Məqsəd parçalamaqdır: Gürcüstandakı soydaşlarımızın üzərində eksperiment keçirirlər

“İranın Gürcüstanla viza rejimini aradan qaldıraraq, bölgəyə şiəliyi qəbul etdirmək niyyəti də göz önündədir”“Gürcüstandakı azadlıqlardan, demokratiyadan yararlanan vəhhabilər ölkəyə doluşurlar”
Gürcüstan azərbaycanlıları bizim üçün böyük bir dayaqdır. Onların vəhdət şəkildə qalmasına yardım etməliyik
Tiflis yaxınlığındakı Soğanlıq kəndində 23 yaşlı azərbaycanlı gəncin qətlə yetirilməsi Gürcüstanda yaşayan soydaşlarımızın etirazına səbəb olub. Fikrət Əhmədov adlı gəncin öldürülməsinə etiraz edən azərbaycanlılar kənddə aksiya keçiriblər. Aksiyaya qoşulan mərhumun yaxınları və kənd sakinləri bölgədə radikal vəhhabiliyin yayılmasına etiraz ediblər.
Məlumat üçün bildirək ki, F.Əhmədov vəhhabi təriqətinə məxsus azərbaycanlı dostu tərəfindən öldürülüb. Gürcüstanın müxtəlif yerlərindən aksiyaya gəlmiş müsəlmanlar "Vəhhabizm vandalizm!”, "Vəhhabilik islam deyil!” və digər şüarlar səsləndiriblər. Aksiyada çıxış edən Əhli-Beyt məscidinin axundu Hacı Rahid Kərimov, Gürcüstan Müsəlmanları İdarəsinin Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi Hacı Qurban Murquzov və başqaları vəhhabiliyin islam dininə aidiyyəti olmadığını bildirib, bu təriqətə qoşulanları kəskin şəkildə pisləyiblər. Çıxış edənlər vəhhabi təriqətindən olanların Soğanlıq kəndində qarşıdurma yaratmağa cəhd etdiklərini, onların mövqeyini qəbul etməyən kənd sakinlərinə təzyiq göstərdiklərini bildiriblər. Onlar hüquq-mühafizə orqanlarını vəhhabiliyin qarşısını almağa çağırıblar. Ancaq təəssüflər olsun ki, nə yerli hökumət orqanları, nə də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bölgə müsəlmanlarının dərdinə əlac edilməyib. Problemi şərh edən millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında deyib ki, müsəlman ölkələrində din üzərindən cərəyan edən təhlükəli proseslər soydaşlarımızın yaşadığı xristian ölkələrdə də ortaya çıxır: "Ola bilər qrup halında toqquşmaların şahidi olmuruq. Ancaq məlumdur ki, Gürcüstanda yaşayan azərbaycanlılar üzərindən zaman-zaman məkirli eksperimentə cəhd edilir. İranın Gürcüstanla viza rejimini aradan qaldıraraq, bölgəyə şiəliyi qəbul etdirmək niyyəti də göz önündədir. Təbii ki, İran rejimi bununla islam dinini deyil, fars ideologiyasını yaymağa, öz dövlət modelini tətbiq etməyə, tərəfdaş toplamağa çalışır. Digər tərəfdən Gürcüstandakı azadlıqlardan, demokratiyadan yararlanan vəhhabilər ölkəyə doluşurlar. Nəticədə virtual şəbəkələrdə, bir çox hallarda isə məscidlərdə vəhhabi və şiə qrupları üz-üzə qoyulur, bölgədə bilərəkdən məzhəb qarşıdurması yaradılır”. Deputat bildirib ki, son hadisə bizi iki istiqamətdə düşünməyə vadar edir: "Bu, ilk növbədə orada yaşayan azərbaycanlıların parçalanması layihəsidir. Bunu həyata keçirmək istəyənlər soydaşlarımızın gücünü sarsıtmağın ən yaxşı yolunu dini təfriqə yaratmaqda görürlər. Çünki məzhəb davası ucu-bucağı görünməyən sonsuz ixtilaflara yol açır, qan düşmənçiliyi yaradır, nəsillərarası qarşıdurmaya çevrilir. Bu, "biri-birini qırıb qurtarmaq” taktikasıdır. Dünyanın hər yerində bu cür qarşıdurmaları görməkdəyik. Şükürlər olsun ki, Azərbaycanda dini kəsimin vəhdəti qorunur. Könül istərdi bizdəki vəziyyət Gürcüstanda da olsun. Digər tərəfdən Gürcüstandakı azərbaycanlıların siyasi mübarizə duyğularının və dövlət idarəçiliyindəki təmsilçilik imkanlarının gürcü cəmiyyətinə transformasiya etməsinin qarşısını almaq üçün bu cür dini buxovlar yaratmağa cəhd edirlər”.
Z.Oruc bəyan edib ki, Azərbaycan dövləti və müvafiq qurumlar soydaşlarımızın sosial problemləri ilə yanaşı, dini məsələlərə də nəzarət etməlidir: "Problemi aradan qaldırmaq üçün gürcü hökuməti ilə din sahəsində əməkdaşlıq edilməlidir. Bu, o qədər maliyyə vəsaiti sərf edən məsələ deyil. Fikrimcə, QMİ-nin və ya dini komitənin Gürcüstanda xüsusi nümayəndəliyi yaradılmalıdır. Beynəlxalq qanunlar da buna yol verir. Nəzərə almalıyıq ki, Gürcüstan azərbaycanlıları bizim üçün böyük bir dayaqdır. Onların vəhdət şəkildə qalmasına yardım etməliyik ki, soydaşlarımız da yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər”.
İsmayıl