Müəllimin nüfuzu artır

Nadir İsrafilov: “Təhsil Nazirliyində yeni komanda çalışqandır”



Təhsil Nazirliyinin 500-dən yuxarı bal toplayan, müəllimlik ixtisasını seçən tələbələr üçün nəzərdə tutulan layihəsi artıq 600 tələbəni əhatə edir. Lent.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu il 500-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə 37 faiz çox olub.

Təhsil Nazirliyi tərəfindən keçirilən "Sabah” layihəsi çərçivəsində təhsil alanların sayı isə 1600-ü ötüb. Nazir müəllim olmaq üçün müraciətlərin sayının artdığını da deyib. Ötən il müəllimliyə qəbul olmaq üçün 17 min nəfər müraciət etmişdisə, bu il 24 min nəfərdir. Bu da müəllimliyə marağın ötən iki illə müqayisədə 41 faiz artdığının sübutudur.

Nazir deyib ki, cari ildə kənd məktəblərində işləməyi seçən 1729 nəfərə verilən kompensasiya 40 manatdan 60 manata, əməkhaqqı 70 manatdan 100 manata kimi artırılıb.

Təhsil ekspertləri isə hesab edirlər ki, müəllim işləmək istəyənlərin sayının artmasının əsas səbəbi işə qəbulla bağlı qaydaların sadələşməsidir.

Təhsil eksperti Nadir İsrafilov "Şərq”ə açıqlamasında bildirdi ki, müəllimliyə işə qəbulla bağlı qaydalar zaman-zaman bir çox dəyişikliyə uğrayıb və hazırda bu qaydalar nisbətən sadə şəkildədir:

- Təhsil nazirinin sözündə həqiqət var. Statistika da bunu təsdiq edir. Bilirsiz, müəllim ixtisasına yiyələnənlərlə bağlı bizdə həmişə qəribə vəziyyət hökm sürüb. Müəllim ixtisası verən 3 əsas ali məktəbdən savayı, hardasa 30 ali məktəb vardı ki, bunların hamısı müəllim hazırlayırdı. Nəticədə hər il 3500-4000 civarında vakant yer əmələ gəlirdi. Müəllim buraxılışı ehtiyacdan 2 dəfə artıq olurdu. Amma bunun müqabilində qəribə bir dilemma da yaranırdı. Məktəblərdə müəllim çatışmırdı, amma müəllim ixtisasına yiyələnənlərin sayı artırdı. Sovet vaxtı belə idi ki, müəllimlər işə qəbul olunmaq üçün növbəyə dayanırdılar. 5 ilə, 6 ilə kiminsə növbəsi gəlib çatırdı. Gördülər ki, bu minvalla müəllimlər illərlə növbə gözləyir, qaydanı dəyişdilər və müəllimləri işə qəbul etmək hüququ məktəblərə verildi. Orta məktəblər vakant yerlər barədə yazılı məlumat yerləşdirirdilər, orada vakant yerlər yazılırdı, müəllimlər də buna müvafiq məktəb rəhbərliyinə müraciət edirdilər. Hər məktəbdə 7-11 nəfərdən ibarət komissiya vardı, onlar müraciət edənin bilik, savad, bacarıq səviyyəsini yoxlayırdılar. Yoxlamadan yaxşı çıxanlarla bağlı rayon təhsil şöbəsinə təqdimat yazılırdı və o müəllim işə qəbul olunurdu. Müstəqillik illərində bu qaydalar dəyişdi. Və müəllimlərin işə qəbulu mərkəzləşmiş şəkildə Təhsil Nazirliyinin öhdəsinə verildi. Bu, çox ağır şərtlər idi. Təsəvvür edin ki, müəllimin işə qəbulu üçün 70 maddə nəzərdə tutulurdu. Deyək ki, 3000 müəllim sənəd təqdim edirdisə, onun 1500-nün sənədi ümumiyyətlə qəbul olunmurdu. 70 maddə üzrə elə suallar qoyulurdu ki, müəllimlərin böyük əksəriyyəti onlara cavab verə bilmirdi. Ona görə də əksəriyyəti imtahandan kəsilirdi. Qaydalar çox sərt olduğundan müəllimlər işə qəbul üçün sənədlərini təqdim etmirdilər. Cavablara görə təyin edilən keçid balı da yüksək idi. Gərək suallara 80 faiz cavab veriləydi ki, şəhər məktəblərində işlə təmin olunaydı. Aşağı bal göstəricilərinə bölgələrdəki məktəblərə getmək təklif olunurdu. Amma nazirlik gördü ki, bu qayda ilə müəllimlərin işə qəbulu alınmır, məcbur olub, qaydalara dəyişiklik etdilər, 70 maddəni 35-ə endirdilər. Yəni, yarıbayarı. Keçid ballarını da endirdilər. Əvvəlcə işə qəbul olunmaq istəyən müəllimdən suallara 80 faiz cavab vermək tələb olunurdusa, indi 10 faizdir. Yəni, şərtlər, qaydalar yüngülləşib, sadələşib. Ona görə də müəllimliyə işə qəbulla bağlı müraciətlər də artıb. Müəllimlik ixtisasını birinci seçənlərə güzəştlərin tətbiqi də bu sahəyə marağı artırıb. Təqaüdlərin yüksəlməsi, əlavə təqaüdlərin verilməsi tələbələri müəllim ixtisasına cəlb edir. Bu, əlbəttə, yaxşı haldır.

