Nazirin əmri doğru addımdır: Onsuz da hamı bilir ki, mayın 15-dən sonra dərslərə davamiyyət azalır






Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxtda yerləşən bütün təhsil müəssisələrində təhsil prosesi və imtahan sessiyası 2015-ci il mayın 31-dək başa çatdırılacaq. Bu barədə Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən təhsil naziri Mikayıl Cabbarov qərar verib.

Bu məqsədlə 2014-2015-ci tədris ili üçün Bakıda yerləşən ali və orta ixtisas təhsili müəssisələrində nəzəri təlim müddətinin (15 həftə) vaxtını dəyişmədən, imtahan sessiyalarına ayrılmış 5 həftənin 3 həftəyə qədər, qış tətili müddətinin 2 həftədən 1 həftəyə qədər, peşə-ixtisas təhsili müəssisələrində isə ikinci yarım il üçün nəzərdə tutulmuş təhsil müddəti 23 həftədən 21 həftəyədək azaldılıb.

Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, tədrisin müddəti təhsilin keyfiyyətində əsas rol oynamır: "Hazırda tədris müddəti 32 həftədir. Dünya təhsilində isə 38-40 həftə olur. Düzdür, bizdə təhsil müddəti çox qısadır, dünya standartlarından xeyli geridir. Bu da tədris materiallarının ağırlaşmasına gətirib çıxarır. Tədris ili iyun ayına qədər uzadılsa, qarmaqarışıqlıq yaranacaq. Mayın sonuna doğru məktəblərin qarşısında müşahidə aparsaq, görərik ki, dərsə gələn şagirdlərin sayı azalıb. O ki qaldı iyun ayında uşaqlar dərsə gələ. Tədrisin uzunmüddətli olması onun keyfiyyətli olması demək deyil. Bəzi kurslar var ki, bizim tədrisin 1 ilə öyrətdiyini 2 ay müddətinə öyrədir. Düzdür, proqram ağır olur. Ancaq keyfiyyətli təhsil əldə edilir”.

N.İsrafilovun sözlərinə görə, əvvəllər bizdə də dərs ili 38 həftə idi. Ancaq havaların istiləşməsi, bayramların araya girməsi ilə dərs ili sentyabrın 15-dən başlamağa başladı: "Bununla da müddət 2 həftə qısaldı. İndi qısaldılmış 2 həftə dərs ilinin başlanmasını irəliyə çəkməklə həll edilə bilər. Bununla bağlı xeyli fikirlər də səsləndirilib. Ancaq nazirlik yenə də dərs ilinin sonunun uzadılması ilə bağlı qərar qəbul etdi. Məktəblə əlaqəli olan hər kəs bilir ki, mayın 15-dən sonra dərsə davamiyyət azalır. Dərs ilinin yay ayları hesabına uzadılması effekt verməyəcək. Digər tərəfdən də buraxılış imtahanları, qəbul imtahanları başlayacaq. Yəni ciddi problemlər yaranacaq”.

Vüqar Şahinoğlu