Nardaranı xilas etməyin vaxtıdır

Qəsəbədə qanunlar, hakimiyyət orqanlarının fəaliyyəti qeyd- şərtsiz bərpa olunmalıdır




Nardaran hadisələri xarici qüvvələrin Azərbaycana qarşı tədbiq etmək istədiyi uğursuz oyundur. Uzun illərdən bəri Azərbaycanda dini və məzhəblərarası tolerantlığın mövcudluğu deməyə əsas verir ki, bu faktor bir sıra xarici qüvvələri, xüsusilə din və məzhəb pərdəsi altında fəaliyyət göstərən tərəfləri ciddi şəkildə narahat edir. Hətta bununla bağlı aşkar şəkildə radikal çağırışlar edilir, inanclı kəsim itaətsizliyə dəvət olunur.

Bütün bunların arxasında dayananlar isə bilavasitə öz siyasi baxışlarını Azərbaycanda tətbiq etməyə cəhd göstərən, digər maraqlarını reallaşdırmağa çalışan güclərdir. Təəssüflər olsun ki, inanclı kəsimin məhz cahil, savadsız təbəqəsini öz siyasi alətlərinə çevirənlər "dini alim” obrazına girərək, nökərçilik etdikləri xarici ağalarının buyruqlarına təzim, yaxud biət etməklə öz niyyətlərini həyata keçirirlər. Nardaranda baş verən qanlı hadisə də məhz bu qəbildəndir. Daha dəqiq desək, ölkədə dini ibadətlərin normal şəkildə, heç bir əngəl olmadan reallaşdırıldığı bir halda, nədənsə, digər yerlərdə deyil, məhz Nardaranda "narazılıqların” baş qaldırması və hadisələr fonunda Taleh Bağırzadə adlı "hacının” rəhbərliyi ələ alması özü-özlüyündə bəzi suallar doğurur. Ancaq əsas məsələ odur ki, bu gün Nardaran qanayan bir yaradır və onu mütləq sağaltmaq lazımdır. Bunun isə yolu kəndi mikroblardan - radikal ekstremistlərdən təmizləməkdir. Azərbaycan dövləti Nardaranda kök salmış terrorçular və onların tərəfdarlarına qarşı ciddi tədbirlər görməli, bu kənd həmin dəstənin ağalığından azad edilməlidir.

Nardaranı kimlər idarə edir?

Uzun illərdir bu qəsəbənin sakinləri dövlətin Konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsul-idarə modeli tətbiq ediblər. Qəsəbədə icra hakimiyyəti, bələdiyyənin fəaliyyətinə imkan verilməyib. Hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının yerli bölmələrinin yaradılmasına maneçilik törədilib. Qəsəbədə təhsil və səhiyyə sistemi tamamilə pozulub. Uşaqlar orta məktəbdən yayındırılıb, ifrat radikal dini təlim həyata keçirilib. Dövlət institutlarının fəaliyyəti əvəzinə, qəsəbədə anlaşılmaz "ağsaqqallar şurası hakimiyyəti” yaradılıb və bütün məsələlər bu qurum tərəfindən tənzimlənib. Qəsəbənin küçələrini Azərbaycan reallığına tamamilə yad olan dini bayraqlar, şüarlar bəzəyir. Dini ayinlərin icrası şəriət qaydalarının hökm sürdüyü bəzi Şərq ölkələrinin mənzərəsini xatırladır. Kənddə narkomaniya başda olmaqla bütün mənfi təzahürlər geniş vüsət alıb. Nardaranın bəzi azğınlaşmış sakinləri kəndə gələn insanları təhdid edir, onların həyatına təhlükə yaradırlar. Nardarandan olmayan, lakin orada mülk, bağ əldə etmiş vətəndaşların heç biri qəsəbəyə girə, öz mülklərinə baş çəkə bilmirlər. Nardaran müasir və inkişaf edən Azərbaycanın reallığına tamamilə zidd olan, İŞİD poliqonunu xatırladan bir məkana çevrilib. Bütün bunlara görədir ki, Nardaran həm də terrorun, radikal ekstremizmin yuvasına çevrilib. Kənd Azərbaycanın gözəl bir məkanından orta əsr qanunlarının hökm sürdüyü "qara yaraya” dönüb. Nardaranda özlərini "səlahiyyət sahibi” elan edənlərin dövlət orqanları ilə şərtli, ultimatum xarakterli davranışına son qoyulmalıdır. Qəsəbədə qanunlar, hakimiyyət orqanlarının fəaliyyəti qeyd-şərtsiz bərpa olunmalıdır. Nardaran Azərbaycan reallığına qaytarılmalı, bu reallığı qəbul etməyənlərə qarşı isə sərt tədbirlər görülməlidir.

Ağsaqqallar Şurasının ağsaqqala yaraşmayan hərəkətləri..

Nardaranda illərdir "yerli özünüidarəetmə” strukturu kimi fəaliyyət göstərən Ağsaqqallar Şurası kənddəki bələdiyyəni, icra hakimiyyətinin yerli nümayəndəliyini, dövlət təşkilatlarını əvəzləmək iddiasına düşüb. Maraqlıdır ki, Nardaran barədə söhbət düşəndə biz heç də kəndin bələdiyyə sədrinin, icra nümayəndəsinin deyil, məhz kəndin "ağsaqqalı” qismində çıxış edən Natiq Kərimovun adını eşitmişik. Taleh Bağırovun yaratdığı "Müsəlman Birliyi” də öz işini məhz Nardarandakı Ağsaqqallar Şurası ilə məsləhətli şəkildə həyata keçirib. Hər iki "qurum” Abşeronun konkret yaşayış məntəqəsində bütün rəsmi strukturları, dövlət idarəetmə orqanlarını bir kənara qoyaraq, nardaranlıları şəriət qanunları ilə idarə etmək istəyiblər. Uzaqlardan alınan təlimatlar çərçivəsində iş görən "şura” özünü xalqa "yaxın” struktur kimi göstərməyə çalışıb. Amma son günlər baş verən olaylardan sonra "şura”nın heç bir halda Nardaran sakinlərini təmsil etmədiyi aşkarlanıb. Dövlət qurumlarını əvəzləməyə, Nardaranı orta əsrlərin feodal qaydaları ilə idarə etməyə, lokal səviyyədə muxtariyyət yaratmağa can atdığını pərdələməyə çalışanların cəhdləri gün keçdikcə, daha da konkretləşir. Nardarandakı Ağsaqallar Şurası ən yaxşı halda qeyri-hökumət təşkilatı ola bilər. O da bir şərtlə - rəsmi qeydiyyatdan keçərək hansı fəaliyyətlə məşğul olacağını göstərdiyi halda.

İsmayıl