Müzakirələr siqaret çəkənlərə bir mesaj idi

Millət vəkili hesab edir ki, cərimələr daha sərt olmalıdır



Azərbaycanda "Tütün və ya tütün məmulatı haqqında” qanun ilə qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə cərimə tətbiq ediləcək.
İnzibati Xətalar Məcəlləsinə əsasən qanunla qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə ediləcəklər. Məcəlləyə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.

"Tütün və ya tütün məmulatı haqqında” Qanuna əsasən tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində, yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə, uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində siqaret çəkilməsi qadağan edilir. Qeyd edək ki, ictimai nəqliyyat vasitələrində siqaretin çəkilməsinə görə cərimə bir müddət bundan öncə Azərbaycanda ictimai nəqliyyat vasitələrində siqaretin çəkilməsi ilə bağlı qadağaların pozulmasına görə, 50 manat məbləğində cərimə tətbiq edilməsinə başlanılıb. Yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Siqaretin insan orqanizmi üçün zərərli olduğunu vurğulayan millət vəkili Məlahət Həsənova deyib ki, təkcə siqaret çəkənlər yox, həmçinin siqaret tüstüsü udan kənar şəxslər də riskə məruz qalır. Məhz bu səbəbdən də bir çox ölkələrdə ictimai yerlərdə siqaret çəkməyə yasaq qoyulub: "Biz bəzi hallarda ölkəmizdə tətbiq edilən cərimələrdən narazılıq edirik. Sonra da Avropa ölkələrinə qibtə edirik ki, orada necə də hər şey öz yerindədir. Hansı ki, insan hər ölkədə, hər qitədə eyni insandır. Sadəcə olaraq, qabaqcıl ölkələrdə ictimai şüur və qanunların icra mexanizminin inkişafı yüksək səviyyədə olduğu üçün cərimələrin tətbiqinə ehtiyac qalmır. Avropada adicə qida zibilini yanlış olaraq, şüşə üçün ayrılmış qaba atmağa görə yüksək cərimə müəyyənləşdirilib. Hətta bəzi yerlərdə zibil qutularının üzərinə xüsusi kameralar da yerləşdiriblər ki, qaydanı pozduğu halda insanları cərimələmək asan olsun. Deməyim odur ki, qayda-qanunlar nə qədər sərtləşsə, vətəndaşlar da bir o qədər həmin qaydalara əməl etmək məcburiyyətində qalır”.

Azərbaycanda ictimai davranış qaydalarının yerində olmadığını vurğulayan xanım millət vəkili deyib ki, bir çox hallarda kişilər masa arxasında xanımların oturmasına rəğmən siqaret çəkir, tüstünü də insanlara tərəf üfürür. Hətta bir çoxlarında hərəkətinə görə, xanımlardan üzr, icazə istəmək mədəniyyəti də formalaşmayıb: "Biz heç kəsə siqaret çəkməyi qadağan etmirik. İstənilən binada siqaret çəkmək üçün xüsusi yerlər ayrılıb. Get, tütünə olan ehtiyacını orada ödə. Sənin siqaret çəkmək hüququn olduğu kimi bizim də ekoloji cəhətdən təmiz, nekatinlə zəhərlənməmiş hava udmaq haqqımız var. Məsəldə də deyildiyi kimi, "başqasının hüquqları başlanan yerdə, sənin azadlığın qurtarır”.

Uzun müddətdir parlamentdə "İctimai yerlərdə siqaretə qadağa haqqında” qanunun müzakirə olunduğunu xatırladan Məlahət Həsənovanın sözlərinə görə, həmin müzakirələr siqaret çəkənlərə bir mesaj idi. İndiki halda "Tütün və ya tütün məmulatı haqqında” qanun ilə qadağan olunmuş yerlərdə siqaret çəkənlərə qarşı cərimələrin tətbiq edilməsini təqdir edirəm. Xanım millət vəkili hesab edir ki, qanunlar daha da sərtləşdirilməli və cərimələr artırılmalıdır. Ən yaxşı variant budur. Qeyd edək ki, millət vəkili İnzibati Xətalar Məcəlləsinə edilən sözügedən əlavələrdən sonra yenidən "İctimai yerlərdə siqaretə qadağa haqqında” qanunun qəbuluna ehtiyac görmədiyini deyib.

Şəymən