“Dilçilik İnstitutunda çox ciddi islahatlara ehtiyac var”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna yeni direktor təyin olunub. AMEA rəhbərliyinin qərarı ilə direktor vəzifəsini icra edən Möhsün Nağısoylu bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, M.Nağısoylu 1946-cı il sentyabrın 1-də Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olub.
M.Nağısoylunun Dilçilik İnstitutuna direktor seçilməsinin nə dərəcədə uğurlu təyinat olub-olmadığını öyrənmək üçün sabiq təhsil naziri, filologiya elmləri doktoru Firudin Cəlilovla əlaqə saxladıq. Professor yeni direktorla çox yaxın olmasa da, onun fəaliyyətinə bələd olduğunu deyib: "Biri-birimizi 70-ci illərdən tanıyırıq. Onu deyim ki, Möhsün Nağısoylu çox təvazökar insan, zəhmətkeş alimdi.
Dilçilik İnstitutunda problemlərin illərdir üst-üstə qalandığını vurğulayan professor orfoqrafiyamızın biri-birinə qarışdığını deyib: "Dilçilik İnstitutunda çox ciddi islahatlara ehtiyac var. Xüsusən də, sözlərin yazılışı sahəsində durum çox biabırçı səviyyədədir. Buradakı səhvləri aradan qaldırmaq üçün yeni direktor ortaya çox ciddi iradə qoymalıdır. Əvvəllər Dilçilik İnstitutunda Terminologiya şöbəsi fəaliyyət göstərirdi. Onu bağladılar ki, guya, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası həmin şöbənin işini görür. Hansı ki, həmin komissiya dilçilikdən başı çıxmayan insanların əlində cəmləşib”.
F.Cəlilovun sözlərinə görə, bugünkü Azərbaycan dilçiliyi irəli getmək əvəzinə, geri-geri gedir. Hətta 1960-70-ci illərdəki Azərbaycan dilçiliyindən 100 il geri qalır: "Azərbaycanda öz sahəsinə Dilçilik İnstitutu qədər laqeyd yanaşan ikinci bir İnstitut tanımıram. Ötən bu illər ərzində neçə dəfə direktor dəyişdi. Amma heç biri zamanla ayaqlaşıb, zəruri islahatlar aparmadı. Başları daxili çəkişmələrə, qeyri-ciddi işlərə o qədər qarışdı ki, İnstitutun görəcəyi işlər arada itib-batdı. Dilçilik İnstitutunda direktor vəzifəsini icra etmək Möhsün müəllimdən çox böyük məsuliyyət tələb edir. İndiki halda bu İnstitutda baş çıxarmaq və problemlərin həllinə yönəlik addımlar atmaq çox çətin olacaq. Hesab edirəm ki, o, işinə kompleks islahatlar aparmaqla başlamalıdır. Gərəksiz şöbələr ləğv edilməli və əvəzində zamanın tələbinə uyğun yeni şöbələr açılmalı, eyni zamanda İnstituta yeni mütəxəssislər cəlb olunmalıdır. Bütün bu islahatlarla başa çıxmaq isə o qədər də asan məsələ deyil. Təbii ki, o, bir sıra çətinliklərlə üzləşəcək. Ona görə də uğurla bərabər Möhsün Nağısoyluya səbr və dəyanət arzulayıram. Dilçilik İnstitutu bizim mənəvi dayağımızdır. Orada baş verən hər bir proses bizim mədəniyyətimizə təsir edir”.
Professorun sözlərinə görə, İnstitutdakı problemlərlə Möhsün Nağısoylunun nə dərəcədə başa çıxdığını zaman göstərəcək: "Kimisə vəzifəyə təyin edəndə ona 100 gün vaxt verirlər. Möhsün müəllimin Dilçilik İnstitutunda direktor olaraq özünü necə doğrultduğuna ancaq 100 gün sonra qiymət vermək olar. Hər halda onun potensialına bələd olduğum üçün uğurlu fəaliyyət quracağına ümidim var”.
Şəymən