"Müəllimlərin uniforma geyinməsi ilə heç nə dəyişməyəcək" - Professor

Qulu Məhərrəmli: "Təhsilin əsas işi yaxşı şagird yetişdirmək, zəruri bilik vermək, yaxşı tədris kitabları ortaya qoymaq, texnologiyanı gücləndirmək, orta məktəb şagirdlərində yaxşı bilik və düşüncə yaratmaqdır"


"Geyim məsələsi təhsil müəssisəsi üçün başlıca problem deyil”.

Bunu "Sherg.az”a müəllimlərin vahid geyimə keçməsi məsələsinə münasibət bildirərkən tanınmış telejurnalist, professor Qulu Məhərrəmli deyib. 

O bildirib ki, təhsil üçün önəmli müzakirələr sistem, yeni metodikaların tətbiqi, tələbə və şagirdlərə yaxşı bilik vermək olmalıdır:

""Uniform" məsələsi müəllim və şagirdlər üçün hansısa qapalı müəssisələrdə tətbiq edilə bilər. 

Məktəblərdə bütün müəllimlərə vahid format tətbiq edilməsi prioritet deyil. Bunu müəyyənləşdirməyə vaxt sərf etmək deyil, Azərbaycanda təhsilin keyfiyyətini yüksəltməyə çalışmaq lazımdır. Təhsili inkişaf etdirməliyik ki, abituriyentlərimiz qəbul imtahanlarında 200-300 balın ümidinə qalmasın.

Hesab edirəm ki, uniforma məsələsi barədə müzakirələr jurnalistlərdən də, təhsil işçilərindən də boş yerə enerji alır. Müəllimlərin vahid geyim geyinməsi ilə heç nə dəyişməyəcək. Təhsilin əsas işi  yaxşı şagird yetişdirmək, zəruri bilik vermək, yaxşı tədris kitabları ortaya qoymaq, texnologiyanı gücləndirmək, orta məktəb şagirdlərində yaxşı bilik və düşüncə yaratmaqdır. Bütün bunları təmin etmədikdə vahid geyimin heç bir mənası yoxdur. Ona görə, buna mənasız müzakirə kimi baxıram”.

Qeyd edək ki, son günlər şagirdlər kimi müəllimlərin vahid geyimə keçməsi barədə müzakirələr güclənib. İctimaiyyət nümayəndələri, bir çox ziyalılar isə bunun lazımsız olduğunu bildirir, geyimə deyil, təhsil inkişafına diqqət edilməsini vacib hesab edirlər.

Ayyət Əhməd