Məxfilik prinsipi dəyişmədən yeni təklif qanuniləşə bilməz
Fərhad Mehdiyev: “Mediatora hakim səlahiyyəti vermək mediasiyanın mahiyyətinə ziddir!”
Son zamanlar Azərbaycanda boşanmaların sayı xeyli artıb. Ailə münasibətlərinin sarsıldığı anda tərəflər adətən iki yol ayrıcında qalırlar. Ya emosional qarşıdurmanı məhkəmə vasitəsilə, hüquqi müstəvidə həll edirlər ya da danışıqlar yolu ilə ortaq məxrəcə gələrək, boşanmadan imtina edirlər. Son illər Azərbaycanda mediasiya şurasının fəaliyyəti daha çox cütlüyün seçiminə çevrilməyə başlayıb.
Çünki mediasiya şurası cütlük arasında boşanma prosesinin sağlam və konstruktiv müzakirə əsasında formalaşmasına xidmət edir. Parlamentin bugünki iclasında, 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzənin müzakirəsi zamanı deputat Fazil Mustafa, boşanmaların acınacaqlı vəziyyətindən danışıb. O, boşanma prosesləri ilə bağlı müəyyən səlahiyyətlərin Mediasiya Şurasına verilməsini təklif edib. Deputatın sözlərinə görə, bəzi hallarda boşanmalar alimentə görə həyata keçirilir. F. Mustafa həmçinin qeyd edib ki, mediasiya tərəflərin boşanmaq niyyəti barədə rəy təqdim edərsə, alimentin təyin edilməsi zamanı bu amilin nəzərə alınması boşanmaların sayına təsir göstərə bilər.
Mövzu ilə bağlı tanınmış hüquqşünas, professor Fərhad Mehdiyev Sherg.az-a bildirib ki, Azərbaycanda mediasiya prosesində tərəflər arasında müzakirə olunan bütün məlumatlar konfidensial (məxfi) hesab olunur:
“Bu prinsip Mediasiya haqqında Qanun ilə təsbit edilib. Mediator şurası, cütlüyün səsləndirdiyi fikirləri, mübahisənin yaranma səbəbləri barədə məhkəməyə belə məlumat vermir. Ona görə də, deputatın yeni təklifini qanuniləşdirmədən öncə, mediasiya prosesində məxfilik prinsipinin müəyyən dərəcədə dəyişdirilməsi lazımdır. Bu isə həm hüquqi, həm də sosial baxımdan ciddi müzakirə tələb edir. Təklifin boşanmaların sayının azalmasına təsir göstərə biləcəyi ehtimal edilsə də, onun mümkün nəticələri hərtərəfli təhlil olunmalıdır. Qanunvericiliyə əsasən mediator tərəflərin haqlı və ya haqsız olması barədə rəy verə bilməz. Onun funksiyası tərəfləri barışdırmaq və qarşılıqlı razılaşmaya nail olmaqdır. Bu baxımdan mediatorun fəaliyyəti hakim funksiyası ilə üst-üstə düşmür”.
Hüquqşünasın sözlərinə görə, mediatora hakim səlahiyyətlərinin verilməsi mediasiyanın mahiyyətinə zidd olar:
“Hazırda qanunun 26-cı maddəsinə əsasən mediator təşkilatları yalnız uşaqların hüquqlarının qorunması ilə bağlı qəyyumluq və himayə orqanlarına rəy təqdim edə bilər. Yeni təklif qəbul edilməzdən əvvəl mediasiya rəyinin məzmununun necə formalaşacağı, aliment məsələlərində rəyin hansı hüquqi nəticələr doğuracağı müəyyən edilməlidir. Mediasiya şurasının məhkəməyə verdiyi rəy, boşanma prosesinin süni şəkildə gecikdirilməsinə səbəb olmamalıdır. Məsələn, fərz edək ki, cütlüyün 3 azyaşlı uşağı var. Onlar boşanmaq istəyirlər. Haqsız tərəf isə qadındır. Məhkəmə uşaqları atanın himayəsinə vermək istəsə də, o bundan imtina edir. Belə olan halda uşaqların saxlanılması üçün maddi təminat məsələsi qaçılmazdır. Əgər tərəflərdən biri haqsız mövqedədirsə, mediatorun verəcəyi rəyin hansı hüquqi nəticələr doğuracağı əvvəlcədən müəyyənləşdirilməlidir. Bununla belə, mediasiya təşkilatlarının konfidensiallıq prinsipini pozmadan, tərəf tutmadan və məhkəmə funksiyasını icra etmədən müəyyən çərçivədə rəy verməsi müsbət hal kimi dəyərləndirmək olar”.