“Qaydalara əsasən uşaqlar haqqında məlumatlar onların özünün, valideynlərinin və ya himayəsində olduqları şəxslərin razılığı əsasında dərc edilməlidir. Amma elə məsələlər var ki, hətta valideynlərin razılığı olsa bel
Mətbuat uşaqlarla bağlı xəbərə həssas yanaşmalıdır
“Uşaq hüquqları media etikası - jurnalist etikasının əsas prinsiplərindən biri olmalıdır”
“Qaydalara əsasən uşaqlar haqqında məlumatlar onların özünün, valideynlərinin və ya himayəsində olduqları şəxslərin razılığı əsasında dərc edilməlidir. Amma elə məsələlər var ki, hətta valideynlərin razılığı olsa bel
“Qaydalara əsasən uşaqlar haqqında məlumatlar onların özünün, valideynlərinin və ya himayəsində olduqları şəxslərin razılığı əsasında dərc edilməlidir. Amma elə məsələlər var ki, hətta valideynlərin razılığı olsa bel
(... əvvəli ötən sayımızda)
1 İyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Dövlət səviyyəsində uşaq hüquqlarının qorunması istiqamətində ciddi işlər görülür. Azərbaycan uşaqların maraqlarının qorunması ilə bağlı üzərinə beynəlxalq öhdəlik götürüb.
BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşuq. Qanunvericilik təkmilləşdirilir. Dövlət orqanları ilə yanaşı qeyri-dövlət qurumları da bu məsələdə səfərbər olublar. Qanunvericilik bazası formalaşıb, "uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür.
Uşaqlarla bağlı problem hər zaman cəmiyyətin aktual problemlərindən olub və xüsusi diqqət tələb edib. Ancaq bəzi ekspertlər hesab edir ki, son zamanlar mətbuat uşaqların tərbiyəsi, asudə vaxtlarının təşkili ilə bağlı mövzulara toxunmur. Sanki uşaqlar ümumilikdə cəmiyyətin diqqətindən kənarda qalıb. Bu baxımdan ekspertlər mətbuatda uşaq problemlərinin işıqlandırılmasına xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayır.
Onlar hesab edir ki, uşaqların hüquqlarından yalnız hansısa əlamətdar günlərdə və ya layihələrin təqdimatı zamanı danışılmamalıdır, bu hüquqlar hər gün qorunmalıdır. Çünki uşaqlar bizim gələcəyimizdir. Biz də bu sahədə hansısa çatışmazlıqlar olub-olmadığını araşdırmaq üçün bir sıra media nümayəndələri ilə əlaqə yaradaraq uşaqlarla bağlı problemlərin mediada işıqlandırılmasının hansı səviyyədə olduğunu araşdırmağa çalışdıq.
Qeyd edək ki, uşaqlarla bağlı belə durumlarda medianın necə davranmalı olmasını tövsiyə edən yetərli qədər etik qaydalar formalaşıb. Ancaq uşaqlardan bəhs edən xəbərlərdə etik çatışmazlıqlar uşaqlar xəbərin bir parçasına çevrildikləri olaylarda ortaya çıxır. Mediamız zorlama, oğurluq, boşanma, narkotikdən istifadə, intihar, xəsarət yetirmə, öldürmə və başqa durumlarda zərərçəkmiş, təqsirli və ya başqa qismdə cəlb olunan azyaşlıları topluma necə təqdim etməkdə zaman-zaman axsadıqlarını büruzə verirlər. Adətən, məsələnin ciddiliyi nəzərə alınmadan, etik çərçivələr gözlənilmədən onların kimliyi, görüntüləri efirə verilir.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycanda uşaq hüquqlarının qorunması ilə bağlı çoxsaylı işlər görüldüyünü deyib.
Bu sahədə mükəmməl qanunvericilik bazası olduğunu qeyd edən MŞ sədri deyib ki, uşaqların hüquqları haqqında və digər qanunvericilik aktlarında onların hüquqları birmənalı şəkildə qorunur. Azərbaycan dövləti uşaqları himayə edir. Bir neçə gün öncə uşaqlara zərərli informasiyaların verilməsi ilə bağlı qanun layihəsini müzakirə edirdik. Hazırda mükəmməl qanun layihəsi üzərində iş gedir. Televiziya, radio, qəzet və jurnal, həmçinin internet resurslarında uşaqlara verilən informasiyalar təsnifatlaşdırılaraq bir neçə yerə bölünüb.
