Mətbuatın dil problemi...

Mütəxəssis və ekspertlər də çağdaş jurnalistikamızda bu problemin kökünü axtarır




(əvvəli ötən sayımızda)

"Mətbuat cəmiyyətin aynasıdır” ifadəsi nahaq yerə meydana gəlməyib. Belə ki, ictimaiyyətdə baş verən ən mühüm dəyişikliklər, o cümlədən yeni ifadələr, anlayışlar ən operativ və əyani şəkildə mətbuat səhifələrində əks olunur. Odur ki, mətbuat dili Azərbaycan ədəbi dilinin qanunauyğunluqlarına əsaslanan və daim müsbət dəyişikliklərə meyl edən bir dildir. Ümumiyyətlə, hər bir jurnalist və qələm sahibi mətbuata gətirdiyi yeni ifadə və yaradıcılıq tapıntısı ilə onu zənginləşdirməlidir.

Çünki yazıdakı səlislik, lakoniklik, aydınlıq və dəqiqlik mətbuat dilinin daha da inkişafına gətirib çıxarır. O yazar, o qələm sahibi xoşbəxtdir ki, oxucusu onun nə demək istədiyini, elə ilk cümlədən, abzasdan anlayır. Yazıdakı ifadələri oxucu üçün doğma olur və fikirlərinin anlaşılmasında heç bir çətinliyə rast gəlinmir. Cümlələri axıcı, cümlələri arasında isə rabitə, rəvanlıq və dolğunluq qorunur. Bütün bunlar özlüyündə jurnalistin yazı peşəkarlığının və mətbuat dilinin inkişafının göstəricisidir. Lakin Azərbaycan KİV-ində, bəzən sözügedən halların pozulduğunu müşahidə edirik. Xüsusən televiziya və radiolarda Azərbaycan dil normalarının kobudcasına pozulması hallarından dəfələrlə danışılıb və buna dair müzakirələr hazırda da davam edir. Jurnalistlərin dil problemi və ondan çıxış yolu barədə danışan "Axar”.az saytının redaktoru Anar Niftəliyev bildirib ki, ölkədə çıxan gündəlik, aparıcı qəzetlərin əksəriyyəti əcnəbi adları səhv yazır: "Yəni sözü ana dilimizin yox, özünün mənsub olduğu dilin qramatik normalarına uyğun yazır. Əslində isə əcnəbi sözləri özümüzünküləşdirmək lazımdır. Söz yazıldığı kimi yox, bizim dilimizdə deyildiyi kimi yazılmalıdır. Amma mətbuat orfoqrafiya qaydalarının müvafiq (7, 8, 9, 10, 11, 12) maddələrini çox ciddi şəkildə pozmaqla sözü səhv yazır. Sözə qarşı ani biganəlik dilimizə qarşı hörmətsizliklə nəticələnir”. A.Niftəliyev əlavə edib ki, əcnəbi adlar dilimizin qaydalarına uyğun, yəni oxunduğu kimi yazılmalıdır: "Bu təzə qanun deyil ki, ötən əsrin 50-ci illərindən qəbul olunmuş qaydalardır. Bizim məqsədimiz kimlərəsə səhv tutmaq deyil. Biz gələcək nəsillərin təfəkkürünün düzgün formalaşmasına çalışırıq. Çünki indiki gənclik məktəbdə orfoqrafiyanı öyrənir, mediada isə başqa cür görür. Təbii olaraq bu da onu çaşdırır. Avtomatik olaraq, onun yaddaşında mediada oxuduğu cür qalır. Bilirsiniz ki, KİV dilin genişlənməyi, təmizlənməyi və zənginləşməyi prosesində vacib yer tutur. KİV qədər dilə xidmət edən ikinci bir sahə yoxdur. Ona görə də mətbuatın hər hansı bir yanlışlığı dilə mənfi baxımdan çox sürətlə təsir edir. Əgər mətbuat dilin qayda-qanunlarını qorusa, dilimiz öz normalarına uyğun olaraq inkişaf edəcək. Mətbuatın qaydaları pozması isə dil normalarını dağıdır. Biz hədəfimizi doğru seçmişik. Yəqin ki, qısa zaman kəsiyində mətbuatın dilindəki problemləri aradan qaldırmaqla dilimizin saflığının qorunmasına və inkişafına nail olacağıq”. Bəzi əcnəbi sözlərin dırnaq içərisində yazılmasına gəldikdə isə həmsöhbətimiz mətbuat nümayəndələrini bu vərdişdən imtina etməyə çağırıb: "Dilimizin lüğət tərkibi həddindən artıq zəngindir. Sadəcə bizim jurnalistlər sözü axtarıb tapmaq istəmir. Hər hansı bir əcnəbi sözün dilimizdəki qarşılığı yazılmalıdır. Yoxdursa da, jurnalist, publisist düşünüb tapmalıdır. Çünki söz adamı olaraq, sözləri aktivləşdirmək onun borcudur. Yoxsa ki, ara danışıqlarında, məişət söhbətlərində istifadə etdiyimiz əcnəbi sözləri mətbuata gətirib, dilimizin qaydalarını korlamaq və gənclərin formalaşmasına mənfi təsir etməli deyil. Zənnimcə, ingilis və ya rus sözlərini dırnaqda yazıb vəziyyətdən çıxmaqla mətbuat nümayəndələri dilimizin qaydalarını da məhv edirlər. Hər sahənin öz məsuliyyəti var, jurnalistlərin də vəzifəsi sözlərin düzgün formasını tapıb cəmiyyətə çatdırmaqdır. Sözlərin qarşılığı olmayanda, KİV söz yaratmağa cəhd eləməli və sözü tapıb cəmiyyətin ixtiyarına buraxmalıdır. Daha əcnəbi dildə olduğu kimi yazıb, özlərini və xalqı aldatmaq yox”.

