Məzənnəni banklar özləri müəyyənləşdirəcək

Mərkəzi Bank “qara bazar”ın qarşısını almaq üçün valyutadəyişmə birjasına sərbəstlik verib
“Hətta bir bankın bir neçə valyutadəyişmə məntəqəsində fərqli kursların olması mümkündür”


Bu, Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”na görə, əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər.

Yeni qaydalarda göstərilib ki, məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər. Əmrdə şöbənin nömrəsi, ünvanı, məzənnələr və məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı əks olunmalıdır. Tədavülə yararlı olan nağd xarici valyutanın məbləğinə, buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli məzənnələr təyin edilə bilməz.

Yeni qaydalarda öz əksini tapan ən maraqlı məqam isə ondan ibarətdir ki, əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Bu zaman əmr faks, elektron poçt və ya digər vasitələrlə şöbəyə çatdırılmalıdır. Bundan başqa, yeni qaydalara əsasən Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə, mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır.

Mərkəzi Bankın sözügedən addımını şərh edən iqtisadçı-ekspert Azər Mehdiyevin qənaətincə, Mərkəzi Bank bu qərarı məcburiyyətdən verib və onun müəyyən etdiyi kurs valyuta birjasının müəyyən etdiyi kursun arxasınca sürünəcək. Ekspertin sözlərinə görə, ölkənin valyuta bazarının tələbi çox olsa da, təklifi ümumiyyətlə, yoxdur: "Son zamanlar Mərkəzi Bankdan banklara valyuta birjasında belə tələb olunan səviyyədə dollar satışı yoxdur. Valyutadəyişmə məntəqələri ilə onların müəyyən etdiyi kurs arasında fərqlilik hiss olunur. Həm də proses "qara bazar”a doğru sıçrayış edib. Görünür, Mərkəzi Bank "qara bazar”ın qarşısını almaq üçün valyutadəyişmə birjasına sərbəstlik verib. Ona görə ki, proseslər leqal formada baş versin, hər şey nəzarətdə saxlanılsın”. MB-nin məlum qərarının doğuracağı nəticələrə toxunan A.Mehdiyev deyib ki, Mərkəzi Bankın müəyyən etdiyi kursla valyutadəyişmə birjasının müəyyən etdiyi kurs arasında ciddi bir fərq olacaq: "Mərkəzi Bankın müəyyən etdiyi kurs valyuta birjasının müəyyən etdiyi kursun arxasınca sürünə bilər. Tənzimlənən, üzən kurs sözü dəyişəcək, onlar deyəcəklər ki, bazarlarda kurs qalxıb, ona görə də Mərkəzi Bank bu kursa uyğun olaraq, manatın məzənnəsini aşağı salacaq”. İqtisadçı Qalib Toğrul isə bildirib ki, artıq kommersiya bankları Mərkəzi Bankın müəyyən etdiyi kursdan fərqli alış və satış kursları müəyyənləşdirə biləcəklər, yəni, kursu bazar müəyyən edəcək. Onun sözlərinə görə, üzən məzənnəyə keçdikdən sonra Mərkəzi Bankın belə qərarı başadüşüləndir: "Bu, üzən məzənnənin tələbidir. Hətta bir bankın bir neçə valyutadəyişmə məntəqəsində fərqli kursların olması mümkündür. Bu qərardan sonra banklar bazara daha çevik, daha həssas reaksiya vermək imkanı qazanıblar. Biz xarici valyutaya olan tələbdən asılı olaraq, bir gündə bir neçə dəfə kursun dəyişməsinin şahidi olacağıq”.

Şəymən