“Millət vəkili olmaq çox gözəl hissdir”

Şahin İsmayılov: “Yalnız Bakıda, Milli Məclisdə olmaq kimi bir niyyətim yoxdur”
“Həftədə 1 dəfə, ən uzağı isə 10 gündə bir dəfə Beyləqan rayonuna səfərim planlaşdırılıb”


Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərində qalib gələn namizədlərdən biri də 81 saylı Beyləqan Seçki Dairəsindən namizəd olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov gənclərin parlamentdə təmsil olunmasını dövlət gənclər siyasətinin uğuru və gəncliyə verilən böyük önəmin göstəricisi kimi qiymətləndirir. Seçki prosesi ilə bağlı düşüncələrini "Şərq”lə bölüşən ən gənc deputat ilk dəfə namizəd kimi seçkilərdə iştirak etdiyini vurğulayıb: "Seçki prosesi çox yüksək təşkilatçılıqla, demokratik, şəffaf, obyektiv şəkildə keçdi.

İnsanlar aktiv surətdə seçki məntəqələrinə gələrək, kənar təsir olmadan istədikləri namizədə səs verə bildilər. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda növbəti parlament seçkiləri tam qanunvericiliyə uyğun olaraq baş tutub. Ötən seçkilərdə bir vətəndaş və vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq aktiv şəkildə iştirakım olub. Builki parlament seçkilərinin mənim üçün özəlliyi ondan ibarət oldu ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürüldü və 81 saylı Beyləqan seçki məntəqəsindən millət vəkili seçildim. Təbii ki, seçki təəssüratlarım çox gözəldir. Eyni zamanda, qalib gəldiyim üçün sevinc hissi də keçirirəm. Bunların hamısı insanda qarışıq duyğu yaradır. Amma bir o qədər də məsuliyyət hissim var. Bundan sonrakı fəaliyyətimdə həm Yeni Azərbaycan Partiyasının, həm də Beyləqan seçicilərinin etimadını, həmçinin bütövlükdə cəmiyyətin gözləntilərini doğrultmağa çalışacam. Azərbaycan cəmiyyətində mənim və ya digər bir gəncin qanunverici orqanda təmsil olunmaq hüququ əldə edə bilməsi ölkədə dövlət gənclər siyasətinin uğurunun, gəncliyə verilən böyük önəmin
göstəricisidir. Çalışacağam ki, üzərimə qoyulan məsuliyyəti, mənə göstərilən etimadı layiqincə doğruldum.

- Seçkilərdə gənclərin aktivliyi hiss olunurdumu?

- Hər şey rəqəmlərdə öz əksini tapıb. Bu il keçirilən parlament seçkilərində Azərbaycan gəncləri həm müşahidəçi, həm seçici qismində kifayət qədər aktiv iştirak ediblər. Bütün ölkə ərazisində gənclərin seçki fəallığını kifayət qədər yüksək dəyərləndirirəm. Onu da deyim ki, gənc namizədlərin sayı da xeyli dərəcədə artıq idi. Həm Yeni Azərbaycan Partiyası, həm də digər siyasi partiyalar tərəfindən verilən siyahının böyük bir hissəsini gənclər təşkil edirdi. Öz təşəbbüsü ilə namizədliyini irəli sürən gənclərin sayı da kifayət qədər çox idi.

- Əvvəlcədən millət vəkili olmaq arzunuz vardı, ya YAP-ın təşəbbüsündən sonra namizəd olmaq qərarına gəldiniz?

- Seçki özlüyündə çox böyük prosesdir. Bugünə qədər keçirilən seçkilərdə aktiv iştirakçı olduğum üçün proses barəsində məlumatlı idim. Eyni zamanda, mənim ictimai-siyasi fəaliyyətim var. Uzun illərdir aktiv siyasətlə məşğulam. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyimin irəli sürülməsi və MSK-ya təqdim olunan siyahıda mənim də adımın yer alması mənim üçün çox gözəl şans oldu. Mən də bu şansdan yaxşı mənada istifadə eləməyə çalışdım və bu marafonda qalib çıxdım. İctimai-siyasi proseslərdə aktiv olduğum üçün gələcəkdə də siyasi proseslərdə yaxından iştirak etmək barədə planlarım vardı. Bayaq da dediyim kimi, partiyamızın və seçicilərimin mənə göstərdiyi yüksək etimad nəticəsində bu arzum gerçəkləşmiş oldu.

- İlk dəfə parlamentə mandat qazanmısınız və eyni zamanda ən gənc millət vəkilisiniz. Bu, sizin üçün nə deməkdir?

- Millət vəkili olmaq çox gözəl hissdir. Bu dönəmdə ən gənc millət vəkili olmağım da mənim üçün önəmli bir faktordur. Bu həm də ona görə çox sevindiricidir ki, Azərbaycan gəncliyi Milli Məclisdə təmsil olunur. Gənclərin səsi ali qanunverici qurumda səslənir. Bu da bizim üçün olduqca qürurverici haldır. Yenə əvvəlki sözümün üzərinə qayıtmaq istəyirəm ki, üzərimə qoyulan məsuliyyəti, mənə göstərilən etimadı layiqincə doğrultmağa çalışacam və parlamentdə 81 saylı Beyləqan seçki məntəqəsinin seçiciləri ilə yanaşı, bütün Azərbaycan gənclərinin təmsilçisi olacam.

- Millət vəkili olaraq, parlamentdə daha çox hansı məsələlərin həllinə çalışacaqsınız?

- Zaman sürətlə keçir və proseslər də zamana uyğun olaraq dəyişir. Azərbaycanın qanunvericilik bazası hər nə qədər təkmil olsa da, dövrlə əlaqədar müəyyən dəyişikliklər, əlavələrə ehtiyac duyulur. O cümlədən də yeni qanun layihələri barədə təkliflər irəli sürmək lazım gəlir. Eyni zamanda, 5 illik fəaliyyətimdə təmsil etdiyim Beyləqan camaatının problemlərini parlamentdə qaldırmaq niyyətindəyəm. Beyləqan sakinləri ilə işləmək üçün kifayət qədər planlarımız var. Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının binasında millət vəkili kimi mənim daimi nümayəndəliyim fəaliyyət göstərəcək. Bu, seçicilərimlə, ümumilikdə Beyləqan camaatı ilə intensiv ünsiyyət saxlamağımıza səbəb olacaq. Eyni zamanda, həftədə 1 dəfə, ən uzağı isə 10 gündə bir dəfə Beyləqan rayonuna səfərim planlaşdırılıb. Hər 3-4 aydan bir isə qəsəbə və kəndlərdə rayon sakinləri ilə görüşlər keçirməyi planlaşdırıram. Deputat mandatı alandan sonra yalnız Bakıda, Milli Məclisdə olmaq kimi bir niyyətim yoxdur. Paralel olaraq seçicilərimlə də görüşlərə gedəcəyəm. Necə ki, beyləqanlılar doğmalıq və böyük etimad nümayiş etdirib məni özlərinə millət vəkili seçiblər, mən də öz fəaliyyətimlə bu doğmalığı eyni qaydada onlara qarşı nümayiş etdirmək niyyətindəyəm. Bir sözlə, gənclik enerjimi, Azərbaycanda ictimai-siyasi fəaliyyətdə qazandığım bilikləri, təcrübəni, bütün imkan və əlaqələrimi Beyləqan rayonuna yönəltmək istəyirəm. Artıq bu istiqamətdə bir neçə böyük layihə üzərində işlərə də başlamışıq. Yaxın zamanlarda biz bunların şahidi olacağıq.

- Təbliğat-təşviqat kampaniyası müddətində əhalini narahat edən ən böyük problem hansılar idi?

- Sevindirici hal ondan ibarətdir ki, artıq Azərbaycan seçicisi Milli Məclis üzvünün tək öhdəliyinin yol, işıq, qaz çəkmək olmadığını başa düşür. Demək olar ki, görüşlərin heç birində Beyləqan camaatının dilindən bu cür müraciətlər eşitmədim. Təbii ki, bu görüşlərdə bir sıra problemlər də qaldırılır, həllinin tezləşdirilməsi vacib olan məsələlər də dilə gətirilirdi. Bu problemlər arasında gündəlik məişət qayğıları, yaxud gələcəkdə həllini görəcək istədikləri məsələlər də var idi. Bütün bunlar barədə ətraflı fikir mübadiləsi aparmaq imkanımız oldu. Elə məsələlər var idi ki, onların həlli dövlət proqramlarında nəzərdə tutulub və bunun üçün, sadəcə, zaman gərəkdir. Biz bu barədə seçicilərə məlumat verirdik. Amma ümumilikdə beyləqanlıların məndən əsas tələbi onların layiqli vəkili olmaq, onları qanunverici orqanda layiqincə təmsil etməkdən ibarətdir. Mən də öz növbəmdə bu məsuliyyətli işin öhdəsindən gəlməyə çalışacağıma, dövlət başçısı İlham Əliyevin siyasi kursuna dəstək verəcəyimə söz verdim.

- Təbliğat-təşviqat kampaniyasından əvvəl beyləqanlılarla hansısa əlaqəniz vardımı? Sizi necə qəbul elədilər?

- Mənim Beyləqanla kifayət qədər bağlılığım var. Şəhərin mərkəzində və bir neçə kəndində yaxın qohumluq əlaqəsində olduğum insanlar var. Bu mənada Beyləqan camaatı heç də mənə yad deyil. Uşaqlıqdan o rayon əhalisinin necə yaşadığı, necə fikirləşdiyi barədə məlumatlıyam. Hətta rayonun yerli adət- ənənələrini də çox gözəl bilirəm. Seçicilərimlə ünsiyyətimiz birinci gündən çətin olmadı. Düşünürəm ki, rayon camaatı ilə biri-birimizi çox yaxşı başa düşdük. Bundan sonrakı fəaliyyətimdə də onlarla ünsiyyətimi səmimi şəkildə davam etdirəcəyimə inanıram. Görüşlərim zamanı da onlarda özümə qarşı bir doğmalıq, gənc olaraq gələcəyimə ümidli baxış hiss etdim. Bu doğmalıq və ölkə başçısının siyasi kursuna verilən böyük dəstək də məni onların vəkili edib.

- Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı dünya ölkələrinin reaksiyası birmənalı olmadı. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçirilən parlament seçkilərini izləmək üçün müşahidəçi göndərmədi. Seçkiləri izləmək üçün ölkəmizə səfər edən Avropa ölkələrinin müşahidəçiləri isə öz hesabatlarında seçkilərin tam obyektiv və şəffaf keçirildiyini bildirib. Ümumilikdə beynəlxalq rəyə münasibətiniz?

- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən parlament seçkilərini izləmək üçün müşahidəçi göndərməkdən imtina etməsini həmin təşkilatın fiaskosu kimi dəyərləndirirəm. Bu əslində siyasi qərar idi. Onların missiyası seçkiləri izləmək və yekun hesabat hazırlamaqdan ibarət idi. Amma onlar əvvəlcədən hazırlanmış bəyanatla çıxış edərək Azərbaycanda keçirilən seçkilərin nəticələrinə kölgə salmağa yönəlik qərəzli bəyanatlar səsləndirdilər. Biz həmin dairələrin belə münasibətini əvvəlki seçki proseslərində, eləcə də ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlər zamanı da görmüşük. Ona görə də qəti əminliklə demək olar ki, Azərbaycandakı seçkiləri müşahidə etməyən həmin qüvvələrin parlament seçkiləri barədə qeyri-obyektiv rəyləri əvvəlcədən hazırlanmış, yalnız seçki prosesinin sonunda açıqlanan qərəzli münasibət formasıdır. Bunun isə bizim üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan üçün vacib olan Azərbaycan xalqının iradəsi, seçimidir. Azərbaycan seçicisi də iradəsini ortaya qoyaraq azad şəkildə öz millət vəkillərini seçib. Bundan əlavə, ölkəmizə gələn beynəlxalq müşahidəçilərin müsbət rəyləri də seçkinin obyektiv və şəffaf keçirildiyinin bir sübutu idi. Seçkidən sonrakı ab- hava da kifayət qədər müsbətdir. Heç bir narazılıq, çaxnaşma yoxdur. Bu isə onu göstərir ki, Azərbaycandakı seçkilər demokratik qaydalara və beynəlxalq standartlara tam uyğun səviyyədə keçirilib.

Şəymən