Oyunlarına münasibəti elə oyunların səviyyəsinə uyğun, yüksək səviyyədədir”
“Mətbuat üzərinə düşən tarixi missiyanı yerinə yetirdi”
Məzahir Süleymanzadə: “Onu deyim ki, Azərbaycan jurnalistlərinin Avropa
Oyunlarına münasibəti elə oyunların səviyyəsinə uyğun, yüksək səviyyədədir”
Oyunlarına münasibəti elə oyunların səviyyəsinə uyğun, yüksək səviyyədədir”
(... əvvəli ötən sayımızda)
Əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadənin imzası oxuculara və ədəbi ictimaiyyətə yaxşı tanışdır. O, bu mülkün ən halal sahiblərindən biridir. Çünki əlinə qələm aldığı və sözə könül verdiyi gündən həmişə seçilib.
Otuz ildən artıq bir müddətdə müxtəlif mətbuat orqanlarında, idman təşkilatlarında çalışan Məzahir Süleymanzadə peşəkar jurnalist kimi səmərəli fəaliyyət göstərən, mükəmməl yaradıcılığa malik, sayılıb-seçilən həmkarlarımızdandır. Onun yaradıcılıq üfüqləri çox geniş, toxunduğu mövzular müxtəlifdir. Amma bunların hamısını bir məcrada birləşdirərək oxucu marağına səbəb olmaq qüdrətinin yalnız bir adı və möhkəm dayağı var: Qələm!
Məzahir Süleymanzadə sözə məsuliyyətlə yanaşmağı bacaran qələm sahibidir. Bu səbəbdən də nə yazıbsa, maraqla oxunub, rəğbətlə qarşılanıb. Həm peşəkarlıq, həm də istedad, üstəgəl səriştə, təcrübə - bütün bunlar birləşərək məhz Məzahir Süleymanzadə imzasını oxuculara sevdirə bilib.
Bu gün isə Məzahir Süleymanzadə bugünkü mətbuatın durumu, söz-fikir azadlığı və plüralizmin inkişafı, mətbuata verilən dəyər haqqında fikirlərini "Şərq”lə bölüşüb. Ahıl Jurnalistlər Məclisinin sədr müavini mətbuatın mövcud durumunu o qədər müsbət qiymətləndirməsə də, əvvəlki illərə nisbətən xeyli irəliləyişlərin olduğunu vurğulamağı da unutmayıb:
- Bəs, ölkədə idman jurnalistikasının durumu hansı səviyyədədir?
- Müəyyən qədər çatışmazlıqlar olsa da, digər jurnalistika sahələri ilə müqayisədə idman jurnalistikası xeyli öndədir. Əhalinin sayına, idmanımızın səviyyəsinə görə, kifayət qədər idman mətbuatı nəşr olunur. Bu qəzetlər həm idman jurnalistləri yetişdirir, həm də Azərbaycanda idman jurnalistikasının inkişafına öz töhfələrini verirlər. İdman jurnalistlərinin fəaliyyəti məni qane edir.
-Medianın inkişafı və jurnalistlərin problemlərinin həlli istiqamətində jurnalist təşkilatlarının rolunu necə dəyərləndirirsiniz?
- Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatlarının sayı həddindən artıq çoxdur. Bu səbəbdən də onların gördüyü işlər diqqəti cəlb eləmir. Jurnalist təşkilatları arasında Mətbuat Şurası və KİVDF-nin, Avrasiya Mətbuat Fondunun fəaliyyətini xüsusi ilə yüksək qiymətləndirirəm. Bu təşkilatlar son illərdə bir xeyli fəallaşıb, bir növ Azərbaycan jurnalistlərinin ocağına çevriliblər. MŞ, KİVDF jurnalistlərin maddi-sosial rifahının yüksəldilməsi üçün yaradıcılıq müsabiqəsi keçirir, jurnalistlərin təşkilatın vəsaitləri hesabına xarici ölkələrə səfərlərini təşkil edirlər. Bütün bunlar da heç şübhəsiz, medianın inkişafına, jurnalistlərimizin həyat şəraitinin yaxşılaşdırılmasına hesablanıb. Eyni zamanda, Azərbaycan mətbuatının dünya mediası ilə əlaqələrinin genişləndirilməsi üçün bir sıra aparıcı, xarici media orqanlarının əməkdaşlarının da ölkəmizə səfərləri təşkil olunub.
