Xəzər dənizində ölən Qazaxıstan hərbçilərinin sayı 14-ə çatdı

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı həlak olan hərbçilərin sayı 14 nəfərə çatıb.

Bu barədə Teleqraf Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Bildirilib ki, bu gün səhər saatlarında Xəzər dənizinin akvatoriyasında itkin düşmüş iki hərbçinin meyiti tapılıb və bununla da axtarış əməliyyatı başa çatıb.

Xatırladaq ki, faciə sentyabrın 24-də döyüş-təlim tapşırığı yerinə yetirilərkən baş verib. Hava şəraitinin qəfil və kəskin pisləşməsi nəticəsində açıq dənizə aparılan 17 hərbçidən 3-ü xilas edilib, 14-ü isə həlak olub.