Narazı “Müsavat”çılar geri çəkilmirlər

Rahib Mirələmov: “Əgər bu işə ədalətlə baxılırsa, əminliklə bildirirəm ki, qurultayın nəticələri ləğv ediləcək”




Binəqədi Rayon Məhkəməsində Müsavat Partiyasının son qurultayının nəticələrindən narazı qalan bir qrup şəxsin müraciəti ilə bağlı hazırlıq iclası keçirilib. Baxış iclası isə dekabrın 9-na təyin olunub.

Xatırladaq ki, Qubad İbadoğlunun rəhbərlik etdiyi ADR təşkilatının təmsilçiləri - Əlövsət Sadıqlı, Rövşən Dəmirli, Zakir Hüseynov və Rahib Mirələmov Müsavat Partiyasının 8-ci qurultayının nəticələrinin ləğv olunması xahişi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət ediblər. Narazı şəxslər qurultayda saxtakarlığa yol verildiyini iddia ediblər. Partiyanın məhkəməyə verilməsi ilə bağlı danışan Müsavat başqanının müavini, vəkil Osman Kazımov deyib ki, narazıların iddiasının heç bir hüquqi əsası yoxdur. Sadəcə, Müsavat Partiyasına qarşı təzyiq məqsədilə ortaya atılıb: "Bu, əsassız bir iddiadır. Qurultaydan bir il iki ay vaxt keçib. Ədliyyə Nazirliyi qurultayın sənədlərini təsdiqləyib. Nəticələrdən narazı olanlara da nazirlikdən bu haqda cavab verilib. Bu iddianın irəli sürülməsi, sadəcə, Müsavata təzyiq formalarından biri kimi nəzərdə tutulub. Razi Nurullayevin təşkilatı ilə bağlı məlum qərarın verildiyi bir məqamda Qubad İbadoğlunun təşkilatından da analoji iddianın irəli sürülməsi bu prosesin bir mərkəzdən idarə olunduğunu ehtimal etmək üçün əsas yaradır. Amma işin heç bir hüquqi perspektivi yoxdur”.

Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sabiq üzvü Rahib Mirələmov "Şərq”ə verdiyi açıqlamada qurultaydan narazı qalaraq məhkəməyə müraciət edənlərin öz iddialarında haqlı olduqlarını bildirib: "Biz qurultaydan sonra 8-ci qurultayın normal şəkildə keçirilmədiyini, bir sıra saxtakarlıq hallarının baş verdiyini partiya rəhbərliyinin nəzərinə çatdırdıq. Amma onlar tərəfindən hər hansı bir tədbir görülmədi. Hətta Müsavat Partiyasının qərargahında da narazıların keçirdiyi toplantıya partiya rəhbərliyi dəvət edildi, lakin onlar bu dəvətdən yayındılar və çıxış yolu kimi narazı üzvlərin partiyadan xaric edilməsi prosesinə start verdilər. Bununla da ziddiyətlər daha da dərinləşdi. Artıq dialoq üçün yer qalmayıb. Ona görə də narazıların bir qrupu qurultayın nəticələrinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdilər. Nazirlik isə bu məsələnin predmeti olduğunu bildirdi. Beləliklə biz məhkəməyə müraciət etməyə məcbur qaldıq. Məhkəməyə xeyli sayda qanun pozuntuları ilə bağlı sənədlər təqdim olunub. Əgər bu işə ədalətlə baxılırsa, əminliklə bildirirəm ki, qurultayın nəticələri ləğv ediləcək”.

R.Mirələmov bildirib ki, Müsavat rəhbərliyinin məhkəmə ilə bağlı sərgilədiyi mövqe onları o qədər də maraqlandırmır: "Onların mövqeyini məhkəmədə necə sübut edəcəkləri bizim üçün daha maraqlıdır. Müsavatın "başbilənlərindən” biri sayılan Osman Kazımov deyib ki, bu məsələ ilə Razi Nurullayevin məsələsi bir mərkəzdən idarə olunur. Bu, tamamilə səhv bir fikirdir və insanları çaşdırmağa xidmət edir. Birincisi, Razi Nurullayev AXCP sədrliyinə iddia edir. Biz isə heç bir iddia irəli sürmədən saxta keçirilmiş qurultayın nəticələrinin ləğv olunub yenidən qurultay keçirilməsini tələb edirik. Bir növ haqq-ədalətin zəfər çalmasını istəyirik. Əgər partiyada belə böyük nüfuz yiyəsisinizsə, nədən çəkinirsiniz və bu narahatlıq nə üçündür? Birlik naminə bu qurultayı yenidən keçirin və Müsavatın güclənməsinə töhfənizi verin. Biz məhkəməyə öz istəyimizlə şikayət etmişik, Arif Hacılı kimi başqalarının istəyi, tələbi ilə yox. Prosesdə aydın oldu ki, Arif Hacılı məhkəməyə məktubla yalandan müraciət edərək bildirib ki, guya nümayəndələri xaricdədir. Gəlib hamısına cavab verəcək”.

İsmayıl