Nazpəri Dostəliyeva: “Belə uşaq barədə açıqlama verməyə lüzum görmürəm”
Xalq artisti Nazpəri Dostəliyevanın prodüserinin instaqram səhifəsində bayraq rəzaləti əslində bəzi sualların yaranmasına səbəb olur.
Niyə məhz Nazpəri Dostəliyeva ölkə başçısına müraciət etdikdən sonra, mətbuat konfransı keçirərək mediadan dəstək istərkən bu olay baş verdi? Bu, Xalq artistinə qarşı aparılan qara piarın kampaniyasının növbəti ssenarisi ola bilərmi? Nazpəri Dostəliyevanı onun işçisinin əli ilə vurmaq daha rahat və məntiqli deyilmi? Xalq artistinin prodüserinin başqalarının sifarişi ilə belə bir rəzalətə əl atması mümkündürmü? Bir sözlə, bu, Nazpəri Dostəliyevaya qarşı təxribat ola bilərmi?
Hər halda Nazpəri Dostəliyeva o qədər cahil biri deyil ki, düşmən bayrağını instaqram səhifəsində bölüşsün. Əslində burada söhbət təkcə Nazpəri xanımın Xalq artisti və ya tanınmış olmasından da getmir. Burada milli maraqlardan söhbət gedir. Nazpəri xanım da bu millətin bir qızıdır və azərbaycanlı qanı daşıyan heç kimsə erməni bayrağını paylaşmaz. Bunu xanım sənətçinin etdiyini də düşünmək ən azı ağılsızlıq olardı. Xatırladaq ki, Xalq artisti Nazpəri Dostəliyevanın "Səhifəmdə erməni bayrağı paylaşan dostum ola bilməz” ifadəsinə ötən gün ayrıldığı prodüseri Mikayıl Hüseynovdan cavab gəlib.
Prodüser müğənninin ünvanına sərt sözlər deyib: "İnstaqramda əlim dəyib, bir fotonun altına bilmədən erməni bayrağı qoymuşdum. Sonra dərhal sildim. Amma Nazpəri xanım açıqlama verib ki, guya, buna görə məni işdən qovub. Əsla belə deyil. Mən işdən öz istəyimlə ayrılmışam. Kimsə məni işdən qova bilməz. Haqqımda bir də yalan müsahibə versə, əlimdəki bütün faktları saytlara yayacam. Ondan sonra hamı biləcək, mən qovulmuşam, yoxsa özüm getmişəm. Artıq-əskik danışmasın”.
Nazpəri Dostəliyeva bu məsələyə münasibət bildirmək istəməsə də, "Şərq”ə qısa açıqlama verdi: "Mənim açıqlamama ehtiyac qalmır. Özü etiraf edib ki, bayraq fotosunu o səhifəmdə bölüşüb. Deyir ki, guya, bilmədən edib. Allahı bilir. Mən o insan haqqında danışıb onu gündəmə gətirməyə ehtiyac duymuram. Bu barədə də danışmağa dəyməz”. Maraqlandıq ki, bu, Xalq artistinə qarşı təxribat ola bilərmi? Nazpəri Dostəliyeva sualımıza cavab verərək "Bəli, tam razıyam, bu, mənə qarşı aparılan təxribat idi. Niyə o bayraq məhz mətbuat konfransından sonra sosial şəbəkədə yerləşdirildi. Yenə deyirəm, mənə qarşı aparılan qara piarın bir hissəsidir. Göz qabağında baş verən hadisəyə şərh verməyə ehtiyac duymuram. Sadəcə səliqəli, mədəni şəkildə mən yanımda olan insanı uzaqlaşdırdım. O, mənim barəmdə nə danışa bilər ki? Nazpəri xanım o qədər özünə hörmət edir ki, belə uşaqlar barədə açıqlama verməyə lüzum görmür” bildirdi.
Tahirə