Ulduz futbolçu İrandan Azərbaycana keçib

İranda baş verən hərbi əməliyyatlar fonunda "Esteqlal" klubunun haitili hücumçusu Dükens Nazonun ölkədən qaçış yolu Azərbaycandan keçib.

Teleqraf xəbər verir ki, 31 yaşlı futbolçu bu barədə Fransanın məşhur "L’Équipe" nəşrinə verdiyi müsahibəsində deyib.

Nazon bombardmanlar səbəbindən təyyarə reysləri ləğv edildikdən sonra yeganə çıxış yolunu quru sərhədi vasitəsilə Azərbaycana gəlməkdə görüb. O, sürücüsü ilə birlikdə 10 saatlıq yol qət edərək İran-Azərbaycan sərhədinə çatıb.

Futbolçu həmin anı belə danışıb:

"Hər kəs Türkiyə tərəfə üz tutdu, mən isə sürücümlə Azərbaycan sərhədinə gəldim. 10 saatlıq yoldan sonra səhər saat 4-də çatdıq. Fransa pasportumla İrandan çıxış möhürünü vurdursam da, Azərbaycan vizası üçün tələb olunan kodum yox idi. İrandan artıq çıxış etdiyim üçün geri qayıda bilmirdim, sanki iki ölkə arasında, heç yerdə idim. Diplomatların köməyindən sonra sərhədi keçə bildim".

Qeyd edək ki, Dükens Nazon 44 qolla Haiti yığmasının bombardiridir.