Vahid Avropa Ordusu ideyasının reallaşması mümkün görünmür
Avropa Komissiyasının sədri Jan Klod Yunker növbəti dəfə Avropa İttifaqının vahid ordusunun yaradılması ideyasını irəli sürüb. Əvvəllər Avropa ordusunun yaradılmasının tərəfdarı olduğunu bildirəndə tənqid atəşinə tutulduğunu iddia edən Yunker bu gün bu addımın qaçılmaz olduğunu deyib. Avropa Komissiyasının sədri hesab edir ki, Avropa müdafiə siyasətini yaratmaq üçün xeyli sərmayə yatırmaq lazımdır.
İŞİD terror qruplaşmasının Avropanın bir nömrəli düşməni olduğunu vurğulayan sədr İŞİD ilə mübarizə üçün bütün ölkələrin səylərini birləşdirməsini vacib hesab edir. Onun sözlərinə görə, bu məsələdə xüsusi xidmət orqanlarının sıx əməkdaşlığı xüsusi önəm daşıyır.
Azərbaycanlı siyasilər isə vahid Avropa Ordusunun yaradılması ideyasının utopiya olduğu qənaətindədirlər. Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə düşünmür ki, bu fikrə şərik çıxan kimsə olsun: "Hələ də anlamıram ki, bu ordu nəyə görə yaranır? Mən Avropanın vahid ordu yaratmasını mənasız hesab edirəm. Çünki bu ordunun yaranması iqtisadi cəhətdən böyük pullar tələb edir. Nəzərə alsaq ki, hazırda dünyada iqtisadi böhrandır, bu, heç kimə sərf etmir. Düşünmürəm ki, bu fikrə şərik çıxan kimsə olsun”.
Vahid Avropa ordusunun yaradılması ideyasının ilk dəfə səslənmədiyini vurğulayan politoloq Arzu Nağıyev də bu ideyanı Avrokomissiyanın rəhbəri Jan-Klod Yunkerin dəfələrlə səsləndirdiyini xatırladıb: "Burada da əsas məqsəd Avropa maraqlarının qorunması və bu dövlətlər arasında heç bir vaxt müharibə olmayacağına bir inamdır. Ancaq bu məsələlər söhbətdən o yana keçməyib. Bu gün Avropada ancaq kağız üzərində olan hərbi birləşmələr var - Avropa korpusu, Avropa Jandarmeriyası, Avropa Dəniz qüvvələri və Çevik qüvvələr və s. Lakin bunların heç biri fəaliyyətdə deyil”.
Vahid Avropa Ordusu ideyasının ortaya atılma səbəblərinə toxunan politoloq deyib ki, Avropa Ordusunun yaradılması simvolik da ola bilər: "Avropada hər hansı bir terror və təxribat hadisəsi baş verən kimi həmin an ordu yaradılmasının vacibliyindən danışırlar. Məlumdur ki, bu ordunu saxlamaq üçün böyük vəsait də tələb olunur. Təbii ki, belə ordu yaranarsa, Aİ ildə 120 milyard dollar vəsaitə qənaət edə bilər. Bu məbləğ bu gün Avropadakı NATO qoşunlarına ayrılan xərcdir. Elə İŞİD-lə mübarizə məsələsində də NATO, daha doğrusu, ABŞ aydın şəkildə bildirir ki, hər bir hərbi əməliyyat onun birbaşa rəhbərliyi ilə keçirilməlidir və o, bunu İŞİD-ə qarşı da aparır. Görünür, artıq Almaniya, Fransa və bir sıra dövlətlər hərbi əməliyyatları NATO ilə razılaşdırmaq istəmir”.
Ordu yaranırsa, deməli, bu orduya rəhbərlik edəcək bir Ali Baş Komandan da olmalıdır. Bəs görəsən, Avropa ölkələrindən biri digərinin bu statusa sahiblənməsinə razı ola bilərmi?
A.Nağıyevin yanaşmasına görə, ilk öncə ordunu yaratmaq lazımdır ki, sonra Ali Baş Komandan haqqında fikirlər bölüşülsün: "Bu gün demək olar ki, Avropa dövlətlərinin yarıdan çoxu NATO-nun üzvüdürlər. Əvvəllər alman və fransızlardan ibarət bölmələrə bu gün digərləri də birləşib və çevik qoşun növləri yaradıblar, lakin heç bir qarşıdurmada və münaqişədə iştirak etməyiblər, yenə də ön planda NATO-dur. Deməli, Avropa Ordusu yaransa, NATO avtomatik yox olur. Yəni Avropa dövlətləri hər iki birləşmələrdə iştirak edə bilməyəcəklər. Ən azından bu, böyük vəsait tələb edir. Doğrudur, burada böyük şirkətlərin də marağı var və ordunu təmin etmək üçün böyük sifarişlər yerinə yetirilə bilər. Amma bir məsələ var ki, Avropa belə bir ordunu yaratmaq istəsə belə, Amerikasız heç nə edə bilməzlər. Deməli, istəmək hələ həyata keçirmək demək deyil, mütləq ABŞ-la müəyyən razılığa gəlinməlidir”.
Şəymən