Mətbuatın dil problemi bütün dövrlərdə olub

“Dilin səlisliyi üçün jurnalistlər xalqa yaxın olmalıdır”


"Nə televiziyalar, nə də mətbuat Azərbaycan dilinin tam səlisliyinin qorunmasına fikir verir”.
AMEA-nın prezidenti Akif Əlizadənin Akademiyanın Rəyasət Heyətinin dünənki iclasında dediyi bu sözlər əksər xəbər saytlarının baş mövzusuna çevrildi. Bütövlükdə KİV-lər hədəf alınmışdı, ona görə. Dərinə varanda, akademikin haqsız olmadığı etiraf edilməlidir. Son illərdə istər televiziyalar, istərsə də, xəbər saytlarında "yeni” sözlərə, ifadələrə rast gəlinir. Xüsusən də, türk dünyası ilə yaxınlaşma dilimizə Türkiyə türkcəsindən xeyli sözlərin transferinə səbəb olub.

Efirə çıxanların nitqində də Azərbaycan türkcəsindən uzaqlaşma, Türkiyə türkcəsinə yaxınlaşma aşkar hiss olunur. Bəzi aparıcılar, sözlərə vurğunu Azərbaycan dilinin qramatik xüsusiyyətləri xaricində vurur. Yenə də dilimizin səlisliyinin qorunması funksiyasını mətbuat çiyinlərində daşımaqda davam edir. İnsafən, bugünki milli mətbuatımızda dilimizə yad kəlmələr çox az işlənir. Bu mənada hazırkı milli mətbuatı Azərbaycan dilinin qoruyucusu hesab etmək olar.

Oxşar problem bütün dövrlərdə yaşanıb. İstər cümhuriyyət dövrü mətbuatında, istərsə də, sonrakı sovet mətbuatı dövründə. Azərbaycan mətbuat tarixi araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının "Azərbaycan mətbuat tarixi (1920-1990-cı illər)” əsərində 1920-30-cu illər mətbuatında dil məsələlərinə geniş yer verilib.

Araşdırmaçı qeyd edir ki, Azərbaycanın sovetləşməsi ilə ədəbi dilin formalaşması prosesinin yeni bir mərhələsi başladı. Latın qrafikasına keçid, əcnəbi söz və terminlərdən dilin təmizlənməsi, ədəbi dil normalarının elmi əsaslar üzərində müəyyənləşməsinə edilən cəhdlər 1920-1930-cu illər mətbuatının əsas uğurlu istiqamətlərindən oldu. "Kommunist” qəzeti 1925-ci il 18 dekabr tarixli sayında bu barədə yazırdı: "Dil millətin təməl prinsiplərindən olduğundan bir millətin dilində əcnəbi sözlərin çoxluğu o millətin istiqlaldan məhrumiyyəti və yaxud onun istiqlal və hürriyyətinin mühəqqir olması deməkdir. Bunun üçündür ki, millətin nə olduğunu anlayan mədəni millətlərin mühərrirləri, ədibləri, xətibləri yazdıqları və söylədikləri sözlərdə əcnəbi izlərinin azlıq və çoxluğuna pək çox diqqət edirlər”.

"Kommunist” qəzeti axıcı, səlist dilin ədəbi inkişafa müsbət təsirini qeyd edir, jurnalistlərə fikrini aydın ifadə etməsi üçün xalqa daha yaxın olmağı məsləhət bilirdi: "Ədəbiyyatı xalqlaşdırmaq məsələsindən bəhs edərkən ilk əvvəl nəzərə dil məsələsi gəlir. Bu dil, yəni xalqın başa düşəcəyi dil, eyni zamanda hər bir yazıçının sənətkarlıq qələbəsidir. Lakin indiki vəziyyətdə türk dilində (yəni Azərbaycan dilində - A.A.) işlənən ərəb kəlmələrinin öz-özlüyündə ibtidai şəklində işlənməsi, lazımınca savadlı olmayan bir şəxs üçün böyük çətinliklər təşkil edir” ("Kommunist” qəzeti 1926-cı il 4 yanvar).

