Nardaranda ekstremist qüvvələr polisə atəş açdı
Silahlı insident zamanı 6 nəfər ölüb, 14 nəfər saxlanılıb
Dünən Nardaranda hüquq-mühafizə orqanları ilə ekstremist qüvvələr arasında silahlı insident baş verib. Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Sabunçu rayonu Nardaran qəsəbəsində baş vermiş silahlı insidentlə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilib ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib.
Əldə edilmiş gizli məlumatlar təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib. Araşdırmalar zamanı müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heybət oğlu Bünyatov dövlətin Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi” adlı hərəkat yaradıblar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə ediblər. Bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.
Silahlı müqavimət...
Vurğulanan təhlükəli məqamlar nəzərə alınaraq, terrorçuların tutulması məqsədilə, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq, xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetiriblər. Atışma zamanı 2 polis əməkdaş xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olublar. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və "Molotov kokteyli” götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır. Nardaranda baş vermiş silahlı insident nəticəsində ölən və yaralananlar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına gətiriliblər. Xəstəxananın baş həkimi Fikrət Zeynalovun sözlərinə görə, yaralılar artıq əməliyyat olunub: "Onların vəziyyəti hazırda orta-ağır kimi qiymətləndirilir. Lakin yaralıların kimliyi hələlik müəyyən edilməyib. Yaralılar gənclərdir”. Məlumata əsasən, hadisə nəticəsində daha bir neçə polis əməkdaşı yaralanıb. Sabunçu polisindən bildiriblər ki, yaralanan polis əməkdaşı idarənin cinayət-axtarış şöbəsinin rəisi polkovnik-leytenant Sadiq Həsənovdur.
Polisi şəhid edən ekstremistlər layiqli cavabını alacaq...
Cinayətin bütün iştirakçılarının, o cümlədən silahlı cinayətkar dəstəyə köməklik edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün dövlət tərəfindən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir. Hüquq-mühafizə orqanlarından verilən açıqlamada bəyan edilib ki, bu cür hadisələrin qarşısının vaxtında alınması, formalaşan istənilən mütəşəkkil cinayətkar dəstənin və ya cinayətkar birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək. Azərbaycan güclü dövlətdir və heç bir qüvvənin ölkədəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq cəhdi baş tutmayacaq. Buna cəhd edənlər isə layiqli cəzalarını alacaqlar.
Radikallar Azərbaycanı Suriyaya çevirmək istəyirmiş...
Baş verən hadisə din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələrin göstərişləri ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını xalqa açıq nümayiş etdirdi. Aydın oldu ki, aylardır Taleh Bağırzadə və onun ətrafında birləşmiş ekstremistlər xalqı itaətsizliyə çağırır, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələyir, onlara qarşı ölüm çağırışları edərək gec-tez öz niyyətlərini reallaşdıracaqlarını bildirirmişlər. Bu ekstremist dəstə Nardaran əhalisini qorxu içində saxlayır, sadə insanları yoldan çıxarır, onların mövqeyini bölüşməyən insanları məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışırmış. Onların başlıca məqsədi bəzi Şərq ölkələrində baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirmək imiş.
Jurnalistlərə və sivil insanlara hücum edilib, yol kəsilib, maşın yandırılıb
Nardaranda baş verən hadisələri işıqlandıran jurnalistlər də yerli sakinlər tərəfindən çirkin hücuma məruz qalıb. Daş-dəyənəklə silahlanan nardaranlıların hücumu zamanı "AzVision.az”ın fotoqrafı Elvin Abdulla xəsarət alıb. Etirazçılar tərəfindən vəhşicəsinə döyülən əməkdaşımızın fotoaparatı əlindən alınaraq sındırılıb. Müxbir Hafiz Əhmədov da sakinlər tərəfindən təzyiqlərə məruz qalıb. Onun sözlərinə görə, Nardaran sakinləri jurnalistləri təhqir edib, onların fəaliyyətinə imkan verməyib. Qəsəbəyə çəkilişə gələn "Azad Azərbaycan” Televiziyasının (ATV) avtomobilinin üzərinə bir neçə nəfər hücum edib. Avtomobil daşa basılıb, sürücüsü isə döyülüb. Bir neçə nəfər də "Report”un maşınına hücum edib.
Onlar mütəşəkkil cinayətkar qruplardır
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay bir ay əvvəl gözlənilən təhlükə barədə xəbər verdiyini deyib: "Heç kim ölkədə bunu deməyə cürət etmirdi. Çünki həmin ekstremist qüvvələr çox gücləniblər, demək olar ki, cəmiyyətdə kök salıblar. Belə çıxır ki, dövlət qurumları və ictimaiyyət uzun müddət sünni vəhhabilərlə, sələfilərlə mübarizə aparıb, bundan istifadə edən şiə məzhəbli ekstremistlər isə gücləniblər. Çünki onlara nəzarət olmayıb.
Mən yeri gələndə Nardaran camaatını müdafiə etmişəm. 2002-ci ildə kənddə polislərlə sakinlər arasında qarşıdurma olanda nardaranlıları müdafiə etmişəm. Çünki o zaman kənd sakinlərinin problemi məişət səviyyəsində idi. Kəndə qaz verilməsi, hicab məsələsi və s. Amma daha sonra baş verən proseslər, Taleh Bağırzadənin çıxışları, hərəkətləri göstərdi ki, onlar birbaşa dövlətçiliyə, xalqın milli kimliyinə qarşı çıxırlar. Mən bunlardan dəhşətə gəldim və Baş Prokurorluğa müraciət etdim. Çünki bir vətəndaş kimi, ictimai birliyin sədri kimi təhlükəni sezirdim. Baş verən hadisə və cəmiyyətin reaksiyası sübut etdi ki, mənim narahatlığım əbəs deyilmiş. Özlərini "ilahiyyatçı” sayan, guya xalqın "dərdini çəkən” adamın evində, əlinin altında silah, qumbara nə gəzir? Axtarsınlar, bütün müxalifəti, vallah, heç bir qoşalülə də tapa bilməzlər. Amma Hacı Talehin başçılıq etdiyi quldur dəstəsindən odlu silahlar tapılır. Əgər bir şəxs ölkəsinin polisinə güllə atırsa, deməli, o adam xarici qüvvələrin əliylə uzun müddət hazırlanıb. Onlar mütəşəkkil cinayətkar qruplardır. Burda heç bir siyasi motiv ola bilməz. Söhbət sırf dövlətini təhlükəsizliyindən gedir. Hüquq-mühafizə orqanlarının atdığı addımlar qanuna müvafiqdir. Bu əməliyyat ölkə ictimaiyyəti tərəfindən bəyənilir və dəstəklənir.
"Dövləti qoruyan adamın üstünə silah çəkmək, bomba atmaq nə deməkdir?”
Özlərini demokratik qüvvələr adlandıran qruplar içində də həmin ekstremist qüvvələri dəstəkləyən şəxslər var. Təəssüf edirəm ki, bu məsələ qanla başa çatdı. Polislərlə yanaşı, qarşı tərəfin də itkisi üzücüdür. Amma polis istənilən adamı göz altına ala bilər. Şəxsin suçlu və suçsuz olması üç gün ərzində məlum olur. Dövləti qoruyan adamın üstünə silah çəkmək, bomba atmaq nə deməkdir? Bu, banditizmdir. Hadisə göstərir ki, Taleh Bağırzadə və onun ətrafı cinayətkardır, silahlı bandadır. Görün, hələlik bizə məlum olmayan nə qədər ekstremist qüvvələr və silah-sursat var.
"Taleh üzə çıxandan sonra radikal islamçılar başını qaldırıblar”
Nardaran qəsəbəsini təmsil edən deputat Eldar Quliyev bildirib ki, insidentdə iştirak edən dindarlar başqa dövlətə işləyirlər. O, insidentin baş verməsinə səbəbkar olanlar agentdirlər: "Ay yarım bundan qabaq bir hadisə törətdilər. Talehin müavinini polisə aparmışdılar. Onun tərəfdaşları isə ayrı-ayrı rayonlardan, kəndlərdən adamlarını yığıb polis bölməsinin qarşısına gətirmişdilər, bölməni daşlayıb, şüşələri sındırmışdılar. Cəmi 2-3 adam tutuldu”. Deputat bildirib ki, kənd camaatı onları pislədiyinə və məscidə qoymadığı üçün evdə toplaşıblar: "Həmin ev Taleh Bağırzadənin deyil. Ümumiyyətlə, Taleh nardaranlı deyil, gəlmə adamdır. Kənd camaatı hamısı hadisəni pisləyir. Necə vaxtdır sakitlik idi. Taleh üzə çıxandan sonra radikal islamçılar başını qaldırıblar”. Bu məsələlərə dərindən baxmağın lazım olduğunu deyən Eldar Quliyev bildirib ki, onlar əsasən xaricdən maliyyələşdirilirlər: "Yoxsa, onların avtomatı, qranatı haradan idi? Azərbaycanda bunları maliyyələşdirən ola bilməz. Hadisə ilə bağlı indi araşdırmalar gedir, məlumat olanda deyiləcək”.
"O, başqa ölkədən təlimat alır”
Millət vəkili Fazil Mustafa deyib ki, hadisəni siyasiləşdirməyə ehtiyac yoxdur: "Hər hansı yerdə qanunsuz hərəkət varsa, bu cür addımları atmaq polisin vəzifə borcudur. Taleh Bağırzadənin hərəkətləri Azərbaycan dövlətinə qarşı təhdid xarakteri daşıyır. Onun başqa ölkənin təsiri ilə və aldığı təlimatlarla bunu etdiyi şübhə doğurmur. Ona görə də Azərbaycan dövləti təhlükəsizliyini qorumaq baxımından başqa ölkələrin maraqlarını təmsil edən insanlara qarşı mövqeyini bildirməlidir. Bu məsələdə dövlətin belə reaksiya verməsini normal qəbul edirəm”.
İsmayıl