Millət vəkili ixtisara düşənləri ayıqlığa çağırıb

Sahib Məmmədov: “Qanunvericilik işçini taleyin ümidinə buraxmır”
Millət vəkili Adil Əliyev şəxsi feysbuk səhifəsində işdən çıxarılan vətəndaşları ayıqlığa çağırıb. "Dostlar. Bizim bəzi keçmişini unudan vəzifəlilərin idareətmədə bir neçə rüsvayçı üsulu, bir vətəndaş kimi məni də narahat edir. Bəzilərilə yəqin ki, siz də razılaşarsınız.
1.Əvvəlcədən xəbərdarlıq etmədən işdən qovmaq, (qəddarlıq).
2.İşçi ilə prinsip aparmaq, (nadanlıq).
3.İşçinin əmək haqqını ödəyəndə xəsislik etmək (xırdaçılıq).
Dostlar iş yerlərində, ayıq-sayıq olun ki, bu kimi haqsızlıqlarla rastlaşmayasınız. Çünki ixtisarlar gedən bir vaxtda, iş tapmaq çox çətindi. Allah özü millətimizin köməyi olsun”.
Millət vəkilinin məsləhətini yerində edilmiş xəbərdarlıq sayanlar da var. Manatın devalvasiyası fonunda müəyyən sahələrdə ixtisarlar aparılacağı ehtimalını iqtisadçılar da istisna etmir. Hətta beynəlxalq təcrübəyə əsaslanaraq struktur islahatlarının aparılmasını, bir sıra nazirlik və idarələrin ya birləşdirilməsi, ya da ixtisar edilməsi təklifləri ilə çıxış edirlər. Belə olacağı təqdirdə təbii ki, işsizlərin də sayı artacaq. Mütəxəssislər hesab edir ki, dünyada gedən iqtisadi böhran şəraitində belə halların baş verməsi təbiidir. Sadəcə, məsələ, böhranı nə dərəcədə atlatmaqdadır. Bunun üçün də hökumətin konkret proqramları olmalıdır. Məsələn, bu gün işini itirən fəhlə ailəsini nəylə dolandıracaq? İşçinin ağır iqtisadi duruma düşməməsi üçün hansı addımlar atılmalıdır?
Yarana biləcək vəziyyətlə bağlı Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov "Şərq”ə açıqlamasında bildirib ki, işçilərin hüquqları Əmək Qanunvericiliyi ilə tənzimlənir:
- Qanunvericiliyin müəyyən etdiyi məsələlər var. İşçi ixtisar olunursa, ilk növbədə Əmək Qanunvericiliyinin tələblərinə riayət edilməlidir. İşçi ixtisar ediləcəksə, 2 ay əvvəldən ona bu barədə xəbərdarlıq edilməlidir. Bu 2 ay müddətində işçiyə şərait yaradılmalıdır ki, o, özünə yeni iş yeri tapsın. Bunun üçün də 2 ay müddətində işçiyə ödənişli (!) istirahət günləri verilməlidir. İşdən azad olunan işçiyə 1 ay orta aylıq əmək haqqı miqdarında müavinət verilməlidir. Şəxs gedib Məşğulluq İdarəsində qeydiyyata düşməlidir. Əgər 2-ci və 3-cü aylar ərzində işçi iş tapmırsa, hətta 2-ci və 3-cü aylar üçün də ona müavinət verilməlidir. Bu, qanunvericiliyin təyin etdiyi qaydadır və məcburidir. Bu qaydaları ona görə belə müəyyənləşdirirlər ki, işçi işləmədiyi, iş axtardığı müddətdə yaşayışını təmin edə bilsin. Yəni, qanunvericilik işçini taleyin ümidinə buraxmır. İkincisi, hər bir müəssisənin, şirkətin qəbul etdiyi daxili qaydalar da var. Məsələn, bp şirkəti işçilərinin ipoteka kreditlərinin ödənməsini öz üzərinə götürür. ARDNŞ-nin özünün ayrıca siyasəti var. Bir variant budur ki, işçi öz razılığı ilə işdən gedirsə, ona 5 aylıq müavinət ödənilir. Əgər işçi işdən çıxmağa razı deyilsə, ona gözləmək də təklif oluna bilər ki, başqa bir işdə çalışsın, yaxud ixtisasını dəyişmək, ixtisasartırmaq yolu ilə başqa işlərdə çalışa bilər. Bunun üçün işçi imtahan verməlidir. Yəni, müxtəlif variantlar var və bunlar hamısı Əmək Qanunvericiliyinin tələbləri ilə tənzimlənməlidir. Amma təbii ki, burada söhbət əmək müqaviləsi ilə işləyən, rəsmi qeydiyyatda olan işçilərdən gedir! Məlumdur ki, hazırda ölkədə çox geniş qeyri-formal əmək sektoru mövcuddur və bu sektorda işçilərlə əmək müqaviləsi bağlanmır, işçilərin real sayı gizlədilir, fəhlələr günəmuzd işlədilir. Təbii ki, burada hər hansı müavinət ödənməsindən söhbət belə gedə bilməz. Bəzi müəssisələrdə ixtisara düşən işçilərin heç uçotu da aparılmır. Belə vəziyyətdə əlbəttə, işçinin durumu ağırdır.
Və bu vəziyyətdə Vergilər Nazirliyinin də, Əmək Müfəttişliyinin də üzərinə düşən budur ki, vəzifələrinin öhdəsindən lazımınca gəlsinlər.
Əməkçi insanların sosial hüquqlarının pozulmasına imkan verməsinlər.
Məlahət Rzayeva