“Minsk Qrupu separatçıları dəstəkləyir”

Millət vəkili həmsədrlərə qarşı od “püskürdü”
Elman Məmmədov: “Suriya, İraq və başqa ölkələrdən gətirib, bizim ərazilərimizdə erməniləri yerləşdirirlər. Bu prosesin qarşısı alınmır. Minsk Qrupu isə susur”


Millət vəkili Elman Məmmədov erməni separatçılarının Dağlıq Qarabağ və ona bitişik olan işğal edilmiş ərazilərimizdə yeni yaşayış kompleksləri inşa etmələrindən danışıb. O, "Şərq”ə bildirib ki, separatizmi dəstəkləyən qüvvələr onun yaranmasına və yaşamasına şərait yaradırlar: " ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlərin hər üçü Dağlıq Qarabağda və başqa ərazilərdəki separatizmi dəstəkləyirlər. Onlar zamanında separatizmin yaranmasına dəstək veriblər. İştirakçı olublar.

Separatizmi indi də müdafiə edirlər. Əgər elə deyilsə, nə üçün həmsədr dövlətlərin hər üçünün əksər böyük şəhərlərində separatçı qurumlar, o cümlədən Dağlıq Qarabağın nümayəndəlikləri fəaliyyət göstərir? Onların rəsmiləri gedib gəlir. Ərazilərində istehsal olunan ərzaq və başqa məhsullar bu ölkələrdə satılır. Deməli, həmsədr ölkələr separatizmə açıq-aşkar dəstək verirlər. Bizim də başımızın altına yastıq qoyurlar ki, arxayın olun, probleminizi həll edəcəyik. Amma heç nə etmirlər”. Parlamentari diqqətə çatdırıb ki, işğal olunmuş ərazilərimizdə məskunlaşma 1990-cı illərin sonlarından etibarən başlayıb: "Bu barədə Bakı BMT, ATƏT və bütün beynəlxalq institutlara dəfələrlə müraciət edib. Bunun qarşısının alınmasını tələb edib. Orda məskunlaşan kimlərdir? Suriya, İraq və başqa ölkələrdən gətirib, bizim ərazilərimizdə erməniləri yerləşdirirlər. Bu prosesin qarşısı alınmır. Minsk Qrupu isə susur. Azərbaycanın bunu dayandırmağa imkanı yoxdur. Həmin ərazilər işğal altındadır. Bakı hərbi güc tətbiq edib, bütün düşməni məhv edib torpaqlarımızdan çıxarmalıdır. Düşməni ərazilərimizdən çıxarmanın yeganə yolu budur. Bunu da gerçəkləşdirmək üçün ATƏT, BMT və başqa qurumlar bizə imkan vermirlər”.

Xocalıdan olduğunu söyləyən deputat vurğulayıb ki, vaxtaşırı "google maps”lə Xocalı və başqa işğal olunmuş ərazilərimizə baxır: "Xocalıda evlərin, obyektlərin sayı artır. Əkin sahələri genişlənir. Bu nə deməkdir? Deməli, separatçılar ora əlavə adamlar gətirib, yerləşdirirlər. O cümlədən Laçın, Kəlbəcər, Şuşa və sair regionlarımızda məskunlaşıblar. İndi deyirsiniz ki, Azərbaycan bəyanat versin? Azərbaycan həmin obyektlərin vurulmasına dair bəyanat verərsə, bu, artıq müharibənin başlanması deməkdir. Mən bunun əleyhinə deyiləm. İşğal olunmuş ərazilərimizdə məskunlaşma davam edirsə, demək onlar ümid edirlər ki, havadarları vasitəsilə orda da məskunlaşacaqlar. Demirəm danışıqlar dayandırılsın. Dayandırılmasın. Ancaq Azərbaycan artıq hərbi güc tətbiq etməklə, əməliyyatlara başlamalıdır. Ermənistanı sülhə məcburetmə variantından istifadə etməlidir. Danışıqlar da bununla paralel getməlidir. Çünki Sarkisyan kimi cinayətkarlar xoşluqla bir qarış da olsa, torpağı danışıqlar yolu ilə qaytarmayacaq. Beynəlxalq turizm şirkətinə çevrilən həmsədr ölkələr orda-burda görüş təşkil etməklə vaxt uzadacaq. Biz də vaxtın uzanmasını istəmirik. Həmsədrlərə qalsa, 25 deyil, 125 il də ötsə, onların heç nə vecinə deyil. Onların evi dağılmayıb. Torpağı işğalda deyil. Onlara bu cür vəziyyət sərf edir. Azərbaycanın başını qatmaqla, boş-boş ümid verməklə məşğuldurlar. Bununla status-kvonu qorumağa çalışırlar. Nəticədə də Ermənistan ərazilərimizdə istədiyini edir. Bir daha söyləyirəm ki, Azərbaycan da artıq onlara inanmadan əlində olan imkanlardan istifadə edərək, hərbi güc tətbiq edib, düşməni sülhə məcbur etməlidir. Danışıqlar onda fayda verəcək. Əks halda, məskunlaşma və işğal davam edəcək”.

Ayyət Əhməd