MHP Azərbaycanda niyə zəifdir?

Qabil Hüseynli: “HDP-nin Azərbaycanda 20 faiz səs toplaması, kürdlərin ölkəmizdəki sayı ilə bağlıdır”



Ötən gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkisinin nəticələri açıqlanıb. Seçkinin qalibi 49.5 faiz səslə AKP olub. Ölkə üzrə nəticələr məlum olduqdan sonra xarici ölkələrdə yaşayan türklərin səfirlik və konsulluqda verdikləri səslərin nisbəti də açıqlanıb. Nəticələrə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Azərbaycanda da ən çox səs toplayıb.

AKP səslərin 32 faizini əldə edib. Cümhuriyyət Xalq Partiyası isə 31 faiz səs yığıb. Seçki nəticələri ilə bağlı ən çox maraq doğuran amil Milliyətçi Hərəkat Partiyası (MHP) ilə Xalqların Demokratiya Partiyasının (HDP) topladığı səslər olub. Belə ki, Azərbaycandan terror qruplaşması PKK-ya dəstək verən HDP-yə 20 faiz səs gedib. Millətçiləri təmsil edən MHP isə sadəcə 13 faiz səs yığa bilib. Məlumat üçün deyək ki, Azərbaycanda ümumilikdə səsvermə hüququ olan 7003 Türkiyə vətəndaşı səfirlik qeydiyyatındadır. Bakıda səsvermə hüququna malik olan 6311 türk vətəndaşı yaşayır. Bu səbəbdən 25 oktyabrda keçirilən səsvermədə Bakı ilə yanaşı, Gəncə və Naxçıvanda da seçki qutuları qoyulub. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli deyib ki, ilk növbədə Türkiyədə hər hansı partiyanın təkbaşına hakimiyyətə gəlməsi daha məqsədəuyğundur. Çünki heç bir koalisiya hökuməti indiki çətin şəraitdə ölkəni idarə edə bilməz: "AKP-nin təkbaşına iqtidara gəlməsi həm sabitlik, həm də xarici düşmənlərin fitnə-fəsadlarını dəf etmək üçün çox vacibdir. Ən azından müəyyən bir dövr üçün bu, səmərəli olacaq və PKK-ya qarşı mübarizə davam etdiriləcək. Xarici ölkələrdən toplanan səslərə gəldikdə isə nəzərə almaq lazımdır ki, AKP-nin ölkə daxilində olduğu kimi Türkiyədən kənarda da güclü inzibati resursları var. Ancaq həmişə hakim partiyanı ittiham edən və üzləşdikləri təzyiqləri əsas gətirərək xarici ölkələrə yollanan Türkiyə vətəndaşlarının yenidən AKP-yə səs verməsi başadüşülən deyil. 7 iyun seçkisindən sonra AKP itirdiyi səsləri HDP-dən almaq üçün geniş təbliğat apardı. Amma nəticələr göstərdi ki, hakim partiya əsas səsi HDP-dən yox, MHP-dən aldı. Əslində bunu da anlamaq çətindir. Çünki millətçilərin AKP-yə səs verməsi qəbul edilən deyil. Nəyin hesabına olursa-olsun, bu, anlaşılmaz məsələdir. Deməli, Türkiyə siyasətçilərinin seçki qutuları ilə bağlı narahatlıqları əbəs yerə deyil”. Ekspertin sözlərinə görə, Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının az qala yarısı milliyətcə kürddür: "İndi kürd millətçiliyi bölgənin ən hərəkətverici qüvvəsinə çevrilib. Əslində təkcə Azərbaycanda deyil, elə Türkiyənin özündə də türklərə qarşı mənfi münasibətin, hətta nifrətin şahidi oluruq ki, bu da təəccüb doğurur. HDP-nin Azərbaycanda 20 faiz səs toplaması da məhz kürdlərin ölkəmizdəki sayı ilə bağlıdır. Burada təəccüblənməli bir şey yoxdur. Amma AKP-nin və MHP-nin topladığı səs faizinə təəccüblənmək olar. Şəxsən mən düşünürdüm ki, millətçilərin Azərbaycandakı səsi daha çox olacaq. CHP-yə səs verənlərlə bağlı heç bir iradım yoxdur. Çünki Azərbaycana gələn türklərin içində sol baxışlı, Atatürkün prinsiplərinə sadiq olan Türkiyə vətəndaşları az deyil”.

İsmayıl