Nazarbayev, Türkiyə və Rusiyanı barışdırmaq üçün araya girdi






Rusiya ilə  qurduğu yaxın əlaqələrlə tanınan Qazaxıstan prezidenti Nursultan Nazarbayev böhran üçün təmaslara başladı. İki ölkəyə də çağırış edən Nazarbayev, vurulan rus təyyarəsi ilə əlaqədar Ankara və Moskvanın ortaq istintaq komissiyası yaratmasını  istədi.

Qazaxıstan prezidentinin mətbuat mərkəzinin bildirdiyinə görə, Ərdoğanın təşəbbüsü ilə reallaşan telefon danışıqlarında iki ölkə arasındakı əlaqələrlə yanaşı vurulan rus reaktivi ilə əlaqədar detallar da danışıldı.
Qazax lideri Rusiya ilə Türkiyə arasındakı indiki gərginlik nöqtəsinin narahatverici olduğunu ifadə edərək, hadisənin işıqlandırılması üçün bir komissiyanın qurulmasını təklif edib.
Türkiyə və Rusiya arasındakı münasibətlərin dərin təməllərə söykəndiyini söyləyən Nazarbayev, uzun illərdir sürən bu müsbət əlaqələrin mühafizə edilməsinin lazım olduğuna diqqət çəkib.
Nazarbayev, iki ölkə arasında yaşanan böhranın dərhal həllə qovuşdurulması üçün iki tərəfin də diplomatik kanalları açıq saxlamasının əhəmiyyətli olduğunu bildirib.
Dünyanın ən aktiv on lideri arasında adı çəkilən Qazaxıstan liderinin Putinlə yaxın əlaqələri olduğu bilinir. Nazarbayev, Krım mövzusunda Rusiya, Ukrayna və ABŞ arasında vasitəçilik üçün dövrəyə girmişdi.