Nardaran sakini Natiq Kərimov həbs olunub

DTX: Natiq Kərimov uzun müddət xarici xüsusi xidmət orqanı tərəfindən verilən tapşırıqları yerinə yetirib


Nardaran sakini Natiq Kərimov barəsində məhkəmə qərarı elan olunub. Səbail Rayon Məhkəməsinin qərarı ilə N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar N. Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.