Kənd məktəblərində çalışanlara kompensasiyaların məbləğinin və əmək haqqının artırılmasına gəlincə, N.İsrafilov təkcə bununla müəllimləri kəndə cəlb etməyin çətin olacağını dedi:

- İstəyirsən, 60 manat yox, lap 100 manat elə, əmək haqqını da 200 manata çatdır, ümumi sosial şərait yaxşılaşmasa, kəndə axın olmayacaq. Kəndin daimi qazı gəlməlidir, işığı yanmalıdır, yolu rahat, müəllimin evi-eşiyi, bağı-bostanı olmalıdır. Amma bir sıra hallarda yenə də məmur özbaşınalıqları var. Müəllim əkin sahəsi üçün kənd bələdiyyəsinə, icra hakimiyyətinə müraciət edir, müraciətinə baxılmır, geri çevrilir. Məktəbdə faktiki müəllim yeri boşdur, amma müəllimi işə götürmürlər. Ədəbiyyat dərsini şahmat müəllimi tədris edir, amma ədəbiyyat müəlliminə deyirlər, dərs saatı yoxdur. Mən bölgələrə tez-tez səfər edirəm və camaatla söhbət aparıram, mənə vəziyyəti danışırlar. Görürsən ki, müəllimlərin qarşısında yenə də bəzi baryerlər qalmaqdadır. Müəllimləri bölgələrə, ucqarlara cəlb etmək üçün kifayət qədər tutarlı güzəştlər tətbiq edilməli, imkanlar yaradılmalıdır. Məsələn, sovet vaxtı, institutu bitirmiş oğlanlara kənd müəllimi işləyəcəyi halda hərbi xidmətdən azad edilmək güzəşti tətbiq edilirdi. Belə edirdilər ki, gənc mütəxəssislər kəndə getsin. Bir neçə il əvvələ baxsaq, kənd məktəblərindən çıxan abituriyentlərin qəbul imtahanlarında yüksək nəticələr göstərdiyini görərik. Amma indi vəziyyət o həddə çatıb ki, bəzən bir kənddən ümumiyyətlə, ali məktəbə sənəd verən, tələbə adını qazanan bir nəfər də olmur. Bu, onun nəticəsidir ki, kənd məktəblərində artıq yüksək elmə malik müəllimlərin sayı azalır. Kəndə nüfuz etmək, oranın vəziyyətini ətraflı öyrənmək lazımdır.

N.İsrafilov nazirliyin yeni komandasının çalışqan olduğunu da dedi:

- Gedənin ardınca danışmazlar, amma son 15 ildə təhsilimiz elə dağıntılara məruz qaldı ki, bunu bir-iki ilin içində düzəltmək asan iş deyil. Təzə nazirin özü də, komandası da görünür ki, çalışır. Hər halda "buz yerindən tərpənib”. Heç olmasa, tədrisdəki qüsurlarla, nöqsanlarla bağlı səmimi etiraf edirlər. Bunun özü böyük işdir. Bir az səbr edək.

Məlahət Rzayeva