"... bəzi mətbu orqanlar anlaşılmaz dildə yazır”

"Füyuzat” ədəbi məktəbindən fərqli olaraq sadə, rəvan, "türkün öz ana dilində” yazmağın tərəfdarı olan Cəlil Məmmədquluzadə Cənubi Azərbaycandan qayıtdıqdan sonra da dil məsələsinə toxunmuş, bəzi mətbu orqanların anlaşılmaz dili barəsində tənqidi məqalələr yazaraq, ərəb əlifbasının islahatının vacibliyini önə çəkdi. C.Məmmədquluzadə "Bədbəxtlik” adlı məqaləsində "Maarif və mədəniyyət” jurnalının dilinə toxunaraq anlaşılmaz kəlamlardan, ifadələrdən istifadə olunmasını ciddi tənqid edir, bu yolu tutan jurnalistləri qınayırdı. Müəllif göstərir ki, Əliheydər Qarayev "Maarif və mədəniyyət” məcmuəsində çap olunan yazıları "tartan-partan” adlandırır, amma biz buna özgə cür deyirik: "Biz deyirik ki, bunun adı yalnız bədbəxtçilikdir. Ondan ötrü bədbəxtçilikdir deyirik ki, min doqquz yüz iyirmi üçüncü ildə, Azərbaycan Şura Cümhuriyyəti Mərkəzi Bakı şəhərində ələmə və kəndli hakimiyyəti əsrində çap olunan "Maarif və mədəniyyət” məcmuəsi elə bir surətdə meydana çıxdı ki, nəinki indinin bu saatında, nəinki beş-on il bundan sonra, bəlkə yüz il də bundan sonra nə Azərbaycan kəndliləri və ələmələri, nə onların nəvə-nəticələri "Maarif və mədəniyyət” məcmuəsini əllərinə almaq istəyəndə başa düşməyəcək ki, aya orada çap olunan tartan-partan nə dildə çap olunub və niyə və kimdən ötrü çap olunub” ("Molla Nəsrəddin” jurnalı. 1924-cü il №1).

C.Məmmədquluzadə 1925-ci ildə qələmə aldığı "Şəhərə doğru” felyetonunda bu gün də ictimaiyyət arasında ciddi müzakirə edilən Bakı küçələrindəki lövhələrin anlaşılmaz dildə yazılması ilə bağlı problemə toxunurdu.

Müəllif lövhələrin anlaşılmaz bir dildə yazılmasının ciddi narahatlıq yaratdığını qeyd edərək faktları sadalayır və bu barədə çoxlu misallar gətirir. Publisist özünəməxsus üslubda, satirik formada məsələyə münasibət bildirərək yazır: "Ayə, indidən nə tədbir tökmək ki, mənim köhnə dostlarım şəhərə gələndə və Bakı kimi bir böyük şəhərin küçələrində gəzəndə idarələrin və ticarətxanaların lövhələrinin yazılarından hürkməsinlər. Bax qoy mən sənə sözün açığını deyim. Tutaq ki, heç avam kəndli deyil, bax məsələn, sən özün, Allaha şükür, çox elmli və savadlı şəhərlisən. Gəl mən yapışım sənin əlindən, gedək Bakının küçələrini gəzə-gəzə lövhələrini oxuyaq. Əgər sən bu lövhələrin üçünü dalbadal oxuya bildin ki, özün də qandın və məni də qandırdın, onda mən sənə afərin deyərəm. "Ustad sənətkar acı bir istehza ilə fikrini bu cür yekunlaşdırır: "Dəxi nə başını ağrıdım, hər bir Azərbaycan kəndlisi ki, yolu Bakıya düşdü və şəhərin küçələrinin lövhələrini gördü, elə biləcək ki, onu yocuc-məcuc vilayətinə gətiriblər”.
"Acıqnan” felyetonunda C.Məmmədquluzadə bədii əsərlərin dilinin qəlizliyindən, anlaşılmazlığından gileylənir, ərəb-fars sözlərinin yersiz işlədilməsindən danışır və bu səpkili əsərlərin müəlliflərini ciddi tənqid edirdi.

Dilə yapışdırılan bu əcnəbi kəlmələri aradan qaldırmaq üçün mühüm tədbirlərin həyata keçirilməsi üçün ilk növbədə ciddi islahatların aparılmasını önə çəkən "Kommunist” qəzeti yazırdı: "Türk dilinin islahı məsələsi o qədər ciddi bir məsələdir ki, ümumittifaqda yaşayan bütün xalqlar üçün ümumi türkoloji qurultayın çağırılması lüzumu meydana çıxır”.

"Mətbuatı möhkəmləndirmək üçün əsas şərt...”

1926-cı ildə çağırılan türkoloji qurultay dil məsələlərinin həllində mühüm işlər gördü və bədii dilin spesifik xüsusiyyətlərini nəzərə alaraq dilin saflaşması işini başa çatdırmağa qərar verdi: "Şuralar ittifaqında yaşayan türk xalqlarının latın əlifbasını qəbul etmək məsələsi isə islam aləmində böyük əhəmiyyətə malik idi”.

