Müvəqqəti avtomobil yolu salınacaq

Göyçayda yeni körpü tikilməyəcək, əvvəlki körpü bərpa olunacaq



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Göyçay rayonunda sel nəticəsində dağılan piyada körpüsünün bərpa olunduğunu deyib.

Onun sözlərinə görə, iyunun 3-də Agentlik əməkdaşları ərazidə hərəkətin bərpa edilməsi üçün işlərə başlayıblar: "Bütün ağır texnika və canlı qüvvə əraziyə cəlb edilib. Sel nəticəsində dağılan piyada körpüsü artıq bərpa edilərək əhalinin istifadəsinə verilib. Göyçay Rayon İcra Hakimiyyəti əhalinin daşınması üçün körpünün hər iki tərəfinə xüsusi avtobuslar təhkim edib. Hazırda piyada hərəkəti bərpa edilib”.

Avtomobil yolunun bərpası işlərinə də start verildiyini qeyd edən A.Nəcəfli deyib ki, çayın yuxarı hissəsindən 200 metr aralıda müvəqqəti alternativ avtomobil yolunun çəkilməsinə başlanılıb: "Çayın məcrasını dəyişdirirlər ki, ərazidə işləmək mümkün olsun. Əraziyə beton borular gətirilib. Çayın üzərinə beton borular düzülməklə həmin boruların üstündə yol çəkiləcək. Bu işlərdən sonra dağılan körpünün bərpasına başlanacaq”.

Selin körpüyə xəsarət yetirmədiyini deyən qurum sözçüsü körpü və dayaqların yerində olduğunu bildirib. Sadəcə olaraq sel suları sahil-mühafizə bəndini dağıdıb. Körpünün kənarındakı sutənzimləyici qurğunun dağıdılması nəticəsində çayın məcrası genişlənib və üstündə olan yol dağılıb. Həmin hissə körpünün yanaşma yolu sayılır. Ona görə də ehtimal odur ki, ərazidə yeni körpü tikilməyəcək, əvvəlki körpü bərpa olunacaq”.

A.Nəcəflinin sözlərinə görə, bir həftəyə ərazidə müvəqqəti avtomobil yolu salınacaq və avtomobillərin hərəkəti bərpa ediləcək.

Problem barədə "Sherg.az”a danışan jurnalist Elşad Məmmədli deyib ki, yaranmış problemin həll edilməsi üçün tədbir görüləcəyinə inanır: "Artıq körpünün uçmasına səbəb olan amillərin qarşısının alınması üçün işlərin başlandığını deyiblər. Amma nəticə haqda danışmaq tezdir”. Göyçay-Ağdaş seçki dairəsinin deputatı Elman Nəsirov isə bu məsələ ilə bağlı təsdiqlənmiş faktlar olmadan iddialar ortaya atılmasını dəstəkləmir: "Hazırda yaranmış vəziyyətlə bağlı müvafiq dövlət komissiyası çalışır. Fövqəladə Hallar Nazirliyi və digər qurumlar problemlə məşğuldur. Mövcud komissiyanın yekun rəyi olduqda problemin səbəbləri, bunların necə aradan qaldırılması ilə bağlı fikir söyləmək olar. Hər halda bizdə olan məlumata görə, körpünün aşması sel sularının yaratdığı fəsadlarla əlaqədardır. Xüsusilə, İsmayıllıdan gələn sel sularının məcrasından çıxması səbəbindən bu vəziyyət yaranıb”.

Şəymən