Təbii ki, bu addımları bütün jurnalist təşkilatlarının fəaliyyətinə aid etmək mümkün deyil. Hesab edirəm ki, fəaliyyəti ümumiyyətlə, hiss olunmayan təşkilatlar var ki, zamanla onlar öz-özlüyündən ələnəcəklər. Bu zaman da görülən işlər daha çox nəzərə çarpacaq.
- Təmsil olunduğunuz Mətbuat Şurasında "reket” jurnalistikasına qarşı aparılan mübarizə sizi qane edir?
- Əlbəttə ki, Mətbuat Şurasının "reket” qəzetlərə qarşı mübarizə üsulu kifayəq qədər effektivdir. Bilirsiniz ki, bu sahə ilə bağlı MŞ-də xüsusi komissiya da yaradılıb. Komissiyanın sədri, "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "reket”lərlə mübarizədə kifayət qədər fədakarlıq göstərir. Komissiyanın üzvləri də vaxtaşırı olaraq, müraciətlərə baxıb, monitorinqlər aparırlar. Jurnalistlərin sonuncu qurultayında açıqlanan rəqəmlər də göstərir ki, artıq Azərbaycanda "reket” jurnalistika ilə bağlı vəziyyət ümidvericidir, siyahıda "reket” qəzetlərin sayı azalıb.
Sözün açığı, "reket” qəzet ifadəsini eşidəndə, bir mətbuat nümayəndəsi olaraq, utanıb, xəcalət çəkirəm. Düşünürəm ki, mətbuatımıza ləkə gətirən bu cür ifadələr dilimizdə işlədilməməlidir. Əgər Azərbaycanda "reket” qəzetçilik varsa, bu bizim (çiyinlərində müəyyən qədər yük daşıyan mətbuat nümayəndələri, ziyalıların) günahımızdır. Axı bu "reket” jurnalist sözü niyə olmalıdır ki! Deməli, biz hardasa səhv buraxmışıq ki, bu söz mətbuata sızıb və özünə yuva salıb. Ancaq inanıram ki, qəzetlər birləşib, kollektivləri böyüyüb, püxtələşdikcə, peşəkarlaşdıqca, bu söz də onların kölgəsində, öz-özünə sıradan çıxıb-gedəcək. Biz də ara-sıra bu ifadəni təbəssümlə xatırlayacağıq. Çünki reketlik edənlərin heç biri jurnalist deyil. Sadəcə, cəmiyyətimizdə mövcud olan çatışmazlıqlar ucbatından onlar mətbuata sızıblar. Yəni bəzi adamlar üçün kimisə şantaj edib, pul qazanmaq asan yol olduğu üçün hərə bir qəzet açıb. Qəlbən jurnalist olan bir peşə sahibi heç vaxt bu cür ucuz işlərlə məşğul olmaz. Bunlar özlərini heç yerdə tapa bilməyən, özlərini cəmiyyətdə təsdiq edə bilməyən insanlardır. "Reket” qəzetlərin adına bir fikir verin. Görün, necə gülünc adlardır. Uzun sözün qısası, bir axındır. Əlbət ki, sonu olacaq. Dağdan gələn sel özü ilə daş-kəsək, qum-çınqıl gətirib, böyük bir gurultu yaradır. Yəqin ki, bu gurultunun da bir sonu olacaq. Zaman hər şeyi həll edəcək, cəmiyyət özü-özünü tənzimləyəcək. Onu da deyim ki, reket jurnalistlərə qarşı mübarizəni təkcə Mətbuat Şurasının üstünə atmaq da düzgün deyil. Hər birimiz "reket” jurnalistləri qınaq atəşinə tutub, onların sıradan çıxarılmasına nail olmalıyıq.
- "Bakı- 2015” Avropa Oyunlarının təbliğində Azərbaycan mediasının rolunu necə dəyərləndirirsiniz?
- Avropa Oyunları ilə əlaqədar olaraq, Azərbaycan jurnalistikası üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir. İlk növbədə onu deyim ki, bu oyunların Azərbaycanda keçirilməsi bizim üçün nə qədər qürurlandırıcıdırsa, Oyunların açılış mərasimi də bizdə bir o qədər qürur hissi doğurdu. Sevindirici haldır ki, Avropa Oyunlarının yüksək səviyyədə təşkili və təbliği yönündə Azərbaycan mətbuatı öndə oldu.
