Qəsəbədə tədbirlərin həyata keçirilməsinə başlanmış, küçə və meydanlar radikal dini simvolikalardan, ekstemist və terrorçuların qurduğu “barrikadalarından” təmizlənir
Dünəndən etibarən Nardaran qəsəbəsində meydana toplaşanların sıraları seyrəlməyə başlayıb. Ümumiyyətlə, ötən günlərlə müqayisədə axşam saatlarında meydana toplaşanların sayı azalıb. Yaşlı insanlar, qadın və uşaqlar meydanı tərk edərək evlərinə çəkiliblər. Müşahidə edilən mənzərə odur ki, yerli qəsəbə sakinləri, yaşlı insanlar, qadın və uşaqlar kütlə psixologiyasından, hazırkı durumdan beziblər və normal həyata qayıtmaq istəyirlər.
Bunu qəsəbə sakinlərinin dilindən də eşitmək olur. Artıq meydanda qurulan çadırlar sökülüb, ərazi daş-kəsəkdən, dəmir parçalarından təmizlənib. Qəsəbənin ətrafında qurulmuş daş sədlər sökülüb, kəndin içi ilə avtomobillərin hərəkəti bərpa edilib. Kənd mərkəzində mağazalar açılıb, internet şəbəkəsi də bərpa edilib. Həyat yavaş-yavaş normala dönüb. Bununla yanaşı, Nardaranda qayda-qanun da bərpa edilməkdədir. Qəsəbənin giriş və çıxışı ötən günlərdə olduğu kimi yenə ciddi nəzarət altındadır. Qeydiyyatı olmayan şəxslərin və avtomobillərin qəsəbəyə girişinə icazə verilmir. Qəsəbəyə daxil olan bütün avtomobillər və şəxslərin sənədləri yoxlanılır. Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq, xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Xüsusi əməliyyat başa çatdıqdan sonra ayrı-ayrı destruktiv elementlər Nardaran qəsəbəsində icazəsiz toplantı keçirməyə, sakinləri konstitusion quruluşa qarşı çıxmağa, hakimiyyət nümayəndələrinə zor tətbiq olunmasına, kütləvi itaətsizliyə çağırışlar edib, yolları bağlayıb, barrikadalar qurublar. Lakin həyata keçirilən tədbirlərlə bu cür qanunazidd hərəkətlərin qarşısı alınıb. Nardaran qəsəbəsində gərginliyin saxlanılmasına edilən cəhdlər onun sakinlərinin bir qismində, həmçinin, ölkənin bütün vətəndaşlarında narazılıq və narahatlıq doğurub. Göstərilənlər nəzərə alınaraq, dekabr ayının 1-də saat 8.00-da qəsəbədə xüsusi əməliyyat keçirilib. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub.
Əməliyyatın məqsədi uzun illərdir Nardaranı yuva salmış terrorçulardan və radikal ekstremistlərdən təmizləmək, dövlət orqanlarının fəaliyyətini bərpa etmək, qəsəbədə mövcud olan mənfi ab-havanı aradan qaldırmaq, əminamanlığı və normal həyat ritmini bərpa etməkdir.
Qəsəbədə tədbirlərin həyata keçirilməsinə başlanmış, küçə və meydanlar radikal dini simvolikalardan, ekstemist və terrorçuların qurduğu "barrikadalarından” təmizlənir.
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov da Nardaran qəsəbəsinə gedib. Hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir. Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri tələb olunur. Eyni zamanda bildirilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücum edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcək. Bundan sonrakı dövrdə Nardaranda hakimiyyət orqanlarının funksiyasının mənimsənilməsi, təxribat törətmək, təhdid və təzyiq vasitəsilə insanları radikallığa və itaətsizliyə məcbur etmək cəhdlərinin qarşısı ən sərt şəkildə alınacaq. Nardaranda qanunların işləməsi təmin ediləcək, qəsəbədə ümumi həyat ritmi bərpa olunacaq. Azərbaycan dövləti bir daha belə halların baş verməməsi üçün zəruri tədbirləri sona kimi davam etdirməkdə tam qətiyyətlidir. Dövlətimiz ekstremistlərə və terrorçulara, müxtəlif təxribatçı qüvvələrə, onların havadarlarına öz gücünü və qətiyyətini nümayiş etdirməkdə qərarlıdır.
İsmayıl