“Mərc oyunları tamamilə ləğv olunmalıdır”

Tahir Kərimli bir ailənin faciəsinə acıdı
“Kökünü axtarıb tapsaq görərik ki, idman mərc oyunları leqallaşdırılmış qumar oyunudur”

Mərc oyunları daha bir ailəyə bədbəxtlik gətirdi. İllərdir, ictimaiyyət nümayəndələri də, ziyalılar da, millət vəkilləri də mərc oyunlarının ailələrin dağılmasına, insanların faciələrlə üzləşməsinə səbəb olduğunu deyir, lakin bu qumar oyunu qadağan edilmir. Əksinə, günü-gündən əhatəsini genişləndirir.

Qeyd edək ki, iki gün əvvəl külli miqdarda qumar borcu olan 30 yaşlı Emin Sadıqov atası, 55 yaşlı Sadiq Sadıqovu bıçaqlayaraq öldürüb, anasına isə bıçaq xəsarətləri yetirib. Belə ki, xeyli vaxtdır, mərc oyunları ilə məşğul olan Eminin külli miqdarda borcu yaranıb və hadisə bu səbəbdən baş verib.
Bildirilib ki, E.Sadıqov məhz qumar borcuna görə oğurluq etdiyi üçün məhkum edilib. 

Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham edilən gənc bir neçə ay əvvəl həbsxanadan çıxıb və köhnə vərdişindən əl çəkməyərək yenidən mərc oyunlarına pul qoymağa başlayıb. Nəticədə çıxılmaz vəziyyətə düşən E.Sadıqov atasından evi satmasını istəyib. Sadiq Sadıqov buna etiraz etdikdə evdə münaqişə yaranıb və oğul atasının döş qəfəsinə çoxsaylı bıçaq zərbələri endirərək onu öldürüb. Emin atasını öldürməsinə mane olmaq istəyən anasını da bıçaqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bəs, görəsən, bu nədən qaynaqlanır? Ümumiyyətlə, mərc oyunlarını ləğv etmək mümkündürmü?
Mərc oyunlarına şəxsi münasibətinin birmənalı şəkildə mənfi olduğunu vurğulayan millət vəkili Tahir Kərimli də bu tip oyunların ailələrə ancaq bədbəxtlik gətirdiyini düşünür: 

"Mən ömrümdə "lotoreya” belə alıb, oynamamışam. Çünki mərc idman oyunlarının kökündə pul uduşları dayanır. Bu da bir növ qumar oyunlarına bənzəyir. Kökünü axtarıb tapsaq görərik ki, idman mərc oyunları leqallaşdırılmış qumar oyunudur. İnsan heç vaxt təsadüfi qazanclara bel bağlamamalı, əksinə, özünə və əməyinə güvənməlidir”.

Mərc oyunlarının cəmiyyətin əmək məhsuldarlığını aşağı saldığını deyən millət vəkili hesab edir ki, bu tip mərc oyunları əslində, gənc nəslin tərbiyəsini pozmağa, onları düz yoldan sapındırmağa gətirib çıxarır: "Gənc nəslimizi mərc oyunlarına cəlb etmək əvəzinə, onları idman oyunlarına yönəltmək, fikrimcə, daha məqsədəuyğun olardı. Əks halda gənclərimiz təhsildən və elmdən yayınır, zəhmətsiz gəlirə aludə olurlar. Bu mənada mərc oyunlarının tamamilə ləğv olunmasının tərəfdarıyam. Adamlar var ki, hətta evlərini belə mərc oyunlarına girov qoyub.”

Şəymən