Xarici İşlər Nazirliyi çarəsiz ailəyə yardım etməyəcək
Moskvanın "Şeremetevo” hava limanında ailəsi ilə birgə məskunlaşan azərbaycanlı Gülüstan İsa-Şaxo cərimələnə bilər. Rusiyanın dövlət ittihamçısı azərbaycanlı qadının 30 min rubl (təxminən 490 manat) dəyərində cərimələnməsini tələb edir. Gülüstan İsa-Şaxonun vəkili qadının cinayət məsuliyyətindən azad edilməsi üçün müraciət etsə də, onun vəsatəti təmin edilməyib.
Bildirilib ki, İraqdakı terrordan qaçarkən problemlərlə üzləşən qadını mühakimə edərkən prokurorluq bəzi yüngülləşdirici halları - onun 4 yetkinlik yaşına çatmamış uşağının olmasını və daha əvvəl mühakimə olunmamasını nəzərə alıb. Məlumat üçün bildirək ki, Gülüstan İsa-Şaxo İraqdakı terrordan qaçaraq Rusiyaya qaçqın kimi sığınmaq istəyib. Lakin kiçik övladlarının sənədlərində problemlər olduğundan onları ölkə ərazisinə buraxmayıblar. Ailə məcbur olub "Şeremetevo” aeroportunda məskunlaşıb. Əvvəlcə Gülüstanın Qazaxıstan vətəndaşı olduğu deyilsə də, Qazaxıstanın Rusiyadakı səfirliyi bu məlumatı təkzib edib. Araşdırılan zaman qadının 1981-ci ildə Azərbaycanda anadan olduğu, daha sonra ailəsi ilə birlikdə Qazaxıstana köçərək bir neçə il burada yaşadığı bildirilib. Hazırda İsa-Şaxo ailəsinin gələcək taleyi Rusiya Federasiyasının Miqrasiya Xidmətindən asılıdır.
Ekspert Azər Allahverənovun sözlərinə görə, əgər hansısa ölkə vətəndaşları münaqişə ocaqlarından qaçaraq məskunlaşmaq üçün Rusiya ərazisinə daxil olursa, Rusiya hökuməti tərəfdaş çıxdığı beynəlxalq konvensiyalara uyğun olaraq, həmin insanlara sığınacaq verməyə borcludur. Faktiki olaraq, Rusiya tərəfi həmin ailəni cərimələmləklə Konvensiyanın tələblərinin ziddinə hərəkət edir.
Ekspertin sözlərinə görə, Rusiya ərazisində fəaliyyət göstərən çoxsaylı beynəlxalq təşkilatlar var ki, onların bilavasitə vəzifəsi bu cür əlaqələri həyata keçirməkdir: "BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Moskva ofisi həmin ailəni himayə edə bilər. Hər nə qədər mandatına daxil olmasa da, Beynəlxalq Miqrasiya təşkilatı da bu istiqamətdə güclərini səfərbər edərək problemin həllinə nail ola bilər. Həmçinin Rusiyada insan haqlarının müdafiəsi üzrə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları da hökumətin bu addımına adekvat cavab verməlidirlər”. A.Allahverənovun sözlərinə görə, yuxarıda adı sadalanan təşkilatlardan hansısa İraqdakı terrordan qaçaraq Rusiyaya sığınmaq istəyən ailənin haqlarını müdafiə edə bilər. Moskva "Şeremetevo” hava limanında ailəsi ilə birgə məskunlaşan qadının azərbaycanlı olma ehtimalı fonunda ölkəmizin atacağı addımlara gəldikdə isə ekspert deyib ki, Azərbaycanın Rusiyadakı səfirliyi də bu məsələyə müdaxilə etməli və soydaşımızın hər hansı bir formada hüquq və azadlıqlarının pozulması halları varsa, həmin qadının haqlarının bərpa olunmasına çalışmalıdır: "Amma burada bir maraqlı nüans var ki, Gülüstan İsa-Şaxo azərbaycanlı olsa da, onun həyat yoldaşı Azərbaycan vətəndaşı deyil. Burada artıq Azərbaycanın atacağı addımlar birtərəfli olduğu üçün ailənin parçalanması məsələsi ortaya çıxa bilər. Hansı ki, burada bütün ailənin taleyindən söhbət gedir. Ona görə də, optimal variant axtarılmalıdır. Tək qadına köməklik göstərmək mexanizmi özünü doğrultmayacaq. Amma bəlkə bayaq dediyim təşkilatların müdaxiləsi nəticəsində Rusiya hökuməti həmin ailəyə sığınacağın verilməsi ilə bağlı müvafiq qərar verər”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, həmin qadının azərbaycanlı olması ilə bağlı heç bir məlumat yoxdur: "Hər hansı bir Azərbaycan vətəndaşı xarici ölkələrdə öz hüquqlarının müdafiəsi ilə əlaqədar olan vəziyyətlə bağlı Azərbaycanın həmin ölkədəki səfirliyinə və digər diplomatik nümayəndəliklərinə məlumat verə bilər. Lakin İraqdakı terrordan qaçaraq Rusiyaya sığınmaq istəyən Gülüstan İsa-Şaxo ilə bağlı bizim oradakı səfirliyimizə heç bir məlumat daxil olmayıb. Onu da qeyd edim ki, müraciətin olmaması ilə yanaşı, həmin xanımın Azərbaycan vətəndaşlığı olmadığı üçün biz həmin ailəyə hansı bir yardım etmək imkanında deyilik”.
Şəymən