"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - Qars müqaviləsinin şərti

Xəbər verdiyimiz kimi, mayın 20-də düşmən ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası ərazisində təxribat törədib. Atəşkəsin pozulması, Azərbaycan ordusunun atəşə məruz qalması nəticəsində əsgər Adil Əli oğlu Tatarov şəhid olub. Ekspertlər isə bu hücumun təsadüfi olmadığını düşünür və hesab edirlər ki, işğalçı ölkə bununla Azərbaycana "mesaj” verməyə çalışır.
Naxçıvanın müdafiəsi və Türkiyənin bu məsələyə müdaxilə imkanları barədə "Sherg.az”a danışan tarixçi - alim Dilavər Əzimli vurğulayıb ki, muxtar dövlətə təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaqdır:
"Bu məsələ, 1921-ci ildə, Rusiya və Türkiyə arasında bağlanan Qars müqaviləsi ilə tənzimlənir. Anlaşmanın bir bəndi sırf Naxçıvanla bağlıdır və bu, hələ də qüvvədədir. Türkiyənin həmin dövrdə qətiyyətli iradı nəticəsində Naxçıvanın ermənilərə verilməsinin qarşısı alındı. Müqavilə ləğv edilmədiyi müddətcə, ermənilər Naxçıvana hücum edərsə, Türkiyə və Azərbaycan qoşunları ilə qarşılaşacaq”.
Ermənilərin son həmləsinin səbəblərinə də toxunan Dilavər Əzimli diqqətə çatdırıb ki, bu, Prezident İlham Əliyevin Naxçıvana səfəri ilə əlaqədardır:
"Ölkə başçısının və müdafiə naziri Zakir Həsənovun Azərbaycan ordusunun gücü haqqında söylədiyi fikirlər ermənilərdə qıcıq yaradıb. Ona görə, düşmən belə bir təxribata əl atdı. Erməni qoşunlarının həmin anda cavab tədbirləri ilə susdurulması müsbət haldır. Hesab edirəm ki, sərhəd bölgələrimizdə erməniləri məhv etmək lazımdır. Düşmən qarşısında güclü ordunun olduğunu, məğlub olacağını anlamalıdır”.
Bakı Dövlət Universitetinin dosenti, tarixçi alim Boran Əzizli də Qars müqaviləsini xatırlatdı. O bildirdi ki, Rusiya 1920-ci illərdə müqavilənin şərtlərini pozaraq, Naxçıvanda 657 hektar ərazini Ermənistana verib:
"Bu torpaqların verilməsi ilə, Naxçıvan və Azərbaycan arasında quru əlaqəsi tamamilə kəsildi. Qars müqaviləsində qeyd olunur ki, Naxçıvan üçüncü dövlətə qətiyyən güzəştə gedilə bilməz.
Türkiyə-Rusiya münasibətlərinin normal olması ermənilərin əl qolunu bağlayır. Amma istənilən halda düşməndən hər cür məkrli addımı görmək olar. Bu baxımdan Azərbaycan ordusunun ayıq-sayıq davranması vacibdir. Ermənilərin cavabı verildi. Beynəlxalq şərait imkan yaratdığı müddətdə düşmənə daha ciddi zərbə vurulmasını gözləyirik”.
Aysel Aslan