Nardaranda qanlı insident: 3-ü polis olmaqla 4 nəfər həlak olub

Səhiyyə Nazirliyi: 3 yaralı əməliyyat edilib - YENİLƏNİB
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 3 saylı şəhər xəstəxanasına 3 yaralı gətirilib. Yaralılar əməliyyat edilib, vəziyyətləri stabildir. Yaralıların şəxsiyyəti barədə açıqlama verilmir. Nazirlikdən bildirilib ki, ölən şəxslər barədə onlarda hələ ki məkumat yoxdur. Xəstəxanadan o da bildirilib ki, hazırda oranın morqunda bir nəfərin meyiti var.
**
Lent.az virtualaz.org-a istinadən bildirir ki, Nardarandakı silahlı insident zamanı zamanı 4 nəfər həlak olub. Həlak olanlardan 3-ü hüquq-mühafizə orqanı əməkdaşlarıdır.
**
Nardarandakı əməliyyat zamanı saxlanılan şəxslərdən biri Tale Bağızadədir. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, bu gün T.Bağırzadə və onun tərəfdaşlarına qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı qarşı tərəf hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib. Bəzi islamçılar asayiş keşikçilərinə atəş açıblar. T.Bağırzadə və onun bəzi tərəfdaşları xüsusi əməliyyat nəticəsində saxlanılıb.
**
Nardaranda baş vermiş silahlı insident nəticəsində ölən və yaralananlar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına gətiriliblər.
APA-nın hazırda xəstəxananın qarşısında olan əməkdaşı xəbər verir ki, xəstəxanaya çatdırılan zaman həlak olan şəxs polis əməkdaşıdır. Məlumata görə, hadisə nəticəsində daha bir neçə polis əməkdaşı yaralanıb. Bildirilir ki, əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib.
**
Lent.az-ın 3 saylı şəhər xəstəxanasından əldə etdiyi məlumata görə, atışmada yaralanan şəxslərdən biri polis əməkdaşıdır. Sabunçu polisindən Lent.az-a bildiriblər ki, yaralanan polis əməkdaşı idarənin cinayət-axtarış şöbəsinin rəisi polkovnik-leytenant Sadiq Həsənovdur.
**
14:35
Bakıda xüsusi əməliyyat keçirilib.
APA-nın məlumatına görə, Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.
Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.
Sabunçu rayon Polis İdarəsindən APA-ya əməliyyat keçirildiyini təsdiqləyiblər.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır, bu barədə ictimaiyyətə məlumat veriləcək.