Narazılıq var: Mobil operatorlar qiymət siyasətinə yenidən baxmalıdır





Azərbaycanda mobil operatorların tariflərinin bahalığı, istifadəçiləri aldatması haqqında son zamanlar narazılığın artdığı müşahidə olunur. Əsasən sosial şəbəkələrdə mobil tariflərin bahalığından şikayətlənən istifadəçilər operatorların öz aralarında danışanda nisbətən münasib olsa da, digər operatorlarla və rouminqlə danışmağın xeyli baha başa gəldiyini, dırnaqarası kampaniyaların, endirimlərin isə abonentleri aldatmaq məqsədi daşıdığını bildiriblər.

Ölkədə fəaliyyət göstərən hər üç operator yalnız operatordaxili zənglər üçün güzəştlər təklif edir. Başqa operatora zəng isə müştəriyə xeyli baha qiymətədir. Bu səbəbdən də əksər vətəndaşlar hər üç operatorun nömrələrini istifadə etmək məcburiyyətində qalıblar. Bu da əlavə xərc deməkdir. Rouminq xidmətlərinə və beynəlxalq zənglərə müəyyən edilən tariflərə nəzər salanda da qiymətlərin baha olduğunu görmək mümkündür. Araşdırmalar müəyyən edib ki, dünyanın heç bir ölkəsində mobil operatorlarda danışıq qiymətləri Azərbaycanda olduğu kimi baha deyil. Hətta bu sahədə Azərbaycan MDB ölkələrində liderdir.

Media texnologiyaları üzrə ekspert Ələsgər Məmmədli "Şərq”ə açıqlamasında bildirib ki, mobil operatorların təklif etdiyi xidmət qiymətlərə görə çox aşağıdır. İnternet xidməti rayonlarda, o cümlədən Bakının özündə məhdud səviyyədədir. Bundan başqa, abonentlər istəmədiyi halda müxtəlif SMS-lər alırlar ki, nömrələr hansısa konversiya qurumlarına satılır. Bu da birmənalı olaraq hüquq pozuntusudur: "Vətəndaşların narazılığı əsaslıdır. Azərbaycanda fəaliyyət göstərən mobil operatorların tariflərinin ucuzlaşdırılması zəruri hal alıb. Aidiyyəti orqanlar faktiki olaraq bu sahəyə ciddi nəzarət etmirlər. Ona görə də operatorlar monopolist qurumlar yaradıb, bazarı öz aralarında paylaşıblar ki, bununla başqa mobil operatorlara giriş qadağan edilib. Qiymətlərin ucuzlaşdırılması üçün lisenziya verən qurum bazarda rəqabəti təmin etməlidir. Yeni operatorların bazara buraxılmasına şərait yaratmalıdır. Ancaq bu halda proses önlənə bilər”.

Qeyd edək ki, dəfələrlə ölkə ərazisində fəaliyyət göstərən mobil rabitə operatorlarını kəskin tənqid edən Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da operatorların qiymət sisteminin sərfəli və qənaətbəxş olmadığını, beynəlxalq, rouminq danışıqları üçün şişirdilmiş qiymətlər tətbiq edildiyini deyib.

Aysel Aslan