Metroda anonsu ingiliscə səsləndirən xanım ingilisdir
“İndiyə qədər bir nəfər də olsun xarici vətəndaş bizə müraciət edərək anonsları başa düşməkdə çətinlik çəkdiyini bildirməyib”
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 1-ci Avropa Oyunları zamanı ölkəmizə çoxsaylı turistlərin gəlməsini nəzərə alaraq, qonaqların çətinlik çəkməməsi üçün stansiyaların adının ingiliscə səsləndirilməsini təmin edib. Lakin bir çox yerli sərnişinlər stansiyaların adlarının ingiliscə səsləndirilməsinə ağız büzürlər. Hətta anons zamanı bu səsləndirməyə gülənlər də olur. Bir çoxları da iddia edir ki, səsləndirmə düzgün deyil, hansısa proqram vasitəsilə tərcümə edilərək yazılıb.
Qeyd edək ki, tanınmış telejurnalist Səadət Məmmədova da öz "feysbuk” səhifəsində metro stansiyalarının adının ingilis dilində səsləndirilməsinə öz etirazını bildirib: "Yeni işi ilə əlaqədar hər gün metrodan istifadə etməyə məcbur və məhkumam. Hamı deyib, birini də mən deyim. Bilirsiniz, metroda stansiyaların adını ingiliscə səsləndirən qız necə danışır?! Bir vaxtlar Bakıda əllərində 4-5 böyük torba ilə küçə-küçə gəzən çinli alverçilərdən nəyin qiymətini soruşsan "biy manat, bis manat” (yəni bir manat və ya beş manat) deyirdilər. Bax, bu qızın ingiliscə danışığı o çinli satıcılar kimidir. Səhər tezdən ruh oxşayacaq bir məlahətli səs və normal nitq tapa bilmədinizmi? Məsələn, illərdir öz möhtəşəm səsi ilə "Bakcell”i şərəfləndirən Şəfəqin mükəmməl nitqini metroda eşitsəm, günüm estetika ilə başlayar”.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə məsələ ilə bağlı "Şərq”ə açıqlamasında deyib ki, qatarlarda səsləndirilən anonslarda Azərbaycan dilində səsləndirmələr Azərbaycan dilini bilənlər, ingilis dilində səsləndirmələr isə Azərbaycan dilini bilməyən xarici vətəndaşlar üçündür. Anonsları səsləndirənin kimliyinə gəlincə, N.Paşayev anonsları ingilis dilində səsləndirən xanımın milliyətcə ingilis olduğunu vurğulayıb. Həmçinin stansiyaların ingiliscə anonslarının heç vaxt ləğv edilməyəcəyini bildirib. Qurum rəsmisi məsələ ilə bağlı hər hansı narazılıq olmadığını qeyd edib: "Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn ingilisdilli və ya ingilis dilini bilən digər ölkə vətəndaşları yaxşı başa düşsün deyə biz metro stansiyalarının adını İngiltərə vətəndaşına həvalə elədik. Bu tərcümə sırf ingilis dilində və onların tələffüzündə edilir. Hesab edirəm ki, doğru olan da elə budur. İndiyə qədər bir nəfər də olsun xarici vətəndaş bizə müraciət edərək anonsları başa düşməkdə çətinlik çəkdiyini bildirməyib. Azərbaycanlılar bu tərcüməni niyə bu qədər qabardıb, müzakirə, gülüş obyektinə çevirdilər, başa düşmürəm”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, tanınmış telejurnalist Qulu Məhərrəmli isə deyib ki, beynəlxalq müsabiqələr, idman yarışları ilə əlaqədar ölkəyə gələn turistlərə hörmət əlaməti olaraq, metro stansiyalarının adının ingilis dilində səsləndirilməsində pis heç nə yoxdur. Ancaq mütləq şəkildə peşəkarlıq nəzərə alınmalıdır: "Metrostansiyaların adının ingilis dilində səsləndirilməsi ilə bağlı narazılıqlara mən də şahid olmuşam, sadəcə, ingilis dilini bilmədiyim üçün nə dərəcə haqlı olduqlarını deyə bilmərəm”.
Professorun sözlərinə görə, istənilən halda Azərbaycan adlarının xarici dillərdə dəqiq "transkripsiyası” olmalıdır. "Nizami”, "Füzuli”, "Dədə-Qorqud” kimi adlar ingilis dilinə xüsusi prinsip əsasında "transilyasiya” olunmalıdır: "Bu adların ingilis dilinə tərcüməsinin necə səslənməsi tərcüməçinin peşəkarlığından asılıdır. Əgər bu adların əcnəbi dildə tələffüzü qulağı qıcıqlandırır və gülməli səslənirsə, biz buna diqqət yetirməliyik. Hətta Azərbaycan dilinin özündə elə spesifik adlar, xüsusi sözlər var ki, biz onların tələffüzündə ehtiyatlı olmalıyıq. Səsqovuşmalarının yeni məna yaratması Azərbaycan dilinə xas olmasa da, tələffüz zamanı təcrübəli natiqlər, aparıcılar, diktorlar səsqovuşmalarına xüsusi diqqət edirlər ki, söz öz məxrəcindən kənara çıxmasın. Metrostansiyaların ingilis dilinə tərcüməsi zamanı da həmin peşəkarlıqdan yararlanmaq lazımdır”.
Azərbaycan adlarının gülməli səslənməsinin arzuolunan olmadığını deyən Q.Məhərrəmlinin sözlərinə görə, bu səsləndirməni hər iki dili yaxşı bilən və mükəmməl nitqi olan insanlar etsələr, daha yaxşı olar: "Mexaniki tərcümələr mexaniki səsləndirməyə səbəb olur və bu da təbii olaraq insanlarda qıcıq yaradır. Dil prinsip məsələsi olduğu üçün dillə bağlı bütün proseslərə prinsipial yanaşmaq lazımdır. Hər şeydə peşəkarlıq olmalıdır”.
Şəymən