"Xalq qəzeti”nin şöbə müdiri, dilçi-alim İlham Abbasov bildirib ki, Azərbaycan dili türk dillərindən biridir. Türkiyə türkcəsinə daha yaxındır, amma türk sözlərindən geniş istifadə müəyyən mənada dilimizin deformasiyasına gətirir. Onun sözlərinə görə, qəzetlərdə korrektura ilə bağlı səhvlərin mövcudluğu diqqət çəkir: "Bu baxımdan durğu işarələrinin düzgün işlədilməməsini göstərmək olar. Bəzən elə olur ki, eyni söz qəzetin bir səhifəsində bir, digərində başqa cür yazılır. Ümumən beynəlxalq səviyyədə işlədilən sözlərin dilimizə inteqrasiyasında da nöqsanlar var. Bütün bunların köklü səbəbi isə ədəbi dilin normalarına bələd olmamaqdır”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Alxan Məmmədov qəzetlərdə dil xətalarını redaktorların səviyyəsinin aşağı olması ilə əlaqələndirib. Digər səbəb kimi isə tədrisin vəziyyətini önə çəkib: "Baxın, jurnalistika fakültəsində tələbələrə Azərbaycan dili fənn kimi birinci kursda keçilir. O da yalnız ilk semestrdə. Daha sonra isə mövcud sahədə boşluq yaranır. Nəticədə ortaya indi qarşılaşılan mənfi meyillər çıxır. "Əlbəttə, burada orta məktəblərdə də tədrisin səviyyəsi məsələsini qeyd etmək vacibdir. Dilə sevgi ilk növbədə oradan başlamalıdır”.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun nümayəndəsi Könül Həbibova söyləyib ki, müasir dövrdə dilimizdə geniş yayılmış problemlərdən biri morfoloji strukturda kobud səhvlərə yol verilməsidir. O, şəkilçilərdən düzgün istifadə edilməməsinə dair faktların çoxluğuna diqqət çəkərək KİV-lərdə xüsusən reklam, kommersiya məqsədli çarxlarda və lövhələrdə yanlışlıqlara yol verildiyini önə çəkib. K.Həbibova mediada Azərbaycan dilinin qorunmasına nəzarət edən ayrıca qurumun yaradılmasının vacibliyini vurğulayıb.

