Müəllim dəftəri, əl yazısı və 100 manat cərimə...

Məlahət Mürşüdlü: “Çox təəssüflər ki, köhnə düşüncəli, informasiya və kom munikasiya avadanlıqlarından istifadə etmək bacarığına malik olmayan məktəb direktorları tərəfindən bu cür addımlar atılır”
Nabatəli Qulamoğlu: “Müəllimlərin proqramı əl yazısı ilə yazmasının üstünlüyü var”


Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə "Müəllimin proqram dəftəri”ni əl yazısı ilə yazmayan müəllimlərin 100-150 manat miqdarında cərimə ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, hər bir fənn standartlarına dair proqram materiallarının təxmini bölgüsü həmin fənn üzrə dərslik komplektinə daxil olan "Müəllim üçün metodik vəsait”lərdə verilir. Ancaq hər bir müəllim buna yaradıcı yanaşmalı, özünün illik təqvim-tematik planını hazırlamalı və həmin plan məktəb rəhbərliyi tərəfindən təsdiq

olunmalıdır. Məlumatda qeyd olunub ki, planın əlyazma və ya çap variantda olması mühüm əhəmiyyət kəsb etmir. Planın əlyazma şəklində olmasına görə, müəllimlərin cərimə edilməsi isə şayiə xarakteri daşıyır.

Azad Müəllimlər Cəmiyyətinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü isə sözügedən məsələ ilə bağlı "Şərq”ə maraqlı faktlar açıqlayıb. İlk növbədə "Müəllim üçün metodik vəsait”lərinin əl yazısı və ya çap variantda yazılmasının heç bir fərqi olmadığını vurğulayan ekspert deyib ki, əsas olan müəllimin proqrama yaradıcı yanaşıb, onu doğru-dürüst tərtib etməsidir.

Bununla belə, M.Mürşüdlü deyib ki, 21-ci əsrin informasiya texnologiyaları əsridir və bu gün ölkənin əksər məktəbləri kompüter avadanlıqları ilə təchiz olunub. O hesab edir ki, indiki reallıqda müəllimlərimiz bu texnologiyalardan istifadə etmək bacarığına sahib olmalıdır: "Məktəb direktorları da öz növbəsində müəllimləri stimullaşdırmalıdır ki, proqram dəftərlərini çap variantında hazırlamağa vərdiş etsinlər. Bu, müəllimlərin irəliyə doğru bir addımı hesab olunar”.

Bəzi orta məktəblərdə "Müəllim üçün metodik vəsait”lərinin mütləq şəkildə əl yazısı ilə tərtib edilməsinin müəllimlər qarşısında tələb kimi qoyulması faktını təsdiqləyən AMC-nin sədri belə hallarla dəfələrlə qarşılaşdığını deyib: "Çox təəssüflər ki, köhnə düşüncəli, informasiya və kommunikasiya avadanlıqlarından istifadə etmək bacarığına malik olmayan məktəb direktorları tərəfindən bu cür addımlar atılır. Yayılan məlumatlar heç də şayiə deyil. Doğrudan da, müəllimlərimiz qarşısında "proqram dəftəri”nin əlyazısı ilə hazırlanması şərt kimi qoyulur. 3 il bundan əvvəl bir layihə çərçivəsində orta məktəblərdə monitorinqlər aparan zaman şəxsən bu faktla rastlaşmışam. Bakı şəhərindəki orta məktəblərdən birində lproqram dəftəri»ni çap variantında hazırlayan kimya müəllimi direktor müavini tərəfindən həmin proqramı yenidən əlyazma ilə hazırlamağa məcbur edilib. Sumqayıt müəllimlərindən də dəfələrlə bu cür faktlarla bağlı şikayətlər almışıq. Hətta bu məsələ Azad Müəllimlər Birliyində müzakirəyə də çıxarılıb. Biz bu faktlarla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr Şöbəsinin rəhbəri Cəsarət Valehova da müraciət etdik və operativ reaksiya da aldıq ki, faktlar öz təsdiqini tapmayıb. Əslində isə bu deyilənlərlə bağlı əlimizdə kifayət qədər faktlar var. Sadəcə olaraq, nə məktəbin, nə də bu hadisəni bizə ötürən müəllimlərin adını çəkə bilirik. Çünki sonda həmin müəllimlər məktəb rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalırlar. Onların başına elə oyun açırlar ki, bir təşkilat olaraq biz belə onların hüquqlarını müdafiə edə bilmirik”.

"Müəllimin proqram dəftəri”ni əl yazısı ilə yazmayan müəllimlərin 100-150 manat miqdarında cərimə olunmasına gəldikdə isə ekspert bu iddianın inandırıcı olmadığını deyib: "Orta məktəb müəllimlərindən müəyyən miqdarda vəsaitlərin yığılması heç kəs üçün sirr deyil. Ola bilər ki, bu məbləğ də hansısa adla müəllimlərdən tələb olunub. Amma proqramı əlyazısı ilə yazmayan müəllimlərin rəhbərlik tərəfindən cərimələnməsinə inanmıram».

Təhsil eksperti Nabatəli Qulamoğlu isə deyib ki, Azərbaycan məktəbləri elektron varianta tam şəkildə keçmədiyi üçün bütün müəllimlərdən "müəllim proqram dəftəri»ni mütləq şəkildə çap variantında yazmaq tələb olunmur. Amma bunun əksi ilə bağlı tələblərin qoyulması da doğru