Elçin Behbudov: “Əgər sabah o hardasa Azərbaycanın əleyhinə danışarsa və burda işgəncə gördüyünü deyərsə, onu öz səs yazısı ilə ifşa edəcəyik”
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun Azərbaycanda əsir olan erməni hərbçisi Qriqoryanla görüşməsi və görüşü əks etdirən fotoların mediada yayılması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bəzi KİV-lərdə və sosial şəbəkələrdə erməni əsirə həddindən artıq yaxınlıq göstərən hüquq müdafiəçisinin bu davranışı sərt şəkildə tənqid olunub. Etiraz edənlər torpaqlarımızı işğal edən və əsgərlərimizə güllə atan erməni əsirlərinə qarşı xoş rəftar göstərilməsinin qəti əleyhinə çıxıblar.
Amma erməni əsirə göstərilən mülayim davranışı təqdir edənlər də çox olub. Onların fikrincə, azərbaycanlılar qaniçən ermənilər kimi davrana, düşmənin hərəkətlərini təkrar edə bilməz. Əksinə, belə rəftar etməklə xalqımızın və dövlətimizin nə qədər tolerant, humanist olduğunu bütün dünyaya nümayiş etdirmək daha məqsədəuyğundur. Xatırladaq ki, Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub. Ermənistandakı acınacaqlı vəziyyətdən dolayı çoxlu sayda əsgərin Azərbaycana keçmək istədiyini deyən Qriqoryan bildirib ki, gözlədiyinin əksi olaraq o, burada normal qarşılanıb və doyunca yemək-içməklə təmin olunub. Bu yaxınlarda erməni əsgərə baş çəkən hüquq müdafiəçiləri də onun yüksək səviyyədə saxlandığını bildirib.
Bir sıra media orqanlarında dərc olunan tənqidi yazılara və barəsində söylənilən ağır ittihamlara münasibət bildirən Elçin Behbudov "Şərq”ə verdiyi açıqlamada əleyhinə deyilənləri boş və mənasız cəfəngiyyat adlandırıb: "Mən hüquq müdafiəçisiyəm, müstəqil insanam. Əlbəttə, Elçin Behbudov hamı üçün yaxşı ola bilməz. Sevənlərlə yanaşı, bizi istəməyənlər də az deyil. Ancaq o cür tənqidləri ancaq millətini və dövlətini sevməyən adamlar edə bilər. Bizim Qriqoryanla görüşümüz siyasi məqsəd daşıyırdı. Yadınıza gəlirsə, bundan əvvəl Azərbaycana Ermənistandan könüllü şəkildə erməni ailəsi gəlmişdi. Burada normal qarşılansalar da, hər cür şəraitlə təmin olunsalar da, Ermənistana qayıtdıqdan sonra onlara ağır işgəncələr verildiyini deyərək əsassız və yalan iddialar irəli sürdülər. Görüşümüz də məhz bu cür iddiaları çürütmək məqsədi güdürdü. Mən Qriqoryanın səsini yazmışam. Əgər sabah o hardasa Azərbaycanın əleyhinə danışarsa və burda işgəncə gördüyünü deyərsə, onu öz səs yazısı ilə ifşa edəcəyik”.
E.Behbudovun sözlərinə görə, ermənilər azərbaycanlı girovların, Dilqəm Əsgərov və Şahbaz Quliyevin başına min cür oyun açırlar. Amma görün Azərbaycan dövləti və xalqı necə humanistdir ki, bizə sığınmış əsgərə qarşı bu cür xoş münasibət göstərir: "Həmin erməni əsgər kəşfiyyatçı deyil. Öz ölkəsindəki dözülməz şəraitə etiraz olaraq ağ bayraq qaldırıb bizim tərəfə keçib. O deyirdi ki, erməni əsgərlər bölük komandirləri və çavuşlar tərəfindən mütəmadi olaraq döyülür, təhqirlərə məruz qalırlar. Əgər digər erməni əsgərlərinin imkanı olsa, onlar da dərhal Azərbaycan tərəfə keçərlər. Görün erməni ordusunda vəziyyət hansı səviyyədədir ki, əsgərlər könüllü olaraq düşmən hesab etdikləri ölkəyə pənah aparırlar. Mən də bildirdim ki, ermənilər öz əsgərlərinə dözülməz işgənclər verirlər. Onları ac-susuz, soyuq kazarmalarda yatızdırır, vaxtı keçmiş, iylənmiş yeməklər verirlər. Amma könüllü Azərbaycana keçən ermənilər burada üç dəfə yemək yeyir və isti yerlərdə yatır və vaxtında çimirlər. Bizim göstərmək istədiyimiz budur. Belə görüşlər dövlətçiliyimizə lazımdır”.
Hüquq müdafiəçisi görüşlə bağlı başqa iddiaların ortaya çıxdığını da bildirib: "Hətta bəziləri dedilər ki, guya, azərbaycanlılar həmin erməni əsgəri o qədər döyüblər ki, o, yıxılmamaq üçün bizdən tutub. Belə vicdansızlıq olar?! Bu necə yanaşmadır? Axı bizi beynəlxalq təşkilatlar izləyir. Şübhə etmirəm ki, bu işdə üçüncü qüvvə var. Onlar ölkədə çaxnaşma yaratmaq, Azərbaycan dövlətçiliyinə zərbə vurmaq istəyirlər”.
İsmayıl