"Turan” İnformasiya Agentliyinin əməkdaşı Tapdıq Fərhadoğlu mətbuatda gedən dil xətalarının geniş təhlilinin tərəfdarı olmadığını vurğulayıb. Onun qənaətincə, bu məsələdə mediadan nümunəvilik gözləmək düzgün deyil: "Hazırda dünyada vətəndaş jurnalistikası geniş yayılıb. Buna bloggerlik də deyilir. Bloqçuluq dili əslində xalq dilidir”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Rasim Heydərov çıxışında diqqəti peşəkarlıq məsələlərinə yönəldib. O bildirib ki, hər bir sahədə, o cümlədən mətbuatda da işin biliciləri çalışmalıdırlar. "Onların peşəkarlıq səviyyəsi isə təkcə hadisə və prosesləri izləmək və operativ şəkildə çatdırmaqla məhdudlaşmır. Azərbaycan dilinin xüsusiyyətlərini mükəmməl mənimsəmək və tətbiq etmək burada tamamlayıcı rol oynayır”.

"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qeyd edib ki, mediada dil xətalarına yol verilməsi təkcə jurnalistikanın qüsuru deyil. Onun sözlərinə görə, problem bütövlükdə təhsil səviyyəsinin aşağılığından irəli gəlir və hazırda redaktorlar da həmin təhsilin yetişdirdiyi gənclərlə işləmək məcburiyyətindədirlər.

BDU-nun professoru Cahangir Məmmədli vurğulayıb ki, bütün xalqların dilində alınma sözlər var. Son vaxtlar qloballaşmayla, Avropaya meyillə bağlı ədəbi dilin həqiqətən korlanması prosesi gedir: "Mətbuatın alınma sözlərdən çox istifadəsinin tərəfdarı deyiləm. Media bununla mübarizə aparmalıdır. Azərbaycan ədəbi dilinin inkişafına mətbuat cavabdehdir. Ona görə də jurnalistlər çox diqqətli olmalıdırlar. Əgər alınma sözlərin azərbaycanca qarşılığı varsa, mütləq onu işlətməlidirlər. Amma elə sözlər var ki, onun qarşılığını tapmaq mümkün deyil, hələlik

onları işlətmək olar. Əgər bu sözləri işlədirlərsə, mütləq bunların mənası qeyd olunmalıdır. Mən də son vaxtlar Azərbaycan mətbuatında o qədər sözlərə rast gəlirəm, xarici sözlərə, alınma sözlərə, heç mən özüm də onun mənasını başa düşmürəm. Ona görə də dilin korlanmasının qarşısı alınmalıdır. Mətbuat bu işdə birinci rol oynamalıdır. Yəni onun öhdəsinə düşür bütün bunlar”.

Tanınmış jurnalist Hikmət Sabiroğlu Azərbaycan mətbuatının dillə bağlı problemlərini ciddi məsələ hesab edir: "Bu bizim dərdli yerimizdi. Bugünkü media dilinin Azərbaycan dilinə çox az dəxli var. Bu da təhsildən irəli gəlir. Mediada savadsız adamların artması da buna səbəb olur. Vəziyyətin düzəlməsi üçün bir atalar sözündə deyildiyi kimi edilməlidir: çörəyi ver çörəkçiyə, birini də üstəlik. Yəni dediyim budur ki, hər kəs bildiyi işin dalınca getsin, eləcə də jurnalistlər. Və media məktəbləri açılmalıdır. Qəzetlərin, TV-lərin media məktəbləri olmalıdır. Mən universitet kimi mərkəzləri nəzərdə tutmuram. Xüsusi məktəblər nəzərdə tuturam”.

Media eksperti Zeynal Məmmədli diqqətə çatdırıb ki, Azərbaycanda medianın qopması belə addımlarla gerçəkləşir: "Media xalqdan qopduqca da, sıradan insanlar medianın diqqət mərkəzində olmur. Nəticədə vəzifəli şəxslər, ictimai fiqurlar keçir mərkəzə. İctimai fiqurlar mərkəzə keçəndə, dəftərxana dili hakim mövqe tutmağa başlayır. Yəni cəmiyyətin problemlərini cəmiyyətin anlayacağı dildə vermək lazımdır. Onu da qeyd etmək lazımdır ki, medianın azad olmaması xəbərin birbaşa yox, dolayısıyla çatdırılmasına gətirib çıxarır. Digər tərəfdən də məsələ medianın qeyri-peşəkarlığıdır. Medianın qəliz dili medianı anlaşılmaz edir və xalqın gözündən salır”.

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb