Metsamor AES bölgəyə təhlükədir: Ermənistan həm də ekoloji terrora əl atmaqdan çəkinmir

Nəzakət Məmmədova: "Türkiyə də narazılığını dəfələrlə bildirib. Ermənilər isə vaxt udmağa çalışır, yalanlarla problemdən diqqəti yayındırmağa çalışırlar"
Azərbaycanın Los Ancelesdəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev Los Ancelesdə fəaliyyət göstərən "ECONEWS” teleradio şirkətinə geniş müsahibə verib.
Müsahibə zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında məlumat verən baş konsul ölkəmizin işğal olunmuş ərazilərində Ermənistanın ekoloji terror törətməkdə davam etdiyini qeyd edib. 
N.Ağayev Ermənistanın məişət tullantılarını, sənaye müəssisələrinin çirkab sularını və radioaktiv maddələri Araz çayına axıdaraq Azərbaycan ərazisinə ötürməklə ölkəmizə qarşı ekoloji soyqırımı həyata keçirdiyini diqqətə çatdırıb. O, Ermənistanda heç bir təhlükəsizlik standartlarına cavab verməyən Metsamor Atom Elektrik Stansiyasının istismarının davam etdirilməsinin bütün region üçün böyük təhlükə daşıdığını qeyd edərək, beynəlxalq ictimaiyyətin bu addımlara son qoymaq üçün Ermənistana təzyiq göstərməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, ermənilərin ekoloji cinayətlərini saymaqla qurtarmaz. Bu ekoloji terrorlar Azərbaycan xalqı ilə bərabər, eyni zamanda, qonşu ölkələrin də xalqlarının genefonduna qarşı yönəldilən cinayətdir. Təəssüf ki, tək-tək narazı çıxışlar istisna olmaqla beynəlxalq ictimaiyyət Ermənistanı insanlığa qarşı törətdiyi təhlükəli ekoloji terrorları dayandırmağa məcbur etmir.
Politoloq Nəzakət Məmmədovanın "Şərq”ə açıqlamasına görə, mövcud problemlərin həlli üçün Azərbaycan daima çalışır. O deyib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycana dəymiş ekoloji zərər bütün beynəlxalq platformalarda qabardılır, Azərbaycan prezidenti İlham Əliyev daima öz beynəlxalq tədbirlərdəki çıxışında bu məsələni xüsusi vurğulayıb: 
"Metsamor AES, Sərsəng su anbarının vəziyyəti, Dağlıq Qarabağda ermənilərin ekoloji terroru daima Azərbaycan prezidentinin başçılığı altında dövlətinin diqqət mərkəzindədir. Azərbaycan ekoloji məsələlərlə bağlı beynəlxalq təşkilatların diqqətini problemə yönəltməyi bacarıb. Heç təsadüfi deyil ki, Avropa Şurası və digər mötəbər təşkilatlar bununla bağlı Ermənistanı qınayıcı sənədlər qəbul edib. Metsamor məsələsi isə bütün bölgəni narahat edən məsələdir. Çünki istifadə müddəti keçmiş, yararsız AES istifadə edən Ermənistan bütün bölgəni, ilk növbədə qonşu ölkələri təhdid altında saxlayır. Əgər orada qəza baş verərsə, o, bunun cavabını necə verəcək?!”.
N. Məmmədovanın sözlərinə görə, bu məsələ Ermənistanın Avropa Birliyi ilə Tərəfdaşlıq sazişi imzalanması zamanı aparılan müzakirələrdə də gündəmə gəlib. Çünki Azərbaycan prezidenti beynəlxalq tədbirlərdəki çıxışlarında bu problemə diqqəti yönəltməyi bacarmışdı və ekologiya probleminə həssas yanaşan avropalılar Tərəfdaşlıq sazişi imzalanan zaman Ermənistana bu iradlarını bildirdilər:
"Bu problem Ermənistandan öz həllini gözləyir. Türkiyə də narazılığını dəfələrlə bildirib. Ermənilər isə vaxt udmağa çalışır, yalanlarla problemdən diqqəti yayındırmağa çalışırlar. Digər tərəfdən, Ermənistanın Azərbaycana gələn çayları çirkləndirməsi, nadir bitki növlərini məhv etməsi, ağacları kəsməsi əlbəttə ki, ekoloji terrordur və bu məsələ dünyanı narahat etməlidir.
Mən şəxsən bir neçə il əvvəl Gürcüstanda BMT-nin UNDP (Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı) dəstəyil ilə keçirilən Cənubi Qafqazda transsərhəd çaylarının ekoloji durumu ilə bağlı konfransda çıxıs etmişəm və bu problemləri demişəm. Orada Azerbaycan, İran, Ermənistan, Gürcüstan nümayəndələri iştirak edirdi. Çünki bu çayların bu dövlətlərin hər birinə, onların əhalisinin sağlamlığına aidiyyəti var və Ermənistanın özbaşınalığı yolverilməzdir. Düşünürəm ki, hər birimiz bu yolda fəaliyyətimizi yorulmadan davam etdirməliyik”.
Şəymən