Millət vəkilləri seçildiyi rayonlara niyə getmir?

Zahid Oruc: “Devalvasiyanın təsirlərini azaltmaq üçün atılacaq ən mühüm addımlardan biri əhali ilə iş aparmaqdır”Şahin İsmayılov: “İnsanların maarifləndirilməsi və həyat şəraitlərinin yaxşılaşdırılmsı bizim üçün mühüm şərtdir”
Amma nədənsə, parlament seçkilərindən əvvəl xalqa arxalanan və seçkidən sonra onlara arxa olacaqlarına dair vədlər verən bəzi deputatları indiki həssas zamanda xalq arasında görə bilmirik. Hansı ki, onlar məhz indi öz seçicilərinin qarşısına çıxıb etirazları sakitləşdirməli, təskinlik verməlidirlər.
Haqlı olaraq, xalq öz təmsilçisindən mədət umur. Görəsən, digər rayonları təmsil edən millət vəkillərimiz əhali ilə görüşüb, onlar arasında maarifləndirmə aparır, vətəndaşların problemləri ilə maraqlanırlarmı?
İlk öncə yerlərdə baş verən narazılıqlarla bağlı danışan Bərdənin millət vəkili Zahid Orucun sözlərinə görə, ölkə başçısı özünün ən ali iradəsini bir daha ifadə edərək, hökumətin iclasında məmurlara, parlament üzvlərinə qarşı ən kəskin mövqeyini ortaya qoydu, hökuməti səfərbər olmağa çağırıb: "Etiraf etməliyik ki, Azərbaycanın ayrı- ayrı bölgələrində vəziyyət müxtəlifdir. Hamı bilir ki, Qarabağ bölgələrindən fərqli olaraq, Siyəzən daha az əraziyə və torpaq münbitliyinin fərqli bir durumuna sahibdir. Bu isə avtomotik əhalinin gəlir vəziyyətində özünü ifadə edir. O cümlədən də Ağcabədi ərazisində məskunlaşan qaçqın və məcburi köçkünlərin problemlərini ötən dövr ərzində dövlət xeyli dərəcədə yüngülləşdirməyə çalışıb. Ən azı onların mühüm bir qismi yeni qəsəbələrə köçürülüb. Lakin onların bir qismi öz təsərrüfat sahələrini qura bilmədiyi üçün devalvasiyanın gətirdiyi süni və ya təbii bahalıq fonunda dəyişən vəziyyətlərini kəskin bir şəkildə gündəmə çıxarmaq istəyəcəklər. Bu tədbirlər dövlətə və ya ölkə rəhbərinin yeritdiyi siyasətə qarşı deyil. Daha artıq dərəcədə 4 gün öncə cənab prezidentin müşavirədə qaldırdığı məsələlərlə eyniyyət təşkil edir. Ölkə rəhbəri həmin insanların düşüncələrini dilə gətirərək hökumət qarşısında çox ciddi və təxirəsalınmaz vəzifələr qoyub. Həmin vəzifələrin isə ən qısa zamanda yerinə yetiriləcəyinə əminəm”.
Millət vəkilinin sözlərinə görə, devalvasiyanın təsirlərini azaltmaq üçün atılacaq ən mühüm addımlardan biri əhali ilə iş aparmaqdır. Çünki problemlər təkcə iqtisadi maliyyə xarakterində deyil, daha artıq dərəcədə mənəvi-psixoloji və buna bənzər informativ ovqatdadır: "Parlament üzvlərinin də vəzifəsi baş verən prosesləri vətəndaşlara izah etməkdir. Şəxsən mən mütəmadi olaraq təmsil etdiyim bölgəyə gedən biriyəm. Hesab edirəm ki, ötən dövr ərzində Bərdənin həyatında çox böyük dəyişikliklər olub. Bərdəlilərlə sonuncu görüşüm dekabrın 28-də baş tutub. Görüş çərçivəsində sadəcə görülən işlərə deyil də, gələcəkdə üzləşə biləcəyimiz problemlərə geniş yer vermişik. Obamanın dünən xalqa müraciətində söylədiyi kimi, "Keçmişə subsidiyalar vermək olmur, amma gələcək üçün investisiya qoymaq lazımdır”. Bu, bizim üçün də keçərli olan çox gözəl bir frazadır. Hakimiyyət səlahiyyətdən əlavə bir öhdəlikdir. Amma çox təəssüflə etiraf edirəm ki, hökumət strukturları və parlament üzvlərini xalqla təmasda ləngidirlər. Bu isə özlüyündə panika və qeyri-müəyyənliyin güclənməsinə təsir edir. Bütün bunlar olmamalıdır”.
81 saylı Beyləqan seçki dairəsindən seçilən gənc millət vəkili Şahin İsmayılov isə deyib ki, dünyada gedən qlobal problemlər, neftin qiymətinin ucuzlaşması fonunda milli valyutamızın devalvasiyaya uğraması qaçılmaz oldu. Bu isə ixracatdan asılı olaraq daxili bazarda qiymət artımları ilə nəticələnib: "Onu da deyim ki, bəzi işbazların yaranmış vəziyyətdən istifadə edərək daxili məhsulların qiymətini qaldırmasını yolverilməz hal kimi dəyərləndirirəm. Bir daha təəssüflə qeyd edirəm ki, bəzi işbazlar məhsullarının daha öncədən alınmasına rəğmən qiymətlərin qaldırılmasına cəhd göstərirlər. Hansı ki, ölkə rəhbərliyi səviyyəsində qiymət artımına qarşı qəti şəkildə mübarizə aparılır və bu proseslər davam etdiriləcək”.
Ş.İsmayılov da mütəmadi olaraq seçicilərinin görüşünə gedərək onların maarifləndirilməsi istiqamətində müəyyən addımlar atdığını deyib: "Elə bu gün də Beyləqana səfərim olacaq. Və görüş zamanı devalvasiya ilə bağlı müəyyən profilaktik tədbirlərin aparılması nəzərdə tutulub. Bu bizim həm vəzifə öhdəliyimizdir, həm də insanların maarifləndirilməsi və həyat şəraitlərinin yaxşılaşdırılmsı bizim üçün mühüm şərtdir. Bu vəzifələr həm Tələbə Gənclər Təşkilatının fəaliyyəti çərçivəsində, həm də seçicilərimlə görüş zamanı davam etdiriləcək”.
Şəymən