"Ölkə. az” saytının baş redaktoru Məmməd Gülməmmədov isə təəssüflə qeyd edib ki, cəmiyyətimiz və mediamız əsasən uşaqların problemlərini ən çox iyunun 1-də müzakirə edir, halbuki bu hüquqlar hər gün yada düşməli və qorunmalıdır: "Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üçün görüləsi işlər çoxdur. Bu gün mətbuatda və televiziyada uşaqlarla bağlı layihələrdə belə bəzən uşaqların hüquqları pozulur. Yəni uşağın başına nə gəlirsə açıq-aşkar efirdə göstərilir, mətbuatda yazılır və bununla da həmin uşaq ağır zərbələr alır.
Bəzən hansısa ailə münaqişəsinin ictimailəşməsindən sonra ailəyə məxsus uşağın da adının həmin məlumatlarda hallandırılması, açıq şəkildə işıqlandırılması həmin uşağın psixoloji zərbə alması ilə yanaşı, onun cəmiyyətdən küsməsinə də səbəb olur. Bəzən bəzi həmkarlarımız nəyəsə görə hətta günahsız uşaqların fotolarından istifadə edirlər. Hər hansı bir hadisə baş verdikdə mütləq şəkildə uşağın adı şərti yazılmalı, onun valideynlərinin icazəsi olmadan şəklinin, yaxud ona aid hansısa məlumatın tirajlanmasına yol verilməməlidir. Bununla bağlı ölkə prezidentinin də müvafiq sərəncamı var. Lakin təəssüf ki, bu vəziyyət təkcə portallara da aid deyil. Bəzən televiziyada da belə hallara rast gəlinir. Televiziyaların uşaqlara vurduğu zərbə isə daha böyükdür. Uşaq hüquqları media etikası-jurnalist etikasının əsas prinsiplərindən biri olmalıdır və hər bir jurnalist bu məsələyə diqqət göstərməlidir”.
"Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızının bildiyi bir şey var ki, Azərbaycan mediası bilərəkdən uşaqlarla bağlı problemləri diqqətdən kənarda saxlamır.
A.Camalqızının sözlərinə görə, istənilən halda ekspertlərin bu narahatlığı ciddiyə alınmalı və bundan sonra media nümayəndələri uşaqların hüquqi-sosial problemləri ilə bağlı mövzulara daha çox diqqət ayırmalı və onların maarifləndirilməsi istiqamətində atılan addımlara öz töhfəsini verməlidir: "Uşaqlar bizim gələcəyimizdir. Biz öz cəmiyyətimizi qorumaq üçün hərtərəfli sağlam gənclik yetişdirməliyik. Media olaraq biz hər zaman uşaq problemlərinin həlli ilə məşğul olan, bu sahədə müəyyən layihələr həyata keçirən dövlət orqanları, vətəndaş cəmiyyətlərinin iştirakı ilə bu mövzunu diqqətdə saxlamağa hazırıq”.
Aynur xanım deyib ki, uşaqlarla bağlı cəmiyyəti narahat edən problemlərin mətbuatda işıqlandırılaraq aidiyyəti qurumların diqqətinə çatdırılması hər zaman effekt verib və bundan sonrakı mərhələdə belə olacaq: "Ümumilikdə, cəmiyyəti narahat edən sosial problemlərin mətbuatda müzakirəyə çıxarılması və işıqlandırılması həmin məsələyə aidiyyəti orqanların diqqətini yönəltmək üçün mühüm faktordur. İstənilən halda mətbuatın toxunduğu mövzu rezonans doğurur və dövlət orqanlarında, ictimai təşkilatlarda müzakirə obyektinə çevrilir. Həmin problemin həlli yolları axtarılır. Xüsusən də, müvafiq dövlət strukturları həmin problemi aradan qaldırmağa çalışırlar və bir çox hallarda da buna nail olunur. Bu baxımdan deyə bilərəm ki, medianın uşaqlar və ya cəmiyyətin digər təbəqələri ilə narahatlıq doğuran hansısa problemə toxunmasını effektiv bir hal kimi dəyərləndirirəm. Uşaqların problemləri ilə məşğul olmaq gələcəyin təməlini qoymaq deməkdir. Gələcək məfhumu isə mücərrəd bir anlayış deyil. Gələcək bugünkü uşaqlardır və biz onların problemlərinin həlli ilə nə dərəcədə məhəbbətlə, qayğı ilə məşğul olacağıqsa, gələcəyin təməli də o dərəcədə möhkəm və sağlam olacaq”.
