“Türkiyə ordusunun dağ döyüş təcrübəsini öyrənmək Azərbaycan ordusu üçün mühüm əhəmiyyət kəsb edir”
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu və Türkiyə hərbçiləri mayın 29-dan birgə təlimlərə başlayıb. Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, ayın 31-dək Qars şəhərində Türkiyə-Azərbaycan döyüş atışlı birgə təlimləri keçiriləcək.
Xatırladaq ki, mayın 14-də Naxçıvanda yerləşən "Ümid” körpüsündə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi olub.
Bayraqdəyişmə mərasimi başa çatdıqdan sonra Naxçıvanın təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları Qars şəhərinə yola salınıb.
Ekspertlərə görə, qardaş Türkiyə ilə Naxçıvan orduları arasında hərbi təlimlərin indiki məqamda keçirilməsi ötən gün Naxçıvan sərhəddində baş verənerməni təxribatı ilə bağlıdır. Birgə təlimlər Ermənistana mesaj kimi dəyərləndirilir.
Politoloq Azər Rəşidoğlu "Şərq”ə açıqlamasında bildirib ki, Türkiyə Azərbaycanın yeganə strateji müttəfiqidir və bu baxımdan Türkiyə ilə birgə hərbi təlimlər bir neçə səbəbdən Azərbaycan üçün vacibdir. Siyasi şərhçinin qənaətincə, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin güclənməsi zamanın tələbidir:
"Azərbaycan ordusu Türkiyə ordusu ilə birgə təlimlər vasitəsilə NATO standartlarına yiyələnir. Unutmayaq ki, Rusiya hərbi baxımdan Ermənistanı müdafiə edirsə, Türkiyə də Azərbaycanı müdafiə etdiyini məhz təlimlər vasitəsilə sübuta yetirir.
Türkiyə ilə birgə hərbi təlimlər bir neçə səbəbdən Azərbaycan üçün vacibdir. Türkiyə ordusu terrorçu PKK ilə mübarizədə böyük təcrübəyə malikdir və döyüşlərin əsas hissəsi dağlarda baş verir.
Dağlıq Qarabağ və işğal altındakı Azərbaycan rayonları da dağlıq bölgələrdə yerləşir. Bu baxımdan Türkiyə ordusunun dağ döyüş təcrübəsini öyrənmək Azərbaycan ordusu üçün mühüm əhəmiyyət kəsb edir”.
Analitik xatırladıb ki, "aprel müharibəsi”ndən sonra Türkiyənin Konya şəhərində Azərbaycanla birgə hərbi təyyarələrin təlimi keçirilib:
"Buna baxmayaraq, hələ ki, Rusiya-Ermənistan hərbi ittifaqının statusu Türkiyə-Azərbaycan hərbi ittifaqının statusundan yüksəkdir.
Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var və İrəvanla hərbi müttəfiqlik haqqında sazişi mövcuddur. Azərbaycan milli təhlükəsizlik konsepsiyasında başqa dövlətin Azərbaycanda hərbi bazasının varlığı göstərilməyib. Ancaq sənəddəki həmin müddəanı dəyişmək olar. Türkiyənin ən azı Naxçıvanda hərbi bazası olmalıdır. Çünki Dağlıq Qarabağ və ətraf rayonlarla müharibə başlayarsa, Naxçıvana Ermənistan istiqamətindən təhlükə yarana bilər”.
İsmayıl