Namizədlər rəqiblərinin şəkillərini yararsız hala saldırır

Ziyan görən namizədlər məhkəməyə müraciət edə bilər
Ölkəmizdə bu ilin payızında baş tutan parlament seçkilərinə sayılı günlər qalıb. Artıq bir müddətdir ki, qeydə alınmış namizədlər öz təbliğat-təşviqat proseslərinə başlayıblar.
Demək olar ki, bütün qeydə alınmış namizədlərin dairələr üzrə şəkilləri asılıb. Bir sözlə, deputat mandatı uğrunda opponentlər arasında rəqabətə start verilib. Burada təəssüf doğuran məqam
odur ki, bəzi namizədlər sağlam rəqabətdən qaçaraq ucuz mübarizə yolunu tuturlar. Belə ki, bəziləri azyaşlı uşaqlara müəyyən məbləğdə pul verərək ciddi rəqib saydığı opponentinin şəkillərini cırdırır. Doğrudur, belə hallar yalnız indi deyil, əvvəlki seçkilərdə də müşahidə olunurdu. Lakin onda bu arzuolunmaz hadisələr gecə saatlarında baş verirdi. İndi isə günorta çağında, nümayişkarənə şəkildə namizədlərin şəkilləri korlanır. Maraqlıdır, görəsən, bəzi namizədlər niyə belə ucuz mübarizə yolunu seçirlər?
Məsələyə münasibət bildirən Mərkəzi Seçki Komissiyasının sabiq katibi Ənvər Əliyev "Şərq”ə açıqlamasında söyləyib ki, bu, qanunsuz davranışdır: "Bəli, hüquq-mühafizə orqanları buna nəzarət etməlidir. Polis orqanları onları qorumalıdır. Məncə, MSK da buna nəzarət etməlidir. Bu onun borcudur. Ona görə ki, namizədlərə özlərini bərabər şəkildə təqdim etməyə imkan yaradılmalıdır”.
Ekspertin sözlərinə görə, şəkli cırılan namizəd məhkəməyə də müraciət edə bilər: "Çox dözülməz vəziyyətdir”.
Ayyət Əhməd