
“Mənə qarşı təhdidlərin arxasında QMİ-nin rəhbərliyi dayanır”
Elşad Miri: “Həmin şəxslərlə bağlı müvafiq qurumlara müraciət ediləcək”İlqar Altay: “O dərəcədə özbaşınalıq, sərbəstlik yaranıb ki, onlar açıq şəkildə insanları təhdid edir, ölümlə hədələyirlər”

Azərbaycan sələfilərinin lideri kimi tanınan Qamət Süleymanov və onun ən yaxın adamı Useyd Turabov tanınmış ilahiyyatçı Elşad Mirini ölümlə hədələyiblər. Adı çəkilən şəxslər sosial şəbəkədə təhdid dolu video paylaşıblar. Daha sonra Qamət Süleymanovun qardaşı Yaşar Süleymanov və Kamal Hüseyn adlı sələfi də bu antitəbliğata qoşulub. Məlumat üçün deyək ki, sələfi Q.Süleymanov Elşad Mirini ilahiyyatçı deyil, jurnalist adlandıraraq, tərəfdarlarını ondan uzaq olmağa çağırıb. Useyd Turabovun videosu isə daha təhlükəlidir. Bu şəxs konkret olaraq, E.Mirini ölümlə təhdid edib və deyib ki, əgər o, Səudiyyə Ərəbistanında olsaydı və tövbə etməsəydi, dərhal edam edilərdi”.
Üzləşdiyi təhlükə ilə bağlı "Şərq”ə danışan ilahiyyatçı-alim Elşad Miri indiyə kimi çox təhdidlər aldığını deyib: "Son zamanlar mətbuata verdiyim iki müsahibədən dolayı məni yenidən ölümlə hədələməyə başlayıblar. Bakıda "İlahiyyat” məscidi var. Mən də ibadətlərimi həmin məsciddə edirəm. Orada xütbə oxuyan imam əleyhimə danışır, mənə qarşı təbliğat aparır. Özünü "sələf” adlandıran, "elm tələbəsi” sayan adamlar, hətta mənimlə münasibəti olan şəxslər əleyhimə aparılan təbliğatda fəal iştirak edirlər. Sanki mənə ismarıc verirlər, mesaj göndərirlər. Üzdə görünməyən, kənarda qalan şəxslər də bu məsələdə birbaşa rol oynayır”.
E.Miri bildirib ki, əgər bu gün QMİ-nin rəhbərliyindən icazə gəlməsə, heç bir məsciddə kiminsə əleyhinə çıxış edilə bilməz: "Faktiki olaraq bu gün həmin qurumun, əsas da bu məsələlərə baxan, məscidlərə imam təyin edən, xütbələri hazırlayan şöbə konkret olaraq əleyhimdə xütbələr verilməsinə şərait yaradır. Halbuki indi əsas müzakirə mövzusu Nardaranda baş verən arzuolunmaz hadisələrdir. Mən gözləyirdim ki, məsciddə cümə xütbəsi Nardaran hadisələrinə həsr olunacaq və radikallıqla bağlı söhbət aparılacaq. Əksinə, mənim onların arasında yerimin olmadığını bildirərək, ibadət ocağında iğtişaş yaratmağa rəvac verirdilər. Halbuki namaz vaxtı mən də həmin məsciddəydim və bir çox müsəlman kimi cümə xütbəsinə nəsə öyrənməyə getmişdim. Lakin biz məsciddə qeybət eşitdik. İndi sələfilərin üzdə olan adamları məsələni davam etdirməyə çalışır. Əminəm ki, burada konkret olaraq QMİ-nin rolu var”.
İlahiyyatçının sözlərinə görə, Q.Süleymanov, Useyd Turabov, Ramil Soltanov və pərdə arxasından dirijorluq edən digər şəxslər ona qarşı ümumi kampaniyaya başlayıblar: "Onlar iddia edirlər ki, guya mən ilahiyyatçı yox, jurnalistəm. Həmçinin, həmin qrup verdiyim müsahibələri kontekstdən çıxardaraq fərqli istiqamətlərə yozmağa çalışırlar. Türklər demişkən, mənə "əba altından çomaq göstərirlər”. Bütün bu ittihamlarla bağlı video-material hazırlayıb mətbuatda yaymışam. Dost millət vəkilləri də məni müdafiə ediblər, sağ olsunlar. Təbii ki, məsələnin bu həddə çatmasına təəssüf edirəm. Ancaq təhdid ciddi olduğu üçün həmin şəxslərlə bağlı müvafiq qurumlara müraciət ediləcək. Xeyir Allahdandır. Mənim Allahdan başqa heç kimdən qorxum yoxdur. Haqq bildiyim yolda yürüməkdə davam edəcəm. Ayağıma batacaq tikanları bu yola çıxanda nəzərə almışam”.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay deyib ki, son günlər dövlət qurumları, ictimaiyyət Nardaran hadisələrinə köklənib deyə digər radikal qruplar yenidən baş qaldırıb: "Azərbaycanda din məsələsində, həqiqi islamın təbliğ olunmasında, radikal qrupların nəzarət altına alınmasında çox ciddi boşluqlar var. Hesab edirəm ki, Dini Komitənin səlahiyyətləri artırılmalıdır. Hüquq-mühafizə orqanları ilə yanaşı, ictimaiyyət də radikalları güclü nəzarətdə saxlamalıdır. Nardaran məsələsi səngiyən kimi digərləri ortaya çıxır. Azərbaycanda radikallaşma çox güclənib. O dərəcədə özbaşınalıq, sərbəstlik yaranıb ki, onlar açıq şəkildə insanları təhdid edir, ölümlə hədələyirlər. Özləri kimi düşünməyən adamları cəzalandırırlar. Bunlar başa düşmürlər ki, Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə fərqli dinlərə qulluq edən, ümumiyyətlə, hansısa dinə ibadət etməyən fərqli düşüncə sahibi insanlar yaşayır. Təhdidlə danışmaq son zamanlar gündəmə gəlib. Əvvəllər belə şeylər yox idi. Belə təhdidlərə qarşı çox ciddi tədbirlər görülməlidir. Harada radikallar baş qaldırırsa, dərhal səsləri kəsilməli, "ağızlarından vurulmalıdır”. Onların kökünü kəsmək lazımdır ki, camaat rahat şəkildə öz işi ilə məşğul olsun”.
İsmayıl