Azərbaycanda bolşeviklərin hakimiyyətdə olmasına baxmayaraq 1920-1930-cu illərdə Azərbaycan ədəbi dilinin ana dili konsepsiyası birpartiyalı sistemin "vintciyi” olan mətbuatda uğurla həyata keçirildi. Bu işdə müxtəlif ədəbi-bədii mətbu orqanlarda C.Məmmədquluzadə, Seyid Hüseyn, C.Cabbarlı, Ü.Hacıbəyli, Tağı Şahbazi kimi qələm ustadlarının çalışmaları, onların ana dilinin saflığı uğrunda mübarizəsi müsbət nəticə verdi.

"Kommunist” qəzeti ilə yanaşı, xeyli sayda mətbu orqan çap olunmasına baxmayaraq onların ömrü o qədər də uzun olmadı. Çünki mətbəə və çap avadanlıqlarının köhnəliyindən, kifayət qədər kağız ehtiyatının olmaması səbəbindən bu qəzetlərin cəmi bir-iki sayı işıq üzü görürdü.

1920-ci ilin may ayının 9-da "Qırmızı Azərbaycan”ın yalnız bir sayı çap edildi. Qısa ömür yaşayan bu qəzetin ilk səhifəsi Rusiya Xalq Komissarları Şurasının Azərbaycan Şura Cümhuriyyətinə təbriki və Leninlə yanaşı, Nərimanovun iri portreti ilə açılırdı.

Bölgələrdə də qəzetlərin nəşrinə başlanıldı. Qəza mətbəələri içərisində az-çox məhsul verməyə hazır vəziyyətdə olanı Gəncə idi. Qısa müddətdə şəhərdə vaxtilə fəaliyyət göstərmiş üç mətbəə yenidən bərpa edildi və 1920-ci ilin may ayının 5-də "Qırmızı Gəncə” qəzetinin ilk sayı işıq üzü gördü.

Mətbu orqanların davamlı çapı üçün maddi-texniki bazanın yaradılması bolşevik hakimiyyətinin qarşısında duran ən mühüm məsələ olaraq qalırdı. 27 aprel işğalından iki gün sonra Azərbaycan İnqilab Komitəsi mətbəə və mətbuat komissarı vəzifəsi təsis etdi və bu iş A.M.Xaçiyevə həvalə olundu. Cümhuriyyət dövründə fəaliyyət göstərmiş milli mətbu orqanların mətbəələri müsadirə edilərək əmlakları milliləşmə adı altında partiyalaşdırıldı. "Milliləşmə”nin həyata keçirilməsi üçün Azərbaycan İnqilab Komitəsi 1920-ci ilin may ayının 10-da dekret qəbul etdi (Bax. Sobranie uzakoneniy i rasporyajeniy provitelstva Azerbaydjanskoy SSR. Baku 1920, səh.49).

Sovetləşmənin ilk aylarında bir qismi yararsız binalarda yerləşən 24 mətbəə fəaliyyət göstərirdi. Yalnız "Azərbaycan” qəzetinin və həmçinin "Turan”, "Novruz” kimi bir neçə mətbəədə normal çap imkanları var idi (Bax. Upravlenie poliqrafiçeski promışlennost”. Otçet o deyatelnosti za 1920-1921 q. Baku. 1922 səh-8.)

1922-ci ildən sonra yeni iqtisadi siyasətə uyğunlaşdırılan poliqrafiya müəssisələri bir sıra çətinlik yaşamalı oldu. 1923-cü ilin aprel ayında keçirilən RK (b) P MK-nın 12-ci qurultayı baxımından mətbuat və nəşriyyat işinə diqqət yönəltdi. Qurultayın qətnaməsinə mətbuatın maddi-texniki bazasını yaxşılaşdırmaq üçün bəndlər əlavə edildi: "Mətbuatı möhkəmlətmək və genişləndirmək üçün əsas şərt onu möhkəm baza üzərində qurmaqdan ibarətdir”. Partiyanın bu ümumrespublika əhəmiyyətli tədbirindən sonra qəzet və jurnalların vahid mətbəədə çap olunması diqqətə gətirildi. "Bakinski raboçi”, "Kommunist”, "Trud” və başqa qəzetlərin əsas poliqrafiya bazası 4-cü dövlət mətbəəsində mərkəzləşdirildi. 1924-cü ilin dekabrında AK (b) P MK-si Almaniyadan xüsusi mətbəə avadanlığının alınması üçün nümayəndələrini bu ölkəyə ezam etdi...

(Davamı var)

Məlahət Rzayeva

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb