“Mənim yaddaşım yoxdur, özümü proqramlaşdıra bilmirəm”

Alim Qasımov: “Həmişə eşqlə yaşasan kənardan baxan sənə “dəli” deyəcək”“Hərdən rəsmi yerlərdə özümü ciddi aparıram, həm əsəbiləşirəm, həm də yoruluram”
Sevdiyi ətir - "Şeyx”
Sevdiyi fəsil - yay
Sevdiyi yemək - ətsiz yeməklər
Sevdiyi müğənni, xanəndə - Seyid Şuşinski, Hacıbaba Hüseynov
Sevdiyi ölkə - Fransa
Sevdiyi şəhər- Bakı
Sevdiyi içki - su
Sevdiyi maşın markası - əvvəllər "Zaparojes”, hazırda "Mersedes”
Sevmədiyi xasiyyəti - tez aldanması, tez inanması
Sevdiyi rəqəm - 13
İnsanlarda nifrət etdiyi xüsusiyyət - yalan.
Onun ilahi səsi könülləri fəth etdi, sərhədləri aşdı. Dinləyici onun ifasında səslənən muğamları dinləyərkən qəribə bir cazibə ilə muğam sənətinə, muğam musiqisinə vurulur. Hətta muğamdan xəbərsiz, bu musiqidən çox uzaq əcnəbi dinləyici belə bir anlıq o ifanın şahidi olduqda, muğamı sevməyə başlayır. Onun hər çıxışı, hər ifası ürəklərə sirayət edib səngiməz alqışa dönür.
Alim Qasımov Azərbaycan muğamında yeni bir iz açdı.
Dinləyicilər Alimin səsini dinlərkən içlərində bir diksiniş, bir oyanış hiss etməkdədirlər. Dahi Üzeyir Hacıbəylinin musiqimizdə başlatdığı modernləşmə dalğaları Qasımov ifaçılığında zirvəyə çatıb. Çünki Qasımov nəfəsində dünya səslərinin, dünya musiqisinin təsirlərini, yansımalarını duymaq mümkündür. Səs gerçək anlamda öz ideal azadlığına qovuşmuş olur. Dinləyici də bu səs dolayısı ilə xəyalı və inanılmaz iç azadlığına qovuşduğu üçün Alimi dinləməkdən yorulmur. Alim Qasımov sənətində ən önəmli gözə çarpan üstünlük budur. Bu özəllik başqa ifaçılarda çox zəif ikən, Alim ifaçılığında ən yüksək yerdədir.
Alim Qasımov ifaçılığında mühafizəkarlıq və sonsuz özgürlük duyğularının qarşılaşması dinləyicini haldan-hala yüksəltməkdədir. Dinləyicidə varlıq, insan və həyat haqqında geniş ölçülü təsəvvürlər yaranır. Qasımov, dinləyicini tanış olmadığı, ancaq sırf bu səs aracılığı ilə tanışdığı "ora”lara aparır.
Muğmı ifası ilə könülərə dərin iz buraxan Alim Qasımovu bir az da yaxından tanıyaq.
Alim Qasımov barədə yazıbda, onunla həmsöhbət olmamaq günah olardı. Xalq artisti "Şərq”ə növbəti müsahibəsini verdi. Səmimiliyini, səbrini, sadəliyini itirməyən Alim Qasımovla söhbətimizi oxucularımızla bölüşürük.
- Muğam deyəndə, bu sənəti ölkəmizdə və xaricdə zirvələrə qaldıran, ona böyük sevgi qazandıran ustad sənətkar kimi siz yada düşürsünüz. Fikrimizcə, bu, sizin muğama böyük sevgi ilə yanaşmağınızın nəticəsidir. Bilmək istərdik, bu sevgi sizdə nə vaxtdan yaranıb?
- Muğamı nə evdə, nə də məktəbdə öyrənmişəm. Mən bunu toy məclislərində, dostlar arasında, şənliklərdə oxuya-oxuya mənimsəmişəm. Elə olurdu ki, bir muğamı dəfələrlə oxuyurdum. Beləliklə, məndə bu sənətə qarşı sevgi yaranmağa başladı. Sanki oxuya-oxuya özümə qulaq asır, zövq alırdım. Hətta muğam ifa edəndə gözümdən yaş da gəlirdi, ağlaya-ağlaya oxuyurdum. Sanki başqa bir aləmdə olurdum. Məndə bu sənətə qarşı belə sevgi yarandı. Sonra xaricdə konsertlər verməyə başlayanda gördüm ki, bu hisslər muğamı dinləyən əcnəbilərə də tanışdır. Ona görə də onlar mənim ifamda muğamı dinləyəndə ondan zövq ala bilirdilər. Etiraf edim ki, konsertlər zamanı onları muğamın sehrinə salmaq çətindir. Ancaq sənətçi muğamı onların dərk edə biləcəkləri səviyyədə ifa edəndə istəyinə nail olur.
- Alim bəy, başqa bir aləmə düşmək və sonra yenə bu dünyaya qayıtmaq... Bu hissləri sözlə ifadə etmək çətindir. Ancaq o ali hissləri mümkün qədər bizimlə bölüşmənizi istərdik.
- Bilirsiniz, canlı aləmdən ayrılmasan, eşqlə yaşamasan, dinləyicilərə həmin hissləri çatdıra bilməzsən. Ancaq onu da deyim ki, həmişə eşqlə yaşasan, kənardan baxan sənə "dəli” deyəcək. Ona görə çalışırıq ki, ancaq səhnədə muğam ifa edəndə o hala düşək. Konsertdən bir neçə saat keçəndən sonra isə yenə qoşulursan cəmiyyətə və olursan həmişəki adam.
- Siz muğamı xalça üzərində bardaş quraraq, şam işığında oxuyursunuz. Bu barədə də söz açmağınızı xahiş edirik.
- Muğam oxuyanda müəyyən elementlər (gur işıq, görkəm, insanların üzləri və sairə) mənə maneə törədir. Ona görə də çox vaxt gözlərimi yumuram və çalışıram ki, belə şeyləri görməyim. Necə deyərlər, özümü onlardan təcrid etməklə qaranlığa qərq olur və eşqi yaşayıram. Qaranlıqda, şam işığında muğam oxumağım da bundan irəli gəlir.
- Alim bəy, muğamda yeni bir iz açdınız. Bəs bu izin gələcəyini necə görürsünüz?
- Hər bir ustad istəyər ki, sənətinə yenilik gətirsin. Ancaq bir Allah şahiddir ki, mənim gətirdiyim yenilik özümdən əsla asılı olmayıb. O ki qaldı bu yolun gələcəyinə, yəqin ki, haçansa yad olunacaq, nə vaxtlarsa qulaq asacaqlar.Müəyyən fikir söyləyənlər də olacaq.
- Yoldaşınızı sevdiyiniz üçün qaçırmısız. Bu gün ona olan sevginizi hansısa romantik jestlərlə göstərə bilirsiz?
- Vallah bilmirəm. Romantik jest nə deməkdir ki? Nə bilim... Onu təəccübləndirən o qədər jestlər, hadisələr olub ki, əgər buna romantika demək olarsa, etmişəm. Hərdən kefim yaxşı olub, elə maraqlı hədiyyə etmişəm ki, çaşıb qalıb.
- Əvvəllər yoldaşınızı incitdiyiniz vaxtlar da olub. Bu gün də incidirsiz?
- Cavan vaxtı olub. İndi yox. Daha yaşlanmışıq. İndi biri-birimizə hörmət var. Əsas odur.
- Muğam sizin həyatınızı nə qədər dəyişə bildi?
- Muğam bütünlükdə həyatımın axarını dəyişdi. Muğam mənə tərbiyəçi oldu, həyatda ayaq üstə durmağı öyrətdi. Muğam Alimi böyütdü, yetişdirdi.
- Alim Qasımov ifası ilə bir vaxtlar hamını təəccübləndirə bilib. Bəziləri deyir ki, artıq Alim məni təəccübləndirə bilməz. Siz necə düşünürsüz, Alim Qasımov bu gün də dinləyicini ifası ilə təəccübləndirə bilir?
- Allahın izni ilə səs imkan versə, mən işlərimlə yenə təəccübləndirməyə çalışıram. Düzdür, əvvəlki cavanlıq səsi ilə indiki səs arasında fərq var. Ancaq çalışırıq ki, yeni layihələrlə tamaşaçı qarşısına çıxaq.
- Qanınız qara olanda hansı muğamla ovunursuz, dilinizdə hansını zümzümə edirsiz?
- Baxır həmin anda mənim əhvalımın nə istəməyinə. Nə içimdən gəlirsə, onu ifa edirəm.
- Toylara gedirsiz?
- Dost-tanış məclisinə gedirəm. Niyə getmirəm? Düşəndə, burda olanda gedirəm.
- Təmənnalı?
- Təmənnalı deyəndə ki, dost toyu olursa, heç nə ummuram. Allah bərəkət versin, nə versələr, şükr edirəm. Əsas odur ki, ruzunu Allah versin.
- Kitab oxumaqla aranız necədir?
- Düzünü desəm, heç vaxt kitaba marağım olmayıb. Kitab oxumağı sevməmişəm. Elə əlimə bir-iki qəzəl düşəndə, əzbərləmişəm.
- Bayaq dediniz daha qocalmışam. Qocalıq yaxşıdı, ya cavanlığın öz dadı var?
- Qocalıq budur ki, bütün məsuliyyət yavaş-yavaş səndən gedir. Artıq uşaq, ailə səni çox yukləmir, bilirlər ki, daha sən qocalmısan, əlindən nəsə gəlməz, öz işlərini özləri görməlidirlər. Görürlər ki, daha əlindən heç nə gəlmir, gedirsən oturursan bir ağacın kölgəsinin altında, çay içirsən. Cavanlıqda isə adam daha çox işləmək istəyir, məsuliyyətin çox olur.
- Bəs qadın məfhumu Alim Qasımovun həyatında nə kimi rol oynayır?
- Ağıllı adam üçün qadın anadır, bacıdır, övladdır, həyat yoldaşıdır, dostdur, sevgidir, məhəbbətdir.
- Var bu gün də o sevgi?
- Mənə elə gəlir ki, sevgi illərlə toplaşır və sonda Allaha ünvanlanır. Ən böyük Sevgi Allaha olan sevgidir. İnsan Allahını sevəndə bəndələrə də sevgi ilə yanaşır. Qaldı bir qadına olan sevgi bu belədir də... Ağılla sevgi var, ağılsızcasına yaşanan sevgi var. Ağılla sevmək lazımdı.
(Davamı var)
Tahirə Məmmədqızı