NATO-dan sərt plan: Rusiya təcrid edilir






NATO Rusiya ilə sərhəddə qoşunlarının sayını artırmağı yenidən gündəmə gətirib.
Axar.az "Vol Strit Jurnal"a istinadən xəbər verir ki, bu barədə qərbli diplomat və hərbi zabitlər münasibət bildiriblər.
Qeyd edilir ki, Moskvanın hərbi təzyiqinin azaldılması istiqamətində NATO Rusiya ilə sərhəddə yerləşən ölkələrdə qoşunlarının sayını artıracaq.
Plana görə, Polşa və Baltikyanı (Litva, Latviya, Estoniya) ölkələrin hər birində silahlı batalyon yaradılacaq. Hər bölmədə 800-dən min nəfərə qədər əsgər cəmləşəcək. Həmçinin NATO Rusiya ilə sərhəd olan bütün bölgələrdə ordu toplamağı nəzərdə tutur.
NATO-nun bu planı ABŞ və Almaniya tərəfindən dəstəklənib. Ancaq bəzi Qərb diplomatları Moskvanı Avropadan tamamilə ayırmağın tərəfdarı deyillər.
Xatırladaq ki, bir müddət öncə də ABŞ Estoniyaya silah yardımı göndərmişdi.