Jurnalistlərin Həmkarlar İttifaqları Təşkilatının (JuHİ) sədri Müşfiq Ələsgərli isə deyib ki, uşaqlarla bağlı olan problemlər əslində iki hissədən ibarətdir:
"Birincisi, uşaqların sosial problemləri ilə bağlı məsələlərin gündəmdə saxlanılması. Digəri isə uşaqların başına gələn hadisələrin işıqlandırılması. Hər iki məsələ ilk baxışdan eyni mövzu təsiri bağışlasa da, aralarında müəyyən qədər müxtəliflik var. Xüsusən də, azyaşlıların müxtəlif növ cinayət əməllərinə cəlb olunması ilə bağlı məsələlərdə çox ciddi problemlər var. Bilirsiniz ki, uşaqların cinayətkarlığa cəlb olunması halları son zamanlar artaraq qlobal səviyyəli bir problemə çevrilib. Azərbaycanda isə uşaqların zorakılığa məruz qalması və insan alverinin qurbanına çevrilməsi, orqan mafiyası tərəfindən oğurlanması kimi hallar daha çox müşahidə olunur. Və təəssüflə qeyd etməliyəm ki, bu kimi hadisələrin işıqlandırılması zamanı media nümayəndələri bir sıra yanlışlıqlara yol verirlər. Qaydalara əsasən uşaqlar haqqında məlumatlar onların özünün, valideynlərinin və ya himayəsində olduqları şəxslərin razılığı əsasında dərc edilməlidir.
Amma elə məsələlər var ki, hətta valideynlərin razılığı olsa belə, qanunvericilikdə uşaqların adlarının çəkilməsinə icazə verilmir. Buraya özündən asılı olmayaraq cinayət əməlinə cəlb olunmuş və ya başına açıqlanması məqbul olmayan hadisə gələn uşaqların mətbuatda adının hallandırılması məsələsi daxildir. Əks təqdirdə, uşaq haqqında pis reputasiya formalaşır və gələcəkdə ona zərər verə biləcək, onu cəmiyyətdə "gözükölgəli” edəcək informasiyalar əslində data-bazalarda qorunub saxlanılır və istənilən şəxs istədiyi zaman həmin məlumatı əldə edə bilir. Buna görə də, zorakılığa və ya hansısa xoşagəlməz hadisəyə məruz qalan uşaqlar cəmiyyətə şərti adlarla təqdim olunmalıdır. Amma uşaqların itkin düşməsi və ya oğurlanması haqqında informasiyalarda onların adını da, şəkillərini də tam şəkildə yerləşdirmək olar”.
Uşaq hüquqları və ya onların sosial problemləri ilə bağlı məsələlərin medianın gündəmində saxlanılmasına gəldikdə isə JuHİ sədri deyib ki, bu sahədə də müəyyən boşluqlar var: "Amma çox yaxşı haldır ki, son vaxtlar Azərbaycanda yaradılan donor fondlar, xüsusən də, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondu və gənclərlə bağlı fəaliyyət göstərən təşkilatlar öz müsabiqələrində uşaqların tərbiyəsi, təlimi və qayğıları ilə bağlı mövzulara da üstünlük verirlər. Bu isə bir növ həmin sahədəki problemlərin diqqətdə saxlanılmasına çağırışdır. Arzuediləndir ki, bu kimi problemlər donor təşkilatların keçirdiyi müsabiqələrdən-müsabiqələrə yox, ardıcıl olaraq mediada gündəmə gətirilsin. Bu bir növ KİV-lərin ictimai vəzifəsidir”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb