oldu. Düzü, bilmirəm həmkarlarım hansı məsələlərlə bağlı çıxışa yazılmışdılar. Həmin gün Məclisdə ikinci növbə işləmədiyinə, deputatlığa namizədlərin çoxu seçicilərlə görüşə tələsdiyinə görə, iclası tələm-tələsik yekunlaşdırmaq istəyirdilər. Bu səbəbdən təkcə mənə yox, yazılanların heç birinə söz verilmədi. Yəni belə münasibət sadəcə mənə qarşı göstərilmədi. İşin gedişatı elə gətirdi. Bəlkə də əvvəlcədən desəydim ki, çıxış etmək istəyirəm, çox güman ki, mənə söz verərdilər.
- Parlamentdə çıxış imkanının yaradılmaması sizdə qırğınlığa, küskünlüyə səbəb oldumu?
- Yox, yox, qətiyyən. Bunlar xırda və əhəmiyyətsiz şeylərdir. Küskünlüyə səbəb olacaq bir məsələ deyil. Parlamentdə o qədər olub ki, dəfələrlə çıxışlara yazılmışıq, amma bizə söz verilməyib. Onsuz da mənim yazılı çıxışım var, hazırlamışam. Bu gün, ya sabah onu mətbuatda yayacam. Yəni parlamentdə mənə söz verilməyibsə, o demək deyil ki, başqa heç harda danışa, fikirlərimi deyə bilmərəm. İstədiyimi mətbuat vasitəsilə ictimaiyyətə çatdıraram. Əksinə, Milli Məclisdə çıxış etməməyim bəlkə də yaxşı oldu. Çünki deputatlar tələsirdi, hamının fikri başqa yerdəydi. Elə bir şəraitdə sözlərimə yəqin ki, ehtiyac olmayacaqdı.
- Deputatlığa namizəd olmadınız. Bu qərarla bağlı təəssüf hissi keçirirsizmi?
- Yox, səmimi deyirəm. Deputatlığa namizədliyimi verməməyimlə bağlı ürəyimdə ciddi narahatlığım, nigarançılığım yoxdur. Bundan əmin ola bilərsiz.
- Növbəti parlament seçkisində namizəd olmaq niyyətiniz varmı?
- Onu Allah bilər, Allah bizə can sağlığı versin (gülür). 5 il uzun müddətdir, baxaq görək nə olur. Əslində o qədər ciddiyə almıram bu məsələləri, boş şeylərdir. Məncə, millət vəkili olmaq şərt deyil. Əsas odur ki, yaşayaq və ürəyimizdəki sözü deyə, yaza bilək. Tanıyanlar bilir ki, mən heç vaxt dörd divar deputatı və ya "düymə basan” deputat olmamışam. Hər zaman sözümü açıq demişəm, xalqı narahat edən məsələləri parlamentə qaldırmışam. Əgər hansısa məsələlərdə ürəyimi boşalda, fikrimi xalqa çatdıra bilməmişəmsə, bunu parlament tribunası olmadan da televiziya, mətbuat vasitəsilə edə bilərəm. Yəni imkanım var ki, hər cür vasitə ilə sözümü deyim. Mən özümü millətimdən ayrı hesab etmirəm. Eyni zamanda vəkillik sözünü də deputat sözünün ekvivalenti kimi qəbul etmirəm. Mənim anlamımda "millət vəkili” daha geniş məna ifadə edir. Ona görə də bu missiyanı özümün halal haqqım bilirəm.
- Partiya sədri kimi siyasi fəaliyyətinizi davam etdirmək fikriniz var, yoxsa özünüzü tamamilə yaradıcılığa verəcəksiniz?
- Sədrlikdə qalıb-qalmayacağımı qurultay həll edəcək. Bilirsiz, bizim həyatımız elədir ki, əgər yazıçısansa, yəni əlində qələm varsa, istəsən də siyasətdən uzaq qala bilməzsən. İşimiz yazmaqdır, hətta evdə tək oturub yazsaq belə, yenə də yazılarımızın hamısında günün ab-havası var, siyasət var. Ona görə də siyasətdən uzaq yaşamaq mümkünsüzdür. Sözün düzü, özümün də siyasətdən tam ayrılmaq fikrim yoxdur. Çünki mən Dünya Azərbaycanlıları Konqresinin həmsədriyəm. Bilirsiz ki, DAK-ın işi də siyasətlə bağlıdır. Dil qurumu da siyasi məsələlərdən uzaq deyil. Həmçinin, siyasi partiya sədriyəm. Partiya da birbaşa siyasətlə məşğuldur. Yəni hələlik siyasətdən uzaq olduğumu söyləmək olmaz. Qurultaydan nə qərar çıxacağını isə zaman göstərəcək.
- Yəqin ki, bundan sonra parlamentə sərf etdiyiniz vaxtınızı yaradıcılıq işlərinə sərf edəcəksiz?
- Şübhəsiz. İşim həddindən artıq çoxdur. Nə darıxmağa vaxtım var, nə də başqa şey haqqında düşünməyə. Üzərində işlədiyim xeyli əsərlər var. Çalışacam ki, vaxtımın çoxunu yaradıcılığıma sərf edim.
İsmayıl