Azərbaycan mediası I Avropa Oyunlarını kifayət qədər yüksək səviyyədə işıqlandırmaqdadır. Azərbaycan KİV-i Avropa Oyunlarını dünyaya möhtəşəm şəkildə təqdim etməyi bacarır. Sözsüz ki, bizim öhdəmizə düşən əsas vəzifə reallığı obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırmaq, maarifləndirməni düzgün aparmaqdır.
Belə böyük miqyaslı hadisənin cəmiyyətə təqdim edilməsinin özü də yenilikdir. Çoxsaylı detalları nəzərə almaq zərurəti var. Bu mənada oyunlar mediamızın peşəkarlığını artırmaq baxımından da mühüm rol oynamaqdadı. Müxtəlif oyun yarışları ilə bağlı dəqiq məlumatlandırma, xarici qonaqlarla ünsiyyət zamanı da Azərbaycan tarixinin, mədəniyyətinin təbliğində çox böyük rol oynayır. Bütün növ KİV vasitələrinin bu istiqamətdəki fəaliyyətindən razıyam. Avropa Oyunlarının uğurla başlaması, açılış mərasiminin çox böyük təntənə ilə həyata keçirilməsi, idmançılarımızın müxtəlif arenalarda yüksək nəticələr göstərməsi, Avropa Oyunlarının Təşkilat Komitəsinin əməyinin nəticəsi olmaqla yanaşı, həm də Azərbaycan mediasının zəhmətinin bəhrəsidir. Oyunların təbliğ olunmasında, nəticələrin müdafiəsində və dünyada tanıdılmasında ölkə mətbuatı üzərinə düşən öhdəliyi yerinə yetirir. Bir-iki neqativ nüansları nəzərə almasaq, ümumilikdə mediamız üzərinə düşən tarixi missiyanı yerinə yetirməyi bacardı və prosesdən üzüağ çıxdı.
Ayrı-ayrı saytlarda həqiqətə uyğun olmayan informasiyalar yayılsa da, rəsmi şəxslər tərəfindən dərhal həmin informasiyaların təkzib edilməsi onların niyyətlərini ortaya
çıxardı. Avropa Oyunlarının gözdən salınması məqsədilə hazırlanan informasiyaların həmən ardından vicdanlı mediamız həmin xəbərlərin düzgün olmadığını sübuta yetirdilər. Bir oxucu, bir mütəxəssis kimi onlara öz minnətdarlığımı bildirirəm. Onu da deyim ki, Azərbaycan jurnalistlərinin Avropa Oyunlarına münasibəti elə oyunların səviyyəsinə uyğun, yüksək səviyyədədir.
- Bəs, Avropa Oyunları ilə əlaqədar ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarına cavab olaraq mətbuat nə etməlidir?
- Təəssüflər olsun ki, dünyanın müxtəlif ölkələrində Azərbaycana qarşı kampaniyalar aparılır. Əslində bütün bunları təbii qarşılamaq lazımdır. Ölkəmiz gənc olduğu üçün onun uğurlarını da təbii olaraq, hər dövlət qəbul edə bilmir. Gənc bir dövlətin qısa müddət ərzində bu qədər uğur qazanması onlar üçün tamamilə yad bir mənzərədir. Həm idman, həm iqtisadiyyatın inkişafı, ölkənin beynəlxalq arenada tanınması, mədəniyyətimizin təbliğatı sahəsində Azərbaycanın uğurları onları qıcıqlandırmaya bilməzdi. Bu səbəbdən də dünyanın böyük dövlətləri çalışırlar ki, Azərbaycan kimi gənc dövlətlərin daxilində problemlər yaransın. Və həmin problemlərin həlli üçün də Azərbaycan böyük dövlətlərdən asılı vəziyyətə düşüb, onlardan kömək istəsin. Onlar da problemin həllinə uyğun öz mövqelərini diktə etsin. Amma biz qürur duyuruq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin heç bir ölkədən asılılığı yoxdur və müstəqil siyasət yürüdür.
(davamı olacaq...)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb