"Gələn ildən buraxılış imtahanlarının nəticələri qəbul prosesində nəzərə alınacaqsa, deməli, şagirdlər 6 fəndən imtahan verməli olacaqlar”.
Bu barədə "Sherg.az”a 2019-cu ildən tətbiq ediləcək yeni imtahan modeli barədə danışarkən tarixçi-alim Kamran Əsədov bildirib.
O xatırladıb ki, hazırda abituriyentlər ali məktəblərə qəbul olmaq üçün 4 ixtisas qrupu üzrə seçdikləri ixtisas qrupuna daxil olan 5 fəndən imtahan verirlər:
"Üstəlik, buraxılış imtahanlarında 3 fəndən ayrıca imtahanda iştirak edirlər. Bu isə 8 fəndən imtahan deməkdir. Buraxılış və qəbul imtahanlarında təkrar olunan fənlər yalnız bunlardan birində qalacaq. Yəni Azərbaycan dili, riyaziyyat və Xarici dil fənləri ya qəbul, ya da buraxılış imtahanlarında saxlanılacaq. Yaxud buraxılış imtahanlarından hansısa fənlər çıxarılıb, digərləri ilə əvəz oluna da bilər. İstənilən halda buraxılış imtahanında olan fənlər qəbulda, qəbul imtahanında olan fənlər də buraxılış imtahanlarında olmayacaq. Bu dəyişiklik isə 2019-cu ildən tətbiq olunacaq.
Əslində DİM-in açıqlamasından belə aydın olur ki, gələn ildən qəbul imtahanlarında daha 5 fənn yox, 6 fəndən imtahan olacaq. Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək, buraxılış imtahanında fənlərin sayını artırmaq və ya qəbul imtahanlarında fənlərin sayını azaltmaq sualların çətinlik dərəcəsini artırmaq o deməkdir ki, bizim reallıq və məktəblərimiz buna hazır deyil.
Hazırda Azərbaycanda ali məktəblərə qəbul imtahanları fənlərin sayına və çətinlik dərəcəsinə görə, çox ağır imtahanlar sırasındadır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü ildə imzaladığı təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında göstərilib ki, təhsil əlçatan olmalıdır. Hesab edirəm ki, bütün ixtisas qruplarında riyaziyyat fənninin olması anlaşılan və faydalı deyil”.
K.Əsədov xüsusilə vurğulayıb ki, 2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ciddi şəkildə zərbə vuracaq, orta məktəblərin nüfuzunu qaldıracaq:"Hesab edirəm ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi repetitorluğun aradan qaldırılmasına kömək edəcək. Amma bütün hallarda buraxılış imtahanlarının nəticələrinin ali məktəblərə qəbul zamanı nəzərə alınması şagirdlərin buraxılış imtahanlarına məsuliyyətini artıracaq”.
Qeyd edək ki, Təhsil Nazirliyinin hesabat tədbirində çıxış edən nazir Ceyhun Bayramov 2018-2019-cu tədris ilində tam orta təhsil səviyyəsində keçiriləcək qəbul imtahanlarında yeni modelin tətbiq olunacağından danışıb:
"Tam orta təhsil səviyyəsinin qəbul imtahanlarında tətbiq ediləcək yeni modelin əsas üstünlüyü odur ki, artıq növbəti tədris ilində buraxılış İmtahanının nəticələri nəzərə alınacaq. Həmçinin abituriyentlərin xüsusi qabiliyyətləri yoxlanılacaq. Növbəti tədris ilində qəbul imtahanlarında fənlərin sayı 5-dən 3-ə endiriləcək".
Aysel Aslan