Prezident İlham Əliyev: “...Gürcüstanda yaşayan azərbaycanlılar rahat yaşasınlar, özlərini yaxşı hiss etsinlər”Prezident İlham Əliyev Azərbaycan şirkətlərini soydaşlarımız üçün yeni iş yerləri yaratmağa çağırıb
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Marneuli şəhərində azərbaycanlılarla görüşüb. Görüşdə Gürcüstan prezidenti Georgi Marqvelaşvili də iştirak edib. Prezident İlham Əliyev çıxışında bildirib ki, Marneuliyə ilk səfərini 2004-cü ildə edib və indi bölgədə böyük iqtisadi və infrastruktur dəyişiklikləri getdiyini görüb.
O, Gürcüstana iki günlük səfərinin uğurlu keçdiyini vurğulayıb: "Gürcüstan-Azərbaycan əlaqələri yüksək sürətlə inkişaf edir. Ötən gün Bəyannamə imzaladıq. Bu sənəddə əməkdaşlığın bütün aspektləri öz əksini tapıb. Bizim əməkdaşlığımızın gözəl tarixi və gələcəyi var. Əlaqələrimiz strateji səviyyəyə qalxıb. Bu gün mən Marneuliyə gəlmişəm. Əminəm ki, Gürcüstandakı fəaliyyətimiz əlaqələrin inkişafında mühüm rol oynayacaq. Gürcüstanda yaşayan azərbaycanlılar, həm də Azərbaycanda yaşayan gürcülər, bizim əməkdaşlığımızı daha da möhkəmləndirir”.
"Azərbaycan qardaş ölkə kimi Gürcüstana daim qayğı göstərir”
Gürcüstan Prezidenti Marqvelaşvili azərbaycanlıların Gürcüstan dövlətçiliyinin inkişafına böyük töhfə verdiyini söyləyib: "Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğu və qarşılıqlı münasibətləri yüksək səviyyədədir. Azərbaycan Gürcüstan iqtisadiyyatının inkişafına böyük sərmayə qoyub. Bunu qiymətləndirməmək olmaz. Bu, Azərbaycanın qardaş ölkə kimi Gürcüstana göstərdiyi qayğıdır”. Görüşdə Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Dəmyə-Görarxı kənd icra nümayəndəsi Heydər Musayev və başqaları çıxış edərək həyata keçirilən işlərdən və azərbaycanlıların problemlərindən söz açıblar.
"Biz çalışırıq ki, azərbaycanlılar Gürcüstanda yaxşı yaşasınlar”
Prezident İlham Əliyev Azərbaycan şirkətlərini soydaşlarımız üçün yeni iş yerləri yaratmağa çağırıb. Ölkə başçısı bəyan edib ki, Gürcüstanda aparılan danışıqlar iki dövlət arasında əlaqələrin yüksək sürətlə inkişaf etdiyini göstərir: "Gürcüstan-Azərbaycan əməkdaşlığının böyük tarixi var: "Bu gün Gürcüstan və Azərbaycan qardaş ölkə kimi regionda böyük layihələr icra edir və bundan sonra da bu layihələri həyata keçirmək üçün əlimizdən gələni edəcəyik”. Dövlət başçısı qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan çoxmillətli, çoxkonfensiyalı ölkələrdir: "Bizim ölkələrimizdə xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayır. Bu, bizim böyük uğurumuz və nailiyyətimizdir. Biz çox istəyirik ki, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər ölkələrinin ictimai-siyasi həyatında mühüm rol oynasınlar və öz ölkələrinin dəyərli vətəndaşları kimi inkişafa töhfə versinlər. Eyni zamanda öz tarixi köklərini unutmasınlar. Mən istəyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar rahat yaşasınlar. Onların iş yerləri ilə təmin edilməsi üçün daha ciddi addımlar atılsın, özlərini yaxşı hiss etsinlər və Gürcüstanın dəyərli vətəndaşları kimi ölkənin ümumi inkişafına öz töhfələrini versinlər. Gürcüstanda yaşayan azərbaycanlılar həmişə Gürcüstan dövlətçiliyinə dəstək veriblər və yaxşı vətəndaş olublar. Belə də olmalıdır, çünki siz bu torpaqlarda əsrlər boyu yaşamısınız. Bu gün xalqlarımızı birləşdirən tarixi əlaqələr, çoxəsrlik dostluq, qardaşlıq münasibətləri, eyni zamanda bugünkü Gürcüstan-Azərbaycan əlaqələri sizin də həyatınıza müsbət təsirini göstərir”. Prezident Marneuli Gənclər Mərkəzində və Çay Evində həyata keçirilən layihələri, gürcü dilinin öyrənilməsini müsbət dəyərləndirib: "Siz bu dili bilməklə Gürcüstanın dövlətçiliyinə töhfə verirsiniz”. Azərbaycan Prezidenti Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərini bu ölkədə yaşayan azərbaycanlılar üçün yaxşı şərait yaratmağa çağırıb: "Onlar Gürcüstana investisiya qoymağa davam etməlidir, yeni iş yerləri, logistika mərkəzləri, ictimai yerlər yaradılmalıdır. Biz gələcəkdə də çalışacağıq ki, siz yaxşı yaşayasınız və həm Azərbaycanı, həm də Gürcüstanı sevəsiniz”.
Azərbaycan Gürcüstanda investisiya layihələri həyata keçirir
Prezident İlham Əliyev gürcü həmkarı ilə Marneuli rayonunda fəaliyyət göstərən soyuducu anbar kompleksi ilə də tanış olublar. Dövlət başçılarına məlumat verilib ki, "Aqroinvest 146” Məhdud Məsuliyyətli Cəmiyyətin soyuducu anbar kompleksi bu il aprelin 18-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Candar qəsəbəsində istifadəyə verilib. İki hektar ərazini əhatə edən kompleksə ofis və yardımçı binalar, 12 soyuducu və bir saxlama kamerası, transformator və təhlükəsizlik binaları, çəki məntəqəsi və su anbarı daxildir. Bu müəssisə Gürcüstanda fəaliyyət göstərən ən böyük soyuducu anbar kompleksidir.
Soyuducu kameraların sahəsi 4250 kvadratmetrdir. Ət və balıq məhsulları üçün nəzərdə tutulan iki kameranın - 5 dərəcədən - 20 dərəcəyədək soyutma imkanı var. Digər 10 kamerada meyvə-tərəvəz və çərəz saxlanılacaq. Soyuducu anbar kompleksi 2100 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları və min ton çərəzin saxlanılması üçün nəzərdə tutulub. Kvemo-Kartli regionuna xidmət göstərən kompleks Azərbaycanın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri çərçivəsində istifadəyə verilib. Tikintisinə 2013-cü ilin martında başlanan obyektdə inşaat işləri "Akkord Georgia” şirkəti tərəfindən həyata keçirilib.
"Ölkə başçısının Gürcüstan səfəri problemləri həll edəcək”
Prezidentin Gürcüstan səfərini dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib ki, Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. İllərdir ki, biz neftimizi və qazımızı bu ölkə üzərindən dünya bazarına çıxarırıq. Buna baxmayaraq, son həftələr yaranmış vəziyyətlə bağlı bir neçə sual yaranıb. Həmin suallara cavab tapmaq lazımdır. Düşünürəm ki, İlham Əliyevin Gürcüstana səfəri ilə bu suallara cavab tapılacaq. Məsələ burasındadır ki, Gürcüstan hakimiyyəti son zamanlar qaz məsələsinə görə Rusiya ilə müəyyən danışıqlar aparır. Əlbəttə, bu, onların hüququdur. Gürcülər istəyir ki, təkcə Azərbaycandan yox, Rusiya və İrandan da qaz alsınlar. Amma burada bir məsələ var, biz Gürcüstana qazı güzəştli qiymətlərlə veririk. Bu ölkədə Azərbaycanın böyük kreditləri var. Ölkəmiz Gürcüstanda bu sahədə böyük işlər görüb. Ona görə də güman etmirəm ki, Gürcüstanın Rusiyadan və İrandan qaz istəyi tezliklə reallaşacaq”. Politoloqun sözlərinə görə, Tiflis Moskvadan qaz almaq üçün bu istiqamətdə danışıqlar aparmaqda maraqlıdır: "Belə olan halda biz də öz siyasətimizdə dəyişiklik etməliyik. Əvvəl Gürcüstana güzəştli qiymətlərlə qaz satırdıq. Amma indi onların diqqətinə çatdırmalıyıq ki, əgər siz Rusiyadan baha qiymətə qaz alacaqsınızsa, onda biz də qiymətlərimizi ona uyğun dəyişəcəyik. Azərbaycanın Gürcüstana birinci mesajı bu ola bilər. İkinci tərəfdən, Ermənistan Prezidenti də yaxın günlərdə Gürcüstana səfər edib. Ermənilər çox çalışır ki, İran qazı Ermənistan və Gürcüstan üzərindən daşınsın. Bu istiqamətdə bizim də istəklərimiz var. Azərbaycan isə öz növbəsində çalışır ki, İran və Rusiya arasında enerji və nəqliyyat koridoruna çevrilsin. Düşünürəm ki, ölkə başçısının Gürcüstan səfərində bütün bu məsələlər öz həllini tapacaq”.
İsmayıl