
Türkiyədə noyabrın 1-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub. Ölkə daxilində 54 milyon, xaricdə isə 3 milyon vətəndaşın səsvermə haqqı olan seçkidə seçicilərin təxminən 84 faizi iştirak edib. Səsvermənin rəsmi olmayan ilk nəticələrinə görə, Ədalət və İnkişaf Partiyası (AKP) legitim səslərin 49,4 faizini alaraq seçkidən birinci yerdə çıxıb. Bu reytinq AKP-nin məclisdə 316 mandat qazanmasına səbəb olub ki, heç bir ictimai rəy sorğusu şirkəti AKP-nin bu qədər səs ala biləcəyini əvvəlcədən təxmin etməyib. Seçkini 25,4 faiz səslə ikinci yerdə tamamlayan Cümhuriyyət Xalq Partiyası (CHP) məclisdə 134 millət vəkili ilə təmsil edəcək. 7 iyundakı seçkidə də təxminən eyni dərəcədə səs almış CHP məclisdə 132 millət vəkili ilə təmsil edilirdi.
7 iyundakı seçki ilə müqayisədə 4 faiz səs itirərək 12 faiz səs alan Milliyyətçi Hərəkat Partiyası (MHP) məclisdə 41 kresloya sahib olacaq. 10 faizlik ölkə baryerini xaricdən gələn səslərin hesabına 0.5 faiz fərqlə keçə bilən kürd təmayüllü Xalqların Demokratiya Partiyası (HDP) isə məclisə 59 millət vəkili ilə daxil olub. Bu nəticələrə görə, seçkinin qəti qalibi AKP, ən çox reytinq itirən siyasi qurumları isə MHP və HDP olublar. Faiz etibarı ilə HDP-dən daha yüksək reytinq alan MHP-nin daha az mandata sahib olması isə ölkənin seçki sistemindəki 10 faizlik baryerdən irəli gəlib. Belə ki, ölkənin Cənubi-Şərq bölgələrindən daha çox səs alan HDP-nin reytinqi o bölgələrdən daha çox mandat qazanmasını şərtləndirsə də, MHP-nin İstanbul kimi böyük şəhərlərdə qazandığı reytinq bu partiyanın daha çox mandat qazanmasına kifayət etməyib.
Qeyd edək ki, Türkiyənin parlamentar sistemində hökumətin məclisdən etimad ala bilməsi üçün 276 millət vəkilinin dəstəyinə ehtiyac var. 1 noyabrdakı nəticələrə görə, AKP 5 aydan sonra 316 mandatla yenidən təkbaşına hökumət qura biləcək. 7 iyundakı seçkidə 258 mandat qazanmış AKP-nin nə təkbaşına, nə də koalisiya hökuməti qurması mümkün olub.
"Biz bu tarlaya sevgi əkməyə gəlirik. Sevginizi 78 milyona göstərin”
"Bizə səs verən və ya verməyən hər kəsə qəlbimizi açmağa gəlirik”. Bu sözləri seçkidən qalib çıxan AKP lideri, Türkiyənin hazırkı Baş naziri Əhməd Davudoğlu deyib. Seçki prosesini Konya şəhərindəki evindən izləyən Əhməd Davudoğlu, ilk nəticələrin açıqlanmasından sonra vətəndaşlara müraciət edərək şəhərin simvolik məkanlarından biri olan Mövlana türbəsinə gedib. Türbədən çıxandan sonra AKP üzvləri və tərəfdarlarına müraciət edən Davudoğlu, indiyə qədər olduğu kimi bundan sonra da siyasət meydanında dik və sadə durmağa davam edəcəklərini bildirib. Davudoğlu meydana toplanan AKP tərəfdarlarına verdiyi mesajda "Bu gün həmişəkindən daha çox qonşularınızla salamlaşacaq, qardaşlarınızla qucaqlaşacaqsınız, heç bir təxribata, heç bir təhrikə qapılmayacaqsınız. AKP-nin bütün kadrlarına müraciət edirəm - biz bu tarlaya sevgi əkməyə gəlirik. Sevginizi 78 milyona göstərin. Bu gün AKP-yə səs verməyən vətəndaşlarımıza səslənirəm - bu gün məğlub olan yoxdur, bu gün qazanan vardır, o da millətimizdir, cümhuriyyətimizdir, demokratiyamızdır. Bizə səs verən və ya verməyən hər kəsə qəlbimizi açmağa gəlirik”-deyə vurğulayıb.
Bundan sonra Davudoğlu AKP-nin baş qərargahının balkonundan partiya üzvlərinə və tərəfdarlarına müraciət etmək üçün Ankaraya yola düşüb. "Balkon çıxışı”nda da Davudoğlu, rəhbərlik etdiyi təşkilatın qalib gəlməsini, xalqın qalib gəlməsi kimi xarakterizə edib.
Qadın deputatların sayı azaldı...
Məclisdə 3 erməni millət vəkili olacaq
İyunun 7-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçirilən seçkilərdə qalib gələn qadın millət vəkillərinin sayı rekord həddə çatmışdı. O zaman 97 qadın millət vəkili seçilmişdi. Noyabrın 1-də keçirilən təkrar seçkilərdə isə mandat əldə edən qadınların sayı aşağı düşüb. Bu dəfə TBMM-ə düşən qadın millət vəkillərinin sayı 82 nəfər olub. Bu seçkidə hakim AKP məclisə 33 qadın mandat əldə edərkən, CHP-də bu göstərici 22 olub. HDP millət vəkili seçilən qadınların sayı 24-dür. MHP isə məclisdə ancaq 3 qadın vəkillə təmsil olunacaq. Beləliklə, noyabrın 1-də mandat əldə edən qadınların sayı 550 üzvü olan TBMM-də 15 faiz təşkil edəcək.
Maraqlı məqamlardan biri isə təkrar seçkilərin nəticəsinə görə 3 erməni deputatın parlamentə daxil olmasıdır. Türkiyə KİV xəbər verir ki, İstanbulun 2-ci seçki dairəsində CHP üzvü Selin Doğan, eyni dairədə AKP üzvü Markar Yesayan və İstanbul 3-cü seçki dairəsində HDP üzvü Karo Paylan deputat olub.
Türkeşdən mesaj: "Dağdan qalxan quşun cinsini bilməyən, əcdadını tanımayanlar, sabahkı aqibətlərinə hazırlaşmalıdırlar”
MHP-dən istefa verərək hakim AKP-yə keçən Alparslan Türkeşin oğlu Toğrul Türkeş təkrar parlament seçkilərindən sonrakı ilk mesajında MHP sədri Dövlət Baxçalıya səslənib. Türkiyə mediası bildirir ki, Alparslan Türkeşin oğlu mesajında yazıb: "Dağdan qalxan quşun cinsini bilməyən, əcdadını tanımayanlar, sabahkı aqibətlərinə hazırlaşmalıdırlar”.
Baş nazir köməkçisi Toğrul Türkeşin seçkilərin nəticələrini qiymətləndirən ilk mesajı kifayət qədər sərt olub.
Türkeşin partiyadan ayrılmasının ardından MHP lideri Dövlət Baxçalı "Türkeşin vəziyyəti MHP-nin səslərini bölərmi” sualına, "Bir dağa bir sərçə qonsa, dağ nə qazanar, bir dağdan bir sərçə qalxsa, dağ nə itirər”, - şəklində cavab vermişdi.
Toğrul Türkeşin sosial şəbəkədən verdiyi indiki açıqlama bu ifadələrə cavab olaraq qiymətləndirilib.
"CHP və MHP davamlı
məğlubiyyətlərdən bezib, müxalifətdə yeni liderlərə ehtiyac var”
Türkiyədəki seçkiləri dəyərləndirən azərbaycanlı politoloq Elxan Şahinoğlu deyir ki, təkrar seçkilərlə AKP bütün proqnozları darmadağın edərək təkbaşına hökumət qura biləcək səs aldı. Analitik vurğulayıb ki, Ərdoğan-Davudoğlu cütlüyü 7 iyunda itirdikləri səsləri artıqlamasıyla geri qaytarıblar: "Bu seçkidən 4 ilkin nəticə çıxır. Birinci nəticə ondan ibarətdir ki, Ərdoğan bu səslərə arxalanaraq yenidən Cümhurbaşqanının səlahiyyətlərini artıracaq Konstitusiya dəyişikliklərini gündəmə gətirəcək. İkinci nəticəyə görə, PKK-ya qarşı mübarizə davam edəcək, eyni zamanda problemin danışıqlar yolu ilə həlli imkanlarına qayıdılacaq. Üçüncü nəticə - Fətullah Gülən tərəfdarlarının sıxışdırılması prosesi davam edəcək. Koalision hökumət
qurulsaydı, bu məsələ arxa plana keçəcəkdi. Gülən tərəfdarları növbəti hücumlara hazırlaşmalıdırlar. Sonuncu nəticə isə müxalifət liderlərinin istefasını aktuallaşdıracaq. Demək olar ki, CHP və MHP davamlı məğlubiyyətlərdən bezib, müxalifətdə yeni liderlərə ehtiyac var”.
Politoloq onu da bildirib ki, təkrar seçimlərdə MHP-nin səsləri AKP-yə gedib: "Bununla MHP 7 iyun seçkisinin nəticələrinə görə tarixi fürsəti əldən verdi. 7 iyun seçkisinin nəticələrinə görə AKP - MHP koalisiyası ən uğurlu format idi. İkisi də sağ mühafizəkar partiya olaraq mövqeləri oxşardır. MHP əlini daşın altına qoyaraq hökumətə ortaq olacaqdı, Türkiyənin daxili və xarici siyasətinə təsir edəcəkdi. Ancaq MHP lideri Dövlət Baxçalı bəri başdan AKP-yə "bizim qapımızı açmayın” mesajını yolladı. Bu da nəticəsi. İndi AKP-nin MHP-yə ehtiyacı yoxdur. MHP 5 ay əvvəl hakimiyyət ortağı olmaq şansını əldə verməklə yanaşı, səslərini də itirdi. Hər təklifə "yox” deyən Baxçalı görək özünü istefa tələblərindən, partiyasını isə daxili təlatümlərdən necə qoruyacaq? Bunu zaman və MHP-çilərin verdiyi qərar müəyyənləşdirəcək”.
Anar Bayramoğlu