"Mənim partiyaya qarşı heç bir öhdəliyim yoxdur"

Tural Abbaslı: “Adi bir bəhanə ilə istənilən adamı qurumdan uzaqlaşdıra bilirlər”



"Müsavat Partiyası üzvlərinin Nizamnamə pozuntularına baxılacaq”. Bu barədə Müsavat Partiyası Divanın üzvü Nemət Kərimli bildirib. O, partiya üzvləri İltizam Əkbərli və Tural Abbaslının Müsavatın noyabrın 1-də keçirilən parlament seçkilərində iştirakı dayandırmaqla bağlı qərarına əməl etmədiyini xatırladaraq, onlar barəsində tədbir görüləcəyini söyləyib:

"Onlarla bağlı məsələ kollegial qaydada müzakirə olunacaq və Nizamnaməyə uyğun qərar qəbul olunacaq. Nizamnamədə nəzərdə tutulur ki, hər hansı üzv partiyanın qərarına tabe olmursa, ya partiyadan çıxarılır, ya töhmət verilir, ya da xəbərdarlıq olunur. Bu baxımdan onlar partiyadan xaric də oluna bilərlər. Məsələyə konkret nə vaxt baxılacağını isə deyə bilmərəm”.

Tural Abbaslı "Şərq”ə açıqlamasında bildirib ki, bu, qeyri-ciddi məsələdir: "Bununla bağlı bir həftə öncə partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlının mövqeyi vardı. Vurğulayıb ki, təşkilatın seçkiləri boykot etməsi və namizədləri geri götürməsi məsələsinə Tural bəyin aidiyyəti yoxdur. Bir daha təkrar edirəm ki, qurumun boykot qərarı yanlışdır. Bu, öz yerində. Təşkilat seçkiyə getmirsə, namizədlər namizədliyini geri götürsünlər iddiası partiya namizədliklərini təşkilatın siyahısı ilə irəli sürənlərə aid idi. Mənsə şəxsi təşəbbüslə namizədliyimi vermişdim. Bu da deməyə əsas yaradır ki, mənim partiyaya qarşı heç bir öhdəliyim yoxdur”.

T.Abbaslının sözlərinə görə, hazırda təşkilatda elə bir mühit formalaşıb ki, adi bir bəhanə ilə istənilən adamı qurumdan uzaqlaşdıra bilirlər: "Artıq bu siyasət güdülür. Bu, ümumi partiyanın deyil, qurumdakı bir qrupun marağıdır. Nemət bəyin açıqlaması onu göstərir ki, təşkilat daxilindəki iki strukturun biri-birindən məlumatı yoxdur. Gülağa Aslanlı bir söz deyir, Nemət başqa söz deyir. Sabah da Arif Hacılı çıxıb, tamam başqa bir söz danışacaq. Bir az qeyri-ciddi yanaşıram”.

Müsahibimizin sözlərinə görə, təşkilatdan çıxarma məsələsi müxalifətdə olan təşkilat üçün məqsədəuyğun deyil: "Onlar təşkilatı saldıqları indiki dözülməz durumdan çıxarmaq yolları haqda düşünməlidirlər. Seçkilər, yeni üzvlərin cəlb olması barədə düşünsələr, daha yaxşı olar. Yəni "asarıq-kəsərik” ziddiyyətləri ilə mətbuatın gündəminə gəlmək doğru deyil. Təşkilatı ayağa qaldırmaq lazımdır”.

İltizam Əkbərli isə bəyan edib ki, partiyanın onun haqqında qəbul edəcəyi istənilən qərara hörmətlə yanaşacaq: "Mən seçicilərin qarşısında öhdəlik götürmüşdüm və bu öhdəliyi əsas gətirərək, seçkilərdə iştirak qərarını verdim. Əgər partiya rəhbərliyində mənim məsələm müzakirə olunarsa, qərardan asılı olmayaraq, buna hörmətlə yanaşacağam”.

Ayyət Əhməd