Müasir jurnalistika və mobil rabitə...

Hikmət Sabiroğlu: “Mobil telefon jurnalistlərin informasiya əldə etmək imkanlarını xeyli dərəcədə artırıb”
Arzu Nağıyev: “Bəzən elə olur ki, operativlik naminə müəyyən addımları telefonla da atmaq olar”

(... əvvəli ötən sayımızda)

Dünyada mobil rabitədən istifadə günü-gündən kütləviləşir. Bu proses isə təbii olaraq həm mobil rabitə operatorları arasında rəqabəti gücləndirir, onları daha müasir texnologiyaların tətbiqinə sövq edir, həm də bu kütləvilik mobil rabitənin tətbiqi sahələrinin artmasına yol açır. Bu baxımdan sözügedən avadanlıqlar media üçün də geniş imkanlar vəd edir.

Bir vaxtlar jurnalistin ayrılmaz parçası onun mürəkkəbli qələmi idisə, indi bu vacibatların ön sırasında mobil telefon gəlir. Bu gün heç bir media orqanı xəbəri anında ötürən bu aparatlar olmadan işini qura bilməz. Bircə mobil telefon bəs edir ki, hadisə yerindən operativ qaydada həm səsli, həm foto və ya videogörüntülü xəbər ötürəsən. Yəni məşhur məsəldə olduğu kimi, bir gülləyə iki yox, daha çox dovşan vura bilərsən. Təki "silahın” daim səninlə olsun.

Bu baxımdan həm radio, həm televiziya, həm qəzet, həm də internet jurnalistikası mobil rabitənin imkanlarından özünə lazım olan formada istifadə edir. Azərbaycan mediası, bütün ölkə vətəndaşları kimi, mobil rabitənin imkanlarından 90-cı illərin ortalarından istifadə etməyə başlayıb. O vaxta qədər jurnalistləri informasiya sahibi ilə calaşdıran ya ənənəvi telefon aparatları idi, ya da jurnalistin öz ayaqları. Yəni xəbər sahibini telefonla tapa bilməyəndə, ən kiçik məlumatı öyrənmək və ya dəqiqləşdirmək üçün öz ayağınla xəbərin dalınca getməli olurdun. Maraqlıdır, mobil rabitənin bu imkanlarına jurnalistlərin münasibəti necədir. Media nümayəndələri mobil telefonların imkanlarından istifadənin faydalı, yoxsa zərərli tərəflərinin daha çox olduğunu düşünür?

"İndi informasiyanın ömrü saniyələrlə ölçülür”

20 ildən çoxdur jurnalistika ilə məşğul olan, ölkənin aparıcı mətbuat orqanlarında çalışan jurnalist Hikmət Sabiroğlu bu fikirdədir ki, hər bir texnoloji tərəqqi işin yalnız xeyrinə ola bilər: "Mobil telefon jurnalistlərin informasiya əldə etmək imkanlarını xeyli dərəcədə artırıb. Həmişə deyirdilər ki, qəzetin bir gün ömrü var. Texnologiyalar o qədər inkişaf etdi ki, indi informasiyanın ömrü dəqiqələr, saniyələrlə ölçülür. Mobil rabitəsiz buna nail olmaq mümkün deyil. Təsəvvür edin ki, mobil telefon yoxdur. Bu halda jurnalistin operativ faəliyyət göstərməsi çox çətin olar”.

"Trend” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev: "Bilirsiniz, jurnalistləri bir neçə kateqoriyalara bölsək, buna gərək başqa prizmadan yanaşaq. Məsələn, geniş reportaj hazırlayan jurnalist təbii ki, telefondan istədiyi kimi istifadə edə bilməz və ya vacib bir müsahibə üçün telefonla işləmək də düzgün çıxmaz. Telejurnalistlər və ya hərbi sahədə çalışanlar da belə addımlar ata bilməzlər. Eyni zamanda təmsil etdikləri qurumların səviyyəsindən və ya texniki təchizatından da asılıdır. Təbii ki, bəzən elə olur ki, operativlik naminə müəyyən addımları telefonla da atmaq olar. Amma video reportajlar telefonla alınarsa, format düz gəlməyə bilər. Ümumən götürəndə burada elə bir qəbahət yoxdur, ancaq hər halda hərənin öz markası, öz adı olmalıdır...”

APA Holdinqin baş direktoru Vüsalə Mahirqızı isə hesab edir ki, mediada, xüsusən də internet mediada mobil rabitə bu gün əsas vasitələrdən birinə çevrilib. Artıq insanlar istəyirlər ki, informasiya onların yanlarında, ciblərində olsun. Kompüterlər ağır vasitələrdir, hətta "noutbuk”ları, kiçik "netbuk”ları belə daşımaq problem yaradır. Ona görə də insanlar mobil versiyaları telefonlardan oxumaq istəyirlər. V.Mahirqızının sözlərinə görə, artıq bütün ciddi saytlar özlərinin mobil versiyalarını hazırlamasına diqqət çəkir. Mobil telefon vasitəsilə bu saytlara girəndə açılma, yüklənmə problemi yaranmır, internetin vəsait yazması çox minimal həddə olur. APA Qrupa daxil olan bütün saytların mobil versiyaları var: "Saytların mobil versiyası o deməkdir ki, biz saytları həmin mobil texnologiya ilə uyğunlaşdırırıq. Kompüterdə saytı necə izləyirsənsə, mobil telefonda da o cür xəbərləri izləyir, bütün şəkillərə baxırsan. İstəyirik ki, saytlarımız internet texnologiyalarında olduğu kimi mobil texnologiyalarda da o cür asan oxunsunlar. m.apa.az, m.lent.az, m.vest.az və m.apasport.az adı ilə bizim saytların hamısının mobil versiyası var. Digər tərəfdən, bu gün ‘iPad”, "iPhone” smartfonları var. "Samsung”, "Nokia” və digər şirkətlərin istehsalı olan smartfonlar da var. Bunlar həm kompüter, həm də telefon kimi funksiyalara malikdirlər. Yəni həm mobil informasiya vasitəsi, həm də mobil kommunikasiya vasitəsi kimi fəaliyyət göstərirlər. Saytların mobil versiyalarının wap versiyalardan daha asan açıldığını da qeyd etmək lazımdır. Onu da deyim ki, bizim saytların hamısının wap versiyaları da var. Hesab edirəm ki, gələcəkdə tamamən mobil versiyalara üstünlük veriləcək”.

"Yavaş-yavaş hər şey telefonumuza, cibimizə daşınacaq”

Azərbaycanda elektron ticarət hələ geniş yayılmasa da, inkişaf etdiyini bildirən V.Mahirqızına görə, bu da KİV-lərin inkişafına öz təsirini göstərəcək. Söhbət mobil versiyalar vasitəsi ilə SMS-lərin göndərilməsindən, müəyyən hadisələr haqqında xəbərlər, elanlar verilməsindən gedir. O, Azərbaycanda hələ geniş yayılmayan, amma inkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyədə də geniş yayılmış bir xidmətə diqqət çəkir: "Qonşu Türkiyədə informasiya agentlikləri ilə mobil rabitə operatorları müqavilələr imzalayırlar və günün önəmli xəbərlərini paketə abunə olan istifadəçiyə göndərirlər. Biz bir müddət "Azercell” şirkəti ilə bu üsulla işlədik. O zaman saytların hələ mobil versiyaları yox idi. Biz abunə vasitəsi ilə gündəlik hava proqnozunu, insanları maraqlandıran xəbərləri göndərdik. İstehlakçı, istifadəçi istəyirsə, abunə olub, həmin paketi ala bilər. Əslində, xaricdə bu, qəbul olunmuş bir qaydadır. Məsələn, yollarda hərəkətin məhdudlaşdırılması barədə saytlarda yazılır. Kimsə hansısa saytı oxumaya və bu xəbəri görməyə bilər. Amma ölkədə olan mobil rabitə xidmətləri ilə medianın əlaqə saxlayıb, Bakı şəhərində qeydiyyatda olan istifadəçilərə belə bir mesaj göndərmək mümkündür ki, sabah Bakının hansı yollarında məhdudiyyətlər olacaq. Yaxud Bakının hansı rayonlarında su təminatında məhdudiyyətlər yaranacaq. Əslində gələcəkdə bunu da tətbiq etmək olar. Mən təklif edərdim ki, Azərbaycandakı bütün saytlar özlərinin mobil versiyalarını yaratsınlar. Bu, onların daha çox oxunmasına gətirib çıxara bilər. Əslində, görünən gələcək odur ki, biz sürətlə onlayn ödəmələrə keçəcəyik. Evdə qaz, işıq pulunun, müxtəlif sosial və kommunal xidmətlərin onlayn, hətta mobil rabitə vasitəsi ilə ödənilməsi gündəmdədir. Yavaş-yavaş hər şey telefonumuza, cibimizə daşınacaq. Bir dəfə Avropa alimlərinin bir tədqiqatını oxudum. Onlar qeyd edirlər ki, elə bir vaxt gələcək ki, telefon vasitəsi ilə qapıların bağlanılması, elektrikin, qazın evdə idarə olunması, yəni hər şey bir telefona yığılacaq. İnsan bir telefon vasitəsi ilə məişət, ictimai və siyasi idarəetməni həyata keçirə biləcək. Biz o gəlişməyə doğru gedirik”.

APA Qrupun baş direktoru mobil rabitənin imkanlarından istifadə ilə bağlı zaman-zaman Azərbaycanda müşahidə olunan mənzərəyə də diqqət yetirməyi zəruri sayıb: "1997-1998-ci ildə mobil rabitənin Azərbaycana gəldiyi ilk vaxtdan 2004-2005-ci illərə kimi mobil rabitə Azərbaycan mediası üçün yalnız xəbər alma vasitəsi olub. 2005-ci ildən sonra saytların mobil versiyaları yaranıb. Beləliklə, təkcə danışaraq informasiya almaq yox, həm də mobil rabitə vasitəsi ilə informasiya oxumağa, qəbul etməyə başlamışıq. SMS-ləşmə fəallaşıb: "Bu gün mobil telefonlar vazkeçilməz vasitədir. O yoxdursa, elə bil ki, həyatınızda çox ciddi şeylər boşluqdadır”.

Jurnalist Vəfa Fərəcova deyib ki, hazırda operativ məlumat ötürmək məsələsində mobil rabitə dada yetir, mobil telefon olmayan zaman informasiyanın ötürülməsində vaxt itkisi qaçılmaz olub: "Hadisə yerindən redaksiyaya gəlib yazmaq həm jurnalistin yorğunluğuna yol açır, həm də yazının keyfiyyətinə təsir edirdi”.

O, Azərbaycanda mobil rabitənin imkanlarından mediada 2000-ci ildən sonra istifadə edilməyə başladığını söyləyib: "2000-ci ildən əvvəl mobil telefon hər kəsdə olmayıb, jurnalistlər də maaşları ilə mobil telefon almaqda çətinlik çəkiblər. 2000-ci ildən sonra mobil telefonların qiymətinin enməsinin müşahidə olunması ilə hər ikinci, üçüncü şəxs, o cümlədən jurnalistlər də mobil telefon almaq iqtidarında olur. O, mobil operatorların internet xidmətləri istifadəyə verildikdən sonra mobil telefonun KİV üçün əvəzedilməz vasitəyə çevrildiyini qeyd edib. Çünki biz artıq istədiyimiz an məlumatı iki-üç cümlə ilə də olsa, yazıb internet vasitəsi ilə ötürə bilirik.

Bəzən mobil telefon "noutbuk”dan operativ olur. Mobil operatorların MMS xidməti də çox vacibdir. Tutaq ki, Azərbaycanın bir ucqar bölgəsində bir hadisə baş verib. Oradan internetlə belə şəkil göndərmək vaxt tələb edir. Ancaq mobil telefonla zəng edib, 2 kəlmə xəbər demək, eyni zamanda orada şəkil çəkib, MMS vasitəsi ilə göndərmək mümkündür. Mobil operatorlar işlərini püxtələşdirdikcə, bizim də işimiz bir o qədər asanlaşır. Amma təəssüflər olsun ki, bəzi mobil operatorlarda MMS xidməti bir az axsayır”.

Şəymən