"Müasir şəhərdə küçədəki qarı, insanlar yox, texnika təmizləyir"




Bakının Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb. Faktla bağlı araşdırma aparılır.

Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanın dövlət büdcəsindən indiyə qədər yolların qar və buzdan təmizlənməsi üçün milyonlarla vəsait ayrılsa da, qar- buz təmizləyən texnikaya yalnız paytaxtın mərkəzi küçələrində, o da ara- sıra rast gəlinir. Qalan hallarda isə bu yolları qadınlar təmizləyir. Bu artıq ənənə halını alıb. Hər dəfə qar yağıb, yollar buz bağlayanda eyni mənzərəyə şahid oluruq. 

Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri əllərində ya lapatka, ya da süpürgə səki kənarlarındakı qarı kürüyürlər. Qarda- boranda səhərin gözü açılmamış yollara düşmələri azmış kimi küçələri təmizləyən qadınlar bir çox hallarda sürücülərin də təndiqinə tuş gəlirlər. Nə var ki, qarı təmizləyən zaman yolun hərəkət istiqamətinə çıxır və nəqliyyatın hərəkətinə mane olur.

Məsələ ilə bağlı "Şərq”ə danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov ilk olaraq konkret hadisə ilə bağlı münasibət bildirib.

 Onun sözlərinə görə, yol nəqliyyat hadisəsi baş verib və ölüm hadisəsi qeydə alınıbsa, Azərbaycan qanunvericiliyinə uyğun olaraq sürücü məsuliyyət daşıyır: 

" Faktiki olaraq hadisə sürücünün ehtiyatsızlığı nəticəsində baş verən cinayət əməlidir. Çox güman ki, faktla bağlı cinayət açılan cinayət işi araşdırılacaq və təqsirli şəxs məsuliyyətə cəlb olunacaq”.


Qaldı ki, qadınların bu cür təhlükəli şəraitdə küçələri buzlardan təmizləməsinə S. Məmmədov deyib ki, bu nə qadınların, nə də kişilərin işidir. Onun sözlərinə görə, müasir şəhərlərdə küçədəki qarları, buzları insanlar deyil, texnika təmizləyir: 

"Təbii ki, burada Mənzil-Kommunal Təsərrüfat Birliyinin də məsuliyyəti var. Onlar öz işçilərini lazımı qaydada təlimatlandırmalı və onların təhlükəsizliyinə tam təminat verməli idilər”.

 Liqa sədrinin sözlərinə görə, təhlükəsizlik qaydalarına əməl olunmaq şərti ilə qadınların küçələri təmizləməsi əmək qanunvericiliyinə zidd sayılmır

"Əmək Məcəlləsində konkret olaraq göstərilib ki, qadınları hansı işlərə cəlb etmək olmaz. Həmin işlər arasında isə küçələri süpürmək və qar təmizləmək kimi hallar öz əksini tapmayıb. Bu qadınların sağlamlığına ziyan vuracaq ağır işlər kateqoriyasına aid deyil. Yəni Komunal Xidmətin bu işləri qadınlara həvalə etməməsi problemin həlli deyil. Sadəcə olaraq məsələ araşdırılmalı və küçələri təmizləyən qadınların təhlükəsizlik qaydaları ilə bağlı nə dərəcədə təlimatlandırıldığı aşkar olunmalıdır.

Bu işləri qadınların görməsinə, sabah o qadınların yerinə həmin işləri texnika görsə, onda da sual çıxacaq ki, onları niyə işdən çıxardılar? İşçi qüvvəsi çox olanda əl əməyindən daha çox istifadə edirlər, nəinki kapital tutumlu texnikadan. Həmin işlərdə qadınlar könüllü işləyirlərsə, onların ixtisara salınmasını, gördükləri işi bahalı qurğuların görməsinin tərəfdarı deyiləm. Azərbaycanda əhalinin sayı iş yerlərindən daha çoxdur. 

Ölkədə təqaüd də yüksək deyil. Ona görə kommunal təsərrüfat sahələri onları işə qəbul edir. Əlbəttə, hamısı isti geyimlə təmin olunmalıdır. Soyuq havalarda isti çay verilməlidir, işdə fasilələr olmalıdır. İşlərini nisbətən asanlaşdırmaq mümkündür. Əl alətləri müasirləşdirilməlidir, iş müddətləri azaldıla bilər”.

Şəymən