Xankəndində icra strukturunun yaradılması vacib məsələdir
Milli Məclisin üzvü Flora Qasımova dəfələrlə məsələ qaldıraraq, digər işğal olunmuş ərazilər kimi Ermənistanın zəbt etdiyi Xankəndi şəhərinin icra strukturunu yaratmaq təklifi irəli sürüb. Deputatın bu təklifi bütövlükdə cəmiyyət tərəfindən dəstək qazanıb. Son məlumatlara görə, artıq məsələ üzərində iş gedir. Xankəndi icra strukturlarının bərpası üçün addımlar atılır. Hətta konkret olaraq məsələnin 2016-cı ildə gerçəkləşəcəyi də iddia olunur.
Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Aqil Abbas da məsələyə münasibət bildirib: "Xankəndi şəhərində 15 min azərbaycanlı yaşayıb. Həmin şəhər üzrə Milli Məclisin deputatı da seçilib. İstərdim ki, şəhərin icra strukturları bərpa olunsun. Təşəbbüs parlamentdə qaldırılıb, gözləyirik. Əlbəttə, bizim bilmədiyimiz məsələlər də ola bilər. Bunu dövlət daha yaxşı bilir”.
Millət vəkili Elman Məmmədov da dəfələrlə vurğulayıb ki, Xankəndi şəhərinin icra strukturu yaradılmalıdır. Deputat bəyan edib ki, bunun ilk növbədə böyük siyasi və mənəvi əhəmiyyəti var: "Ermənilərin 1923-cü ildən Stepanakert adlandırdıqları Xankəndi şəhərində yuva salmış separatçı dəstə özünün qondarma rejimini yaradıb. Adını "Dağlıq Qarabağ Respublikası”, mərkəzini də Stepanakert qoyub. Onlar bu ad altında Ermənistan pasportu ilə dünyanın müxtəlif yerlərinə gedirlər və orda tədbirlərdə iştirak edirlər. Heç olmasa, bizim Xankəndi ilə bağlı rəsmi dövlət strukturumuz olsa, biz də xankəndli adı ilə özümüzü təqdim edərik”.
E.Məmmədov deyib ki, icra strukturunun yaradılması Xankəndi əhalisini bir yerdə mərkəzləşdirmək, onları vahid mərkəzdən idarə etmək baxımından da vacibdir: "Gələcəkdə qayıdış proqramı zamanı da xankəndlilər, ağdərəlilər üçün müəyyən problemlər yarana bilər. Bu baxımdan hesab edirəm ki, məsələ ilə bağlı müvafiq addımlar atılmalıdır”. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də bildirib ki, Azərbaycanın tərkib hissəsi olan bir ərazidə icra strukturunun yaradılması zəruri məsələdir. Ç.Qənizadə bunun siyasi məsələ olduğunu da qeyd edib: "Xankəndinin icra strukturunun yaradılmasının danışıqlar prosesinə təsir edən məqamları nəzərə alınmalıdır. Ola bilər ki, ATƏT-in Minsk Qrupu bu strukturun yaradılmasının yubadılmasına dair təkliflə çıxış edib. Burada da məqsəd danışıqlar prosesinə xələl gətirilməməsidir. Bunu da anlamaq lazımdır”. Deputat bildirib ki, bütün bunlara baxmayaraq, ərazilərimizin işğaldan azad edilməsi və icra strukturlarının yaradılması hüququnu özümüzdə saxlayırıq”. Amma məsələyə fərqli yanaşanlar da var. Məsələn, millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirli düşünür ki, indiki reallıqda Xankəndi ilə bağlı bu və ya digər addımın atılması, onun icra mərkəzi kimi tanınması ümumi yanaşmanı dəyişmir: "Beynəlxalq aləm Xankəndi də daxil olmaqla Dağlıq Qarabağın ərazisini Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycan dövlətinin rəhbəri dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa dünya təcrübəsində ən yüksək muxtariyyət statusunu verməyə hazırıq. O baxımdan hazırda Xankəndinin bir icra mərkəzi kimi tanınması, onunla bağlı hansısa addım atılması nəticəni dəyişmir. Bu, forma ola bilər, amma məzmun dəyişmir. Məzmun isə odur ki, Xankəndi də daxil olmaqla Dağlıq Qarabağ və ətraf 7 rayon işğal altındadır. Əsas məsələ problemin ümumi halda həllini tapmasıdır. Biz Xankəndinə qədər 7 rayonun azad olunması məsələsini həll etməliyik. Bunun ardınca Dağlıq Qarabağın və onun mərkəzi şəhəri kimi Xankəndinin statusu gəlir. Məncə, Xankəndinin əlahiddə olaraq qabardılması münaqişənin həlli prosesinə elə bir stimul vermir